Məhkəmə qərarları › İş №2(067)-41/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-41/2024

08.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-41/2024 08.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilərək, tamlığının bərpa olunması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Müzəffəroba kənd ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0524 saylı 30219078 kodlu dövlət aktı əsasında ona məxsus 0,03 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinin tamlığının bərpa edilməsi və cavabdehdən 17000 manat zərərin əvəzinin və ödənilmiş 141 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xususi mülkiyyətində Xaçmaz rayonu, Müzəffər oba kəndi ərazisində 0,03 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə hüququ “Torpağa mülkiyyət hüququna dair” JN 0524 saylı, 30219078 kodlu Dövlət Aktı ilə rəsmləşdirilmişdir. Həmin torpaq sahəsi Xaçmaz rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-624 nömrəli qətnaməsi ilə ayrılmışdır. Cavabdeh mərhum atasının adına olan və cavabdeh tərəfindən istifadə olan torpaq sahəsi onun torpaq sahəsinin qonşuluğunda yerləşir. Dövlət Aktından da görüldüyü kimi torpaq sahəsinin uzunu bir tərəfdən 98, 84 metr, digər tərəfdən 98, 97 metr, eni bir tərəfdən 3,05 metr, digər tərəfdən isə 3, 10 metrdir. Cavabdehin torpaq sahəsi də təxminən eyni uzunluqdadır. Cavabdeh ona məxsus torpaq sahəsini də öz torpaq sahəsinə birləşdirərək istifadə edir. Torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqadar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh oglu bütövlükdə qeyd olunan 0,03 ha torpaq sahəsinin uzun müddətdir ki, istifadə edir, onu mülkiyyətçi olaraq əraziyə buraxmır. Bu səbəbdən də cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır ki, DƏDRXnın əməkdaşları ərazidə ölçmə işləri apara bilsinlər. Habelə ərazinin tamlığı cizgilər daxilində bərpa edilməlidir. Cavabdeh 17 ildir ki, qeyd olunan torpaq sahəsini istifadə edir. Orada meyvə ağacları əkməklə torpaq sahəsindən külli miqdarda gəlir əldə edir. Torpaq sahəsindən hər il ən azından 1000 manat gəlir götürə bilərdi. Həmin götürə biləcəyi gəliri əldən çıxmışdır. 17 il ərzində 1000 manatdan 17 min manat pul cavabdehin günahı üzündən əlindən çıxmışdır. Cavabdeh həmin vəsaiti də ona qaytarmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, iddiaçının mülkiyyətində 0,03 ha torpaq sahəsi var. Həmin torpaq sahəsindən cavabdeh istifadə edir. Ekspertizanın rəyi var ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0,025 ha hissəsindən istifadə edir. Yəni iddia tələbi ekspert rəyi ilə öz təsdiqini tapır. Cavabdeh iddiaçının torpaq sahəsini qaytarmaq istəmir. Xahiş edir torpaq sahəsinin tamlığı bərpa edilsin. Cavabdeh uzun müddətdir iddiaçının torpaq sahəsindən istifadə edir. 2022-ci ildə iddiaçı hazırkı iddianı qaldırıb, lakin buna baxmayaraq, cavabdeh həmin müddətdən bəri də iddiaçının torpaq sahəsini qaytarmaq istəmir. Bununla iddiaçıya maddi ziyan vurub. Ona görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, onun öz torpağı çatmır. İddiaçının torpaq sahəsi onda ola bilməz. Bu vaxta qədər iddiaçının torpaq vergisini qardaşı ödəyib. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, torpağa mülkiyyət hüququna dair JN-0524 saylı 30219078 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 08 dekabr 2004-cü il tarixli 2-624 nömrəli qətnaməsi ilə İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-0524 saylı 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffəroba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,03 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0524 saylı 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffəroba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,03 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilir və Cavabdeh tərəfindən 0,0254 ha hissəsi istifadə olunur. Hansı formada olması sxemdə əks olunur. Torpağa mülkiyyət hüququna dair JN-0524 saylı 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffəroba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,03 ha torpaq sahəsindən Cavabdeh tərəfindən 0,0254 ha hissəsi istifadə olunur. Çatışmayan 0.0046 ha hissəsi isə torpağa mülkiyyət hüququna dair JN-0176 saylı 30219078 kodlu dövlət aktında olan mülkiyyətçilər tərəfindən istifadə olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə iddiaçı tərəfindən iddianın pul tələbinə dair hissəsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-0524 saylı 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffəroba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,03 ha torpaq sahəsinin 0,0254 ha hissəsi (mütəxəssi rəyində olan sxemə uyğun) Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş 141 manat dövlət rüsumunun 100 manatı Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar