Məhkəmə qərarları › İş №2(067)-468/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-468/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-468/2024 15.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənə verməli olduğu 4968,48 manat borcun, 1000 manat mənəvi ziyanın və ödənilmiş 80 manat dövlət rüsumunun, cəmi 6048,48 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 3 il olar ki, tanıyır. O, özünə məxsus pay torpaq sahəsində taxıl məhsulu yetişdirir. 2023-cü ilin may ayının axırlarında və iyun ayında cavabdehə 14950 kq taxılı, hər kiloqramını 40 qəpikdən olmaqla, 5980 manat dəyərində taxıl satmışdır. Bundan əlavə həmin vaxtı onun dostu və şəriki X1 ilə şərik əkdiyi sahədən də 9968 kq taxılı, hər kiloqramını 36 qəpikdən olmaqla 3588,48 manat dəyərində taxıl satmışdır. Cavabdehə cəmi 9568,48 manat dəyərində taxıl satmışdır. Həmin məbləğdən bu günə kimi cavabdeh cəmi 4600 manat ödəmiş, 4968,48 manat ona borcu vardır. Cavabdeh ona söz vermişdi ki, qalan pulu 15 gün müddətində ödəyəcəkdir. Həmin vaxtdan 5 aydan çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələr getirərək borcu ödəməkdən yayınır. Nisyə satdığı taxıl məhsuluna görə Cavabdeh halhazırda ona 4968,48 manat pul verməlidir. Bundan başqa o, bu müddət ərzində borcla bağlı müxtəlif instansiyalara müraciətlər etmiş, dəfələrlə cavabdehin özünün yanına gedibgəlmiş, zənglər etmiş, əsəb gərginliyi keçirmiş, eləcə də ona maddi-mənəvi ziyan vurulmuşdur. Ona dəyən ziyanı 1000 manat qiymətləndirir. Cavabdeh taxılı ondan alanda söz vermişdi ki, bütün borcunu bir dəfəyə ödəyəcək. O, cavabdehi 3 ildən çox müddətə tanıdığına görə və ona etibar etdiyinə görə ona inanaraq cavabdehin təklifi ilə razılaşmışdır. Borcla bağlı o, dəfələrlə cavabdehə zəng edərək borcunu tələb etsə də, pulunu verməkdən boyun qaçırır, son vaxtlar telefona da cavab vermir. Cavabdeh ona ödəməli olduğu 4968,48 manat məbləği ödəməkdən bu günə kimi boyun qaçırır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 2023-cü ilin may ayının axırlarında və iyun ayında cavabdehə hər kiloqramını 40 qəpikdən olmaqla, 5980 manat dəyərində 14950 kiloqram taxıl satmışdır. Bundan əlavə həmin vaxtı onun dostu və şəriki X1 ilə şərik əkdiyi sahədən də 9968 kq taxılı, hər kiloqramını 36 qəpikdən olmaqla 3588,48 manat dəyərində taxıl satmışdır. Cavabdehə cəmi 9568,48 manat dəyərində taxıl satmışdır. Həmin məbləğdən bu günə kimi cavabdeh ona cəmi 4600 manat ödəmiş, 4968,48 manat isə borclu qalmışdır. Həmin pulu cavabdehdən tələb edir. Mənəvi ziyanla bağlı məhkəməyə təqdim edəcəyi sübutu olmasa da, hesab edir ki, xəstə olduğuna görə, fiziki iş görə bilmədiyinə görə, cavabdehin ona borclu qaldığı pulu qaytarmaması ona pis təsir etmiş, sarsıntı keçirmişdir, ona görə də cavabdeh ona mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçıdan cəmi 9568,48 manat dəyərində taxıl nisyə satın almış, aldığı taxılın pulundan cəmi 4600 manat pul ödəmiş, 4968,48 manat isə iddiaçıya borclu qalmışdır. İddiaçıdan başqa 5 nəfərə də taxıl məhsulunun alqı-satqısı ilə bağlı borcu vardır, özü maddi ziyana düşüb, ona görə hazırda iddiaçının pulunu ödəyə bilmir. Mənəvi ziyan tələbini isə əsasız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin 4968,48 manat məbləğində pul borclu olduğunu və ona mənəvi zərər vurduğunu sübutetmə yükü iddiaçının üzərinə, borcun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan aralarındakı şifahi razılığa əsasən cəmi 9568,48 manat dəyərində taxıl məhsulunu nisyə satın almış, aldığı taxılın pulundan cəmi 4600 manat pulu ödəmiş, iddiaçıya 4968,48 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.-cü maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddianın nisyə satılmış taxıl məhsulunun dəyəri olan 4968,48 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. İddianın mənəvi ziyanın əvəzi kimi 1000 manat pulun cavabdehdən alınmasına dair hissəsi əsassız olduğundan təmin oluna bilməz. “Mənəvi zərərin ödənilməsi barədə” qanunvericiliyin məhkəmlər tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəllənin 97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödnilməsi barədə iddia, o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 manat məbləğində mənəvi ziyan dəyməsinə dair heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmiş və cavabdehin mənəvi ziyan vurmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 4968,48 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4968,48 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar