Məhkəmə qərarları › İş №2(067)-3554/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3554/2025

05.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3554/2025 05.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus olan cehiz əmlakların: 01 ədəd taxt, 02 ədəd güzgü, 01 ədəd şifoner, 2 ədəd yorğan, 2 ədəd yastıq, 1 ədəd döşək, 1 ədəd xalça, 2 ədəd ədyalın ona məxsus olan Xaçmaz rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun oğlu Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Hal-hazırda cavabdeh onun evində yaşamır, lakin cavabdehə məxsus olan cehiz əmlaklar ona məxsus olan evdədir. 2 aydan çoxdur ki, cavabdeh gəlib əmlaklarını götürməyib. Cavabdeh əmlaklarını götürməkdən imtina edir. Onun isə evində yer yoxdur. Cavabdehə məxsus olan əmlaklar ona evdə maneçilik törədir. O, isə cavabdehə məxsus əmlakları ona məxsus olan evdə olduğu üçün ona aid olan əşyalarını öz evinə yığıb rahat yaşaya bilmir, bir ev sahibi kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iddiacı İddiaçı iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin cehiz əmlakları hazırda onun yaşadığı Xaçmaz rayonu, Qarabağlı kəndində yerləşən evdədir, cavabdeh gəlib əşyalarını aparmır. Dəfələrlə xəbərdarlıq etmişdir. Ona görə də, cavabdehə məxsus olan cehiz əmlakların, ona məxsus olan yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, onun cehiz əmlaklarını iddiaçıya məxsus evdədir. İddiaçı ilə birlikdə yaşayan həyat yoldaşı Şahid cehiz əmlaklarının evində qalmasına razılıq vermişdir. Ona görə də, əşyalar iddiaçının evində qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid göstərmişdir ki, cavabdehin cehiz əmlakları evdədir çıxarılmayıb. Cavabdehin iki körpə uşağı var, 6-7 aydır ki, evdən çıxıb, hal-hazırda anasının evində yaşayır. Oğlu ikinci dəfə ailə qurub, ailə qurduğu qadının 45 yaşı var. Əmlakların iddiaçı ilə ona məxsus evdə qalmasına cavabdehə razılığını bildirmişdir. Öz yaşadığı evdə iki otaq var, onun otağında cavabdehin yaşamasına razıdır. Məhkəmə tərəflərin izahatlarını, şahidi dinləyib məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin xx.xx.2019-cu ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. - atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2019-cu ildə anadan olan Məhəmmədin atası İddiaçı, anası Cavabdehdır. - İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN042A (kod********) saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarına əsasən Xaçmaz rayonu Qarabağlı kəndində yerləşən 0,26 ha fərdi yaşayış evinin tikilməsi və həyətyanı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri Şahid və qeyrilərinin mülkiyyətinə verilmiş və həmin sahədə 82.3 kv.m sahəsi olan fərdi yaşayış evi mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qanuni sahibliyi və istifadəsində olan fərdi yaşayış evində cavabdehə məxsus əmlakların saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olmur. Belə ki, Qarabağlı kəndində yerləşən ev İddiaçı və onun arvadı Şahid birgə mülkiyyətləri hesab olunur. Şahid isə cavabdehə məxsus əşyaların həmin evdə saxlanılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğlu ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və iddiaçının arvadı Şahid ilə birgə mülkiyyətində olan Xaçmaz rayonu Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh evi tərk edib getsə də, cehiz əmlakları Şahid razılığına əsasən evdə qalmışdır. Həmin yaşayış sahəsinin iddiaçının və onun arvadı Şahid birgə istifadəsində və sahibliyində olması işin mübahisələndirilən hallarına aid deyildir. Hazırda Şahid cavabdehə məxsus əmlakların evdə saxlanılmasına razılığı olduğuna görə fərdi yaşayış evindən cavabdehə məxsus əmlakların çıxarılmasına dair iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar