Məhkəmə qərarları › İş №2(067)-460/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-460/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-460/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi fakt təsdiqi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon X2 xx.xx.1994-cü il tarixdə X3 ilə onun arasında bağlanmış Xaçmaz rayon TİB-nin 10.08.99-cu il tarixli 783 saylı arayışında və xx.xx.1999-cu il tarixli 52 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 300 kv torpaq sahəsinin Xaçmaz–Quba yolunda ona ayrılan torpaq həcminin 300 kv metr olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.11994-cü il tarixdə X3 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında Quba-Xaçmaz yolunda 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 67 kv. metr olan tikilini satın almışdır və orada çayçı işlətmişdir. Sonradan tikililəri artırmışdır. Bütün tikililərə mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı X5 müraciət edərkən ona 67 kv.metr sahəyə mülkiyyət sənədi verilmişdir, halbuki 300 kv.metr sahəyə çıxarış verilməlidir. Ona görə ki, o, alqı-satqı ilə 300 kv.metr sahə almışdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, alqı-satqı müqaviləsini bağlayandan sonra mülkiyyət sənədi almamışdır. Tikililəri 10 il bundan əvvəl tikmişdir. Tikililər tikiləndə torpaq sahəsinin mülkiyyəti sənədi olmayıb. Sonuncu mülkiyyət sənədi xx.xx.2018-ci ildə alınıb. Ona torpağı satan şəxsə torpaq qeydiyyat vəsiqəsinə əsasən məxsus olub. O, torpaq sahəsini içərisində vaqon kimi almışdır, oranın mülkiyyət sənədi olmayıb. Onun iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X5 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı X4 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, Ərizəçi fakt təsdiqi tələbinə icraata xitam verilməlidir. Belə ki, ərizənin mahiyyətindən müəyyən olunur ki, ərizəçinin tələbi xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikililərə çıxarış verilməsi ilə bağlıdır və faktiki olaraq çıxarışın verilməsi ilə bağlı inzibati orqan və vətəndaş arasında mübahisə yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə bağlı başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orpaqnın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdə çəkinməyə dair iddia) ; inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstusiya məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğununun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanlarının qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsində təsbit olunmuş «inzibati orqan» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da, onların yerli (struktur) və digər qurumları da, bələdiyyələr də, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs də başa düşülür. Göründüyü kimi, «inzibati orqan» anlayışı geniş dairəni əhatə edir. «İnzibati orqan» anlayışı altına aşağıdakı xüsusiyyətlərə malik olan orqanlar aid edilə bilər: 1) inzibati orqanlar təşkilatı cəhətdən nisbi müstəqil olmalıdırlar; 2) onların digər şəxslərə, kənara təsir edən fəaliyyəti olmalıdır, onların fəaliyyəti daxilə deyil, xaricə yönəlmiş olmalıdır; 3) nəhayət, bu orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malik olmalıdırlar. Məhkəmə onu da nəzərə alır ki, İnzibati Prosessual Məcəlləsi «inzibati akt» anlayışı adı altında inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, akt və ya digər növ tədbiri nəzərdə tutur. Beləliklə, «inzibati akt»ın əlamətləri aşağıdakılardır: 1) o, inzibati orqan tərəfindən qəbul edilir; 2) o, hər hansı konkret məsələnin nizamlanmasına xidmət edir; 3) o, barəsində tətbiq edilən şəxsə münasibətdə hüquqi nəticələr yaradır. Beləliklə, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən, bu orqanın funksiyalarının həyata keçirilməsi zamanı reallaşdırılan tədbirlər həyata keçirilir. Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair qərarında göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. «İnzibati orqanların Təsnifatının» 31.1.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Ərazi İdarələri inzibati orqan hesab olunur. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir və tələbə inzibati qaydada baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə müvafiq olaraq, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4№-li qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə nəzərə alır ki, işin məhkəmədə baxılmalı olmaması iş üzrə icraata xitam verilməsinin əsaslarından biridir. MPM-nin 153.2.1-ci maddəsində qeyd olunur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarılır. İş məhkəmədə baxılmalı deyildirsə, lakin hakim ərizəni qəbul etməkdən imtina etmək əvəzinə səhvən onu icraata qəbul edibsə, bu halda hakim MPM-nin 261.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verməlidir. Yəni bu hal, adətən aidiyyət qaydalarının pozulması ilə bağlı olur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Ərizəçi fakt təsdiqi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə izah olunmalıdır ki, onun qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (hərəkətsizliyindən), qərarından narazı qaldığı halda aidiyyəti üzrə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi fakt təsdiqi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (hərəkətsizliyindən), qərarından narazı qaldığı halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar