Məhkəmə qərarları › İş №2(067)-460/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-460/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-460/2023 03.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 Şəhabəddin oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şəhabəddin oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun azyaşlı övladı Məhəmmədlə birgə cavabdehlərdən atası Cavabdeh1 Şəhabəddin oğlunun mülkiyyətində, digər cavabdehlərin isə faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 7 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxın qohumlarıdır. Xaçmaz şəhəri Atatürk küçəsi 108 atası Cavabdeh1 məxsusdur. Həmin ev digər cavabdehlərin isə istifadəsindədir. O, həmin ünvanda yaşamışdır. Ailə qurduqdan sonra da o, həmin evə teztez getmişdir. Aralarında mübahisələr olduğundan cavabdehlər onu evdən qovublar. Hal hazırda isə faktiki olaraq ailəsi dağıldığından yaşamağa evi və yeri yoxdur. Uşağı ilə də müxtəlif ünvanlarda, qohumların evində qalır və yaşayır, hansı ki, o, həmin ünvanda yaşamış, uşaqlığı keçmiş və oradan istifadə hüququ əldə etmişdir. Onun əmlaklarının əksəriyyəti həmin evdədir. O, övladı ilə birlikdə həmin evə qayıdıb yaşamaq istəyir, lakin cavabdehlər isə buna imkan vermir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddianı müdafiə edir. İddiada da qeyd etdiyi kimi cavabdehlər Cavabdeh1 Şəhabəddin oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiçının yaxın qohumlarıdır. Cavabdeh1 Şəhabəddin oğlu atası, Cavabdeh2 anası, Cavabdeh4 qardaşı və Cavabdeh3 qardaşı yoldaşıdır. Həmin Atatürk küçəsi ev 108 ünvanında yerləşən ev faktiki olaraq Cavabdeh1 Şəhabəddin oğluna məxsusdur. Həmin ev digər cavabdehlərin isə faktiki sahibliyindədir. İddiaçı həmin evdə doğulub, boya- başa çatıb. Uşaqlıq illəri həmin evdə keçib. Daha sonra ailə həyatı quraraq həmin evdən köçmüşdür. Lakin bundan sonrada həmin evə də tez-tez gedib. Daha sonra münasibətləri korlanıb və cavabdehlər onu evdən qovlamışlar. Hazırda hüquqlarını müdafiə etdiyi şəxs ər evində yaşamır, yaşamağa yeri yoxdur. Uşağı ilə birgə müxtəlif ünvanlarda yaşayır. Hazırda Xaçmaz rayonunda kirayədə yaşamaqdadır. Ellada xanım əvvələr o evdə qeydiyyatda olub, daha sonra ər evində qeydiyyata alınıb. Hazırda isə ailə münasibətləri korlanmışdır. İddiaçı indi övladı ilə qayıdıb Atatürk küçəsi, ev 108 ünvanında yerləşən evdə yaşamaq istəyir. Lakin cavabdehlər buna imkan vermirlər. Halbuki o ev iddiaçının atasına məxsus olduğu üçün, həm də iddiaçı həmin evdə böyüyüb boya-başa çatdığı üçün sözügedən evdə yaşamaq hüququnu əldə etmişdir. Hazırda Ellada xanım həyat yoldaşı ilə birlikdə yaşamır. Onlar faktiki olaraq ayrılıblar. Nikahın pozulması üçün hələ müraciət olunmamasında səbəb Ellada xanımın böyük oğlunun təhsili ilə bağlıdır. Ellada xanımın böyük oğlu polis akademiyasına hazırlaşır. Bu imtahanlar isə mərhələlərdən ibarətdir və həmin imtahanlarda iştirak edən şəxslərin ailə həyatı ciddi şəkildə araşdırılır. Ellada xanım ilə həyat yoldaşı övladlarının kariyera, təhsil həyatına problem yaratmaq istəmir. Bu səbəbdən hələ nikahın pozulması üçün müraciət olunmamışdır. Qəbul nəticələri açıqlanandan sonra onsuz bu barədə məhkəməyə müraciət olunacaqdır. Hazırda da Ellada xanım ər evində yaşamır. Uşaqları ilə birgə kirayədə yaşayır. Yəni onların aralarındakı nikah sadəcə kağız üzərindədir. Onların onsuz ailə münasibətləri pozulmuşdur, sadəcə bu rəsmiləşdirilməmişdir. Düşünür ki, Atatürk küçəsi ev 108 ünvanında yerləşən evdən iddiaçının istifadə hüququ tanınmalıdır. Bu səbəbdən də hazır ki, iddia məhkəməyə müraciət etmişdir. İddiaçı azyaşlı övladı ilə Atatürk küçəsi ev 108 ünvanında yerləşən, 2 mərtəbəli, 7 yaşayış otaqlı evə köçürülməsinin və həmin evdən istifadə hüququnun tanınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Şəhabəddin oğlunun vəkili və nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, iddianı qəbul etmir. Cavabdeh1 Şəhabəddin oğlu iddiaçının atası, Cavabdeh2 anası, Cavabdeh4 qardaşı və Cavabdeh3 qardaşının yoldaşıdır. İddiaçı ailə həyatı quraraq həmin evdən gəlin köçmüşdür. Həmin vaxta qədər isə iddiaçı sözügedən evdə yaşamış, uşaqlığı həmin evdə keçmişdir. İddiaçının atası Əskərov X2 xanımı oxutmuş, böyütmüşdür. Daha sonra isə evləndirmişdir. Evləndirərkən yüksək səviyyədə qızına cehiz də vermişdir. Evləndikdən sonra iddiaçı həmin evə yenə gəlib-getmişdir. Lakin o evdə yaşamamışdır, mütamədi şəkildə qalmamış, valideynlərinə qulluq etməmişdir. Ümumiyyətlə, iddiaçının ailəsi ilə münasibətləri yaxşı olub. İddiaçının valideynləri iddiaçını o evə gəlməsinə məhdudiyyət qoymur. Eyni zamanda, digər cavabdehlər də heç bir maneə yaratmamışlar. Onu onsuz o evdən qovan yoxdur və ya evə gəlməsinə qadağa qoyan da yoxdur. Sadəcə bir müddət əvvəl iddiaçının qardaşının yoldaşı-Cavabdeh3 ilə arasında mübahisə yaşanıb. Ellada xanım prinsip apararaq, həmin evdən yaşayış hüququ əldə etmək istəyir. Bu səbəbdən iddiaçı belə hərəkətlər edir. Onun məqsədi gələcəkdə həmin evin ona qalmasına nail olmaqdır. Çünki Ellada xanım bu barədə atası ilə danışmışdır. Atası isə hazırda evi heç kimə bağışlamır, gələcəkdə özü layiq gördüyü övladına evi verəcəkdir və ya ev övladları arasında bölünəcəkdir. Yəni Ellada xanımın məqsədi o evə köçüb yaşamaq deyil, gələcəkdə evin ona qalmasını istəmişdir. Hazırki iddia da həmin məqsədi daşıyır. Onda olan məlumata görə də Ellada xanımın yoldaşı ilə münasibətləri çox yaxşıdır. Ailə münasibətləri də həmişə çox yaxşı olub. Hazırda da ər evində qeydiyyatda olduğu evdə yaşayır, kirayədə yaşamır. Çox da gözəl evləri var. Yəni Ellada xanımın yoldaşı ilə heç bir problemi yoxdur, ailə münasibətləri pozulmayıb. Bu məlumatları ona Ellada xanımın ailəsi bildirmişdir. Bunlar sadəcə evi əldə etmək üçün tutduğu yoldur. O sadəcə həmin evin qardaşına qalmasını istəmir. İddia Mənzil Məcəlləsinin 81-ci maddəsinə əsasən də təmin oluna bilməz. Yenə də qeyd etdiyi kim Ellada xanımın o evə gəlməsinə heç kim məhdudiyyət qoymur. Ümumiyyətlə nə vaxt istəyirsə, həmin evə gəlsin, valdeynlərinə baş çəksin, onu hər kəs hörmətlə qarşılayacaqdır. Heç kim evdən qovası deyildir. Amma iddianın məqsədi başqa olduğu üçün təmin olunmamalıdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər.Məhkəmə MPM-in 185.5.-ci maddəsini rəhbər tutaraq işə oların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, iddiaçı atası yəni Cavabdeh1 mülkiyyətində olan və digər cavabdehlərin isə faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən( 2 mərtəbəli, 7 yaşayış otaqlı ev) yaşayış evində doğulub boya başa çatmış və həmin evdən ailə həyatı quraraq getmişdir. İş materiallarında olan Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ev Cavabdeh1 Şəhabəddin oğlunun xüsusi mülkiyyətidir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 103a saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda kirayədə yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Beləliklə işin hallarından görünür ki, iddiaçı övladı ilə birlikdə mübahisəli evə yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülməsini tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisə predmeti olan evdə doğulub, orada yaşamış, sonradan isə onun həmin evə dair istifadə hüququna xitam verilməsinə dair hər hansı bir hüquqi əsas və ya hal baş vermədiyindən iddia təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı azyaşlı övladı X1 ilə birlikdə Cavabdeh1 Şəhabəddin oğlunun mülkiyyətində, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 isə faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən (2 mərtəbəli, 7 yaşayış otaqlı) evə istifadə hüququ tanınmaqla, həmin yaşayış evinə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar