Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-346/2024 12.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı əmək hüquqlarının pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli əmrin ləğv edilməsi, onun işdən azad edildiyi gündən işə bərpa edildiyi günə qədər məcburi boşdayanma dövrü üçün cavabdeh Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi tərəfindən ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi “əsasında” həmin məktəbin direktorunun, 04 sentyabr 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, işəgötürən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin direktorunun 04 sentyabr 2023-cü il tarixli əmri qanunsuz və əsassızdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin əsaslandığı hallar Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin direktorunun, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi “əsasında” 04 sentyabr 2023-cü il tarixli əmri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023 -cü il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində təhsil verənlərin sertifikatlaşdırma Qaydasının 5-4-cü bəndi”-nə əsaslandırılmışdır. Həmin əmrin verilməsinə əsas kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş sertifikatlaşmada onun iştirak etməməsi olub. Sertifikatlaşmanın aparıldığı xx.xx.2023- cü il tarixdə xəstə olmuş və bu barədə məktəb direktoruna “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli qanunsuz və əsassız əmr qəbul edilmişdir. Faktla bağlı Azərbaycan Respublikası Mediasiya Şurasının 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Həmin müraciətlə bağlı 50 manat İMS haqqı və 10 manat karguzarlıq xərci ödəmişdir. Göründüyü kimi cavabdehlərin günahı səbəbindən ona 70 manat məbləğində əlavə zərər dəymişdir. Hesab edir ki, Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli əmri ləğv edilməli, işdən azad edildiyi 04 sentyabr 2023-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi boşdayanma dövrü üçün əmək haqqı və 1 saylı Mediasiya təşkilatına ödənilmiş 70 manat məbləğində zərərin əvəzinə 70 manat məbləğində pul cavabdeh Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi iddiaçı əmək müqaviləsinə əsasən xx.xx.2015-ci ildən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbində ibtidai sinif müəllimi işləyib. Cavabdeh xx.xx.2023cü il tarixdə Əmək Məcəlləsinin “C” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verib. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Ona görə ki, iddiaçı sağ süd vəzisi xərçəngindən əziyyət çəkir, bir süd vəzisi götürülüb, hazırda da şüa qəbul edir, bülletenlərdə olub. İddiaçı sertifikasiya imtahanından bir neçə gün əvvəl direktora da bu haqda müraciət edib. 2022-ci ildən iddiaçı müalicələr alır. İddiaçı xəstəliyi ilə bağlı sertifikatlaşdırmada iştirak etməyib. Lakin buna baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bundan başqa cavabdeh Nazir tərəfindən qəbul edilmiş qaydalara istinad edir, amma ali qanunvericilik orqanı tərəfindən qəbul edilmiş Əmək Məcəlləsi var, həmin Məcəllənin 73-cü maddəsində göstərilir ki, şəxs əgər ezamiyyətdə və ya məzuniyyətdədirsə, onun birmənalı şəkildə işdən azad edilməsi qanunsuzdur. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba- Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təbii ki, iddiaçı bülletendə olduğu müddətdə işdən azad oluna bilməzdi və həmin dövrdə azad olunmamışdır. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 saylı qərarı ilə təsdiq edilmiş sertifikatlaşdırma Qaydalarının yekun müddəalarında qeyd olunur ki, birinci sertifikatlaşdırmada iştirak etməmiş və ya uğur qazanmamış şəxs ikinci sertifikatlaşdırmada iştirak etməsə və ya uğur qazanmasa, onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Qaydalarda birinci sertifikatlaşdırma hər hansı üzrlü səbəbdən iştirak etməmək nəzərdə tutulmuş, ikinci sertifikatlaşdırmada iştirak etməsi ilə bağlı istisnalar nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə bülletendən qayıdıb və işə çıxdığı gün Ümumrespublika səviyyəsində Nazirin əmrinə əsasən işdən azad olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 saylı qərarı ilə təsdiq edilmiş sertifikatlaşdırma Qaydalarının 5.4-cü bəndinin müddəalarına əsasınmışlar. Birinci sertifikatlaşdırma 2022-ci ilin avqust ayında olmuş və iddiaçı orada iştirak etsə də, uğur qazanmamışdır. İkinci sertifikatlaşdırmada isə iddiaçı iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı birinci sertifikatlaşdırmada iştirak etmiş və uğur qazanmamışdır. İkinci sertifikatlaşdırmada isə iddiaçı iştirak etmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 saylı qərarı ilə təsdiq edilmiş sertifikatlaşdırma Qaydalarında birinci sertifikatlaşdırma hər hansı üzrlü səbəbdən iştirak etməmək nəzərdə tutulmuş, ikinci sertifikatlaşdırmada iştirak etməmə ilə bağlı istisnalar nəzərdə tutulmamışdır. İddiaçı bu əsasla xx.xx.2023-cü il tarixdə bülletendən qayıdandan sonra Ümumrespublika səviyyəsində nazirin əmrinə əsasən işdən azad olunmuşdur. O, iddiaçını ikinci sertifikatlaşdırmada iştirak etməli olmamasına əmin etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisəsində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş iştirak etməyən Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinin 2.1-ci bəndindən görünür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin edilməsi əmr edilmişdir. - “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. -0253693 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək qəbiliyyətini müvəqqəti olaraq itirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2015-ci ildən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbində ibtidai sinif müəllimi təyin edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 04 sentyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə qeyd edir ki, İddiaçı Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbin ibtidai sinif müəllimi işinə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq olaraq iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtda deyil, işə başladığı tarixdən sonra xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri yalnız İddiaçı deyil, təkrar sertifikatlaşmadan keçməyən bütün təhsilverənlərə şamil edilməklə onların əmək müaviləsinə xx.xx.2023-cü il tarixədək xitam verilməsini nəzərdə tutur. İddiaçı isə həmin tarixdə əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində, yəni işdə olduğu vaxt xitam verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı əmək hüquqlarının pozulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-346/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-346/2024
12.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver