Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-351/2021 29.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 Bayazbəy oğlunun və Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 Bayazbəy oğluna və Cavabdeh3 qarşı evə köçürülmə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bayazbəy oğlunun və Cavabdeh3 faktiki sahibliyində və qanuni istifadəsində olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması, onun və övladları Zəhra və Səma ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2la xx.xx.2013-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və cavabdehlərin faktiki sahibliyində olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından iki uşaqları olmuşdur. Cavabdehlər ona evdə yaşamağa imkan vermişlər. Onun körpə uşaqlarla yaşamağa yeri yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı qismən qəbul edərək iddiaçının uşaqları ilə birlikdə istifadələrində olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən yaşayış evinə köçüb yaşamasına etiraz etməmişlər. Əlavə olaraq bildirmişdir ki, iddiaçı toy olduqdan sonra həmin evə gəlin köçüb yaşamışdır. Hazırda isə mübahisə predmeti olan evin sənədi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 6637 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 Bayazbəy oğlu arasında nikah pozulmuş və iki uşağın saxlanması üçün aliment qət edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu Gödəkli kəndi ərazisində Cavabdeh1, Cavabdeh2 Bayazbəy oğlunun və Cavabdeh3 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2la 2013-cü ildə rəsmi qaydada ailə quraraq bir yerdə cavabdehlərə məxsus evdə yaşamağa başlamışlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsinə (xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş) müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bu baxımdan iddiaçı Mənzil Məcəlləsinin 30-cu maddəsinin mənasına görə istifadə hüququnun tanınmasını tələb etdiyi mənzilin mülkiyyətçisinin ailə üzvü olmadığına görə mövcud vəziyyətdə iddia tələbi onun həmin mənzilə yaşayış hüququnun tanınması hissəsində təmin oluna bilməz. Bununla yanaşı, iddiaçı öz tələbində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı müəyyən müddət həmin evdə yaşamışdır. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçının köçmək istədiyi mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı Cavabdeh2la rəsmi nikaha daxil olduqdan sonra müəyyən müddət mübahisəli evdə yaşamışdır. İddiaçı son dövrlər cavabdehlərin onun evdə yaşamasına icazə vermədiklərini bildirir, oraya köçürülməsini və yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdehlər isə iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə cavabdehlərin istifadəsində olan Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş 5 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. 5 manat isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-351/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-351/2021
29.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver