Məhkəmə qərarları › İş №2(067)-40/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-40/2022

03.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-40/2022 03.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdən çıxarılma və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 03 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətdən çıxarılmasına və dəymiş ziyana görə 24000 manat kompensasiyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Xaçmaz rayon AİK-nın 27.11.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN-815 seriyalı 30219088 kodlu Dövlət Aktı ilə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində cəmi 0,98 ha pay torpaq sahəsi verilib və torpaq sahəsi onlara yerində təhkim edilmişdir. Həmin torpaq sahəsindən 2 il istifadə edəndən sonra 2004-cü ildə cavabdeh torpaqlarından istifadə etməyə başlamışdır. O, torpaq sahəsindən 16 ildir ki, istifadə edir və orada müxtəlif meyvə ağacları əkərək, 2004-cü ildən qazanc əldə edir. 16 il ərzində cavabdeh ona hər ilə görə 1500 manat, ümumilikdə 24000 manat məbləğində ziyan vurub. Ona görə də hazırkı, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. O, JN-165 seriyalı 30219088 kodlu Dövlət Aktı ilə X2, X3, X8 və X5 paylı mülkyyətinə verilmiş Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 0,82 ha torpaq sahəsini 2009-cu ildə satın almış və həmin vaxtdan da oradan istifadə edir. Qeyd olunan torpaq sahəsinə dair ona etibarnamə vermişlər, lakin o, hələ torpağı mülkiyyətinə keçirməmişdir. O, iddiaçının torpaq sahəsindən istifadə etmir, ona öz torpağından istifadə etməsinə heç bir maneə törətmir və heç bir ziyan vurmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 815 nömrəli, 30219088 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,98 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-165 seriyalı 30219088 kodlu Dövlət Aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə X2, X3, X8 və X5 mülkyyətinə 0,82 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 18.06.2009-cu il tarixli etibarnamədən müəyyən olunur ki, X6, X12 və X1 Eynal Bəyəli oğluna JN-165 seriyalı 30219088 kodlu Dövlət Aktına əsasən onlara məxsus olan torpaq sahəsinə dair sərancam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq, pulunu almaq, bu barədə müqavilə imzlamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyə dair etibarnamə vermişlər. Daşınmaz əmlakn kadastrı və ünvan reyestri xidmətinin 01 iyul 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 11 mart 2021-si il tarixli, 2(067)-448 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edildmişdir. Mütəxəssis rəyinin verilməsi məqsədilə tərəflərin iştirakı ilə 17 iyun 2021-si il tarixdə saat 12-00-da mübahisə predmeti olan torpaq sahəsində olmuşlar və GPS aləti vasitəsilə torpaq sahəsinin faktiki istifadə vəziyyətinin və iddia olunan torpaq sahəsinin koordinatları naturadan alındı. Mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları komeral şəraitdə ƏMDX elektron baza xəritə və ortofot üzərində dəqiqləşdirildikdən sonra məlum oldu ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Xaçmaz rayon məhkəməsinin 11 mart 2021-si il tarixli, 2(067)-448/2021 saylı qərardadındakı süalların cavablandırılmamsı Azərbycan Respublikasının Prezidentinin 07.03.2016-cı il 818 nömrli Fərmanı ilə təsdiqlənmiş «torpaqların elektron kadastrı üçotu informasiya sistemi»nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olacaqdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin nəticə hissəsində cavabdehin konkret olaraq hansı əmlakdan çıxarılmasına dair tələbi də qeyd etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,98 ha pay torpaq sahəsindən cavabdeh tərəfindən istifadə edilməsini təsdiq edən heç bir sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. Beləliklə, tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətdən çıxarılma və sair tələbinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar