Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-446/2023 29.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və sair tələbinə dair mülki işə 29 mart 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı məhkəmədə iddia qaldıraraq birgə nikah dövründə əldə edilmiş Xaçmaz rayon Armudpadar kəndində yerləşən mülkə ½ hissədə mülkiyyət hüququnun tanınması və ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 351 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Nəsimi rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikahları pozulmuşdur. Birgə nikah dövründə Xaçmaz rayon Armudpadar kəndində aldıqları torpaq sahəsini və evi cavabdeh tamamilə mənimsəmişdir. Hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlaklar bölünməlidir. İş üzrə iddiaçı məhkəmənin ünvanına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə 2004-cü ilə ailə qurub, 2018-ci ildə isə nikahları pozulmuşdur. 2001-ci ildə sözü gedən mübahisəli əmlakı notarial qaydada satın almışdır. Evin yarısını iddiaçıya vehmək istəmir, evi gələcəkdə uşağına bağışlayacaqdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. İşin mübahisələndirilən halları isə aşağıdakılardan ibarətdir. İddiaçının bildirdiyinə görə birgə nikah dövründə Cavabdeh ilə birlikdə Xaçmaz rayonu Armudpadar kəndində yerləşən torpaq sahəsində tikdirdikləri ev birgə nikah dövründə tikilmişdir. Qeyd olunanlara əsasən də, həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab olunduğundan aralarında bölünməlidir. Cavabdeh bildirdiyinə görə isə iddia ərizəsində qeyd olunan torpaq sahəsində tikilən evi nikahdan əvvəl notarial qaydada aldığından onların ümumi birgə mülkiyyəti hesab olunmamalıdır. Bundan əlavə iş materiallarında olan 03 sentyabr 2001-ci il tarixli, 40-128 reyestr nömrəli müqavilədən müəyyən olunur ki, X3 özünə məxsus olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, f/s 52,5 kv.metr, y/s 38,5 kv.metr, divarı saman kərpicdən, damı şiferdən ibarət yaşayış evini Cavabdeh notarial qaydada satmışdır. İş materiallarından görünür ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən evə X1 adına sonradan isə notariat kontorunun 4-Ə 128 nömrəli, xx.xx.2001-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh adına texniki pasport tərtib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Qeyd olunan hüquq normalarından da göründüyü kimi, nikah müddətində ər-arvadın əldə etdikləri gəlirlər, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti sayılır, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir, lakin məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla təsdiq olunmadığından və mübahisə predmeti olan əmlak tərəflərin birgə nikah dövründə əldə olunmadığından iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və sair tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-446/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-446/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver