Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-517/2025 11.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı2 nümayəndəsi və iddiaçı Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə2 və İddiaçı2 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar Nümayəndə2 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus olan cehiz əşyalarını onun evindən çıxarılması və 60 (altımış) məbləğində mediasiya xərcinin əvəzinə 60 (altımış) manat pulun X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X3 xx.xx.2005-ci ildə ailə həyatı qurmuş və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ərə gələndə aşağıdakı əşyaları ona məxsus evə cehiz gətirmişdir: “1. servant, 2. şfaner, 3. taxt, 4. 1 stol (sınıq), 5. 6 ədəd stul (sınıq), 6. 1 ədəd taxt döşəyi, 7. 1 ədəd termo, 8. 1 ədəd tək döşək, 9. 1 ədəd taxt yorğanı, 10. 3 ədəd tək yorğan, 11. 4 ədəd yastıq, 12. 6 ədəd nalça, 13. 1 ədəd yun ədyal, 14. 1 ədəd sandıq, 15. 1 ədəd lüstür, 16. 1 ədəd abed servisi, 17. 1 ədəd çay servisi, 18. 1 ədəd çamadan qaşıq dəsti, 19. 1 ədəd çamadan”. Onlar xx.xx.2023-cü il tarixində rəsmi qaydada boşanmışlar. Cavabdeh 2023-cü ildən iddiaçılara məxsus evi tərk edib atası evinə köçmüş və bir daha qayıtmamışdır. Adıçəkilən cehiz əşyaları iddiaçıların rahatlığını pozur, maneçilik törədir və onların mülkiyyət hüquqlarını pozur. xx.xx.2024-cü il tarixli MŞQ/MT/027/2024-01772 nömrəli İMS-də iştirak edilməmə barədə arayışdan göründüyü kimi, ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında iddiacı İddiaçı2 nümayəndəsi və iddiaçı Nümayəndə2 iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun keçmiş gəlini olub. Artıq 2 ildir ki, gəlini oğlundan boşanıb, qızıl-zinət əşyalarını aparıb, lakin cehiz əmlaklarını aparmır. Bu da iddiaçıların hüquqlarını pozur. Oğlu Koroğlu artıq yeni ailə qurub. Cavadehə əşyalarını aparmasını bildirmişdir. Lakin cavabdeh əşyalarını istəmədiyini bildirir. Bununla bağlı polis şöbəsinə və mediasiyaya müraciət etsə də, cavabdeh əşyalarını evindən çıxarmır. Şıxəli kişinin 2 qızı onun gəlinləri olub. Şıxəli kişi gecə saat 2-də qızlarını götürüb aparıb, əşyalarını isə gəlib götürmür. Rəsmi şəkildə nikahları pozulub, əşyalarını evindən aparmalarını tələb edir. İddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 izahatında göstərmişdir ki, qızlarının uşaqları var. Bir qızının 3 qızı 1 oğlu, digər qızının isə 1 qızı, 1 oğlu var. Uşaqlar hazırda analarının yanında qalırlar. O, əmlakları ona görə evdən çıxarmır ki, əmlakların 20 faizi qalıb. Həm də, nəvəsi bildirir ki, gələcəkdə gedib orada yaşayacaq. Bir qız nəvəsi - Səbinə atasının himayəsindədir, Ümid hazırda azyaşlıdır, lakin bildirir ki, böyüdükdən, həddi-buluğa çatdıqdan sonra qayıdıb orada yaşayacaq. Buna görə də, əmlakı evdən çıxara bilmir. Əmlaklar qızına məxsusdur, ev iddiaçılara aiddir. X8 iddiaçıların evində yaşamaq hüququ var. Məhkəmə tərəflərin izahatlarını dinləyib məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 ilə Cavabdeh arasında olan nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların qanuni sahibliyi və istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan cavabdehə məxsus əmlakların saxlanılması iddiaçıların öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Ona görə də, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və iddiaçıların mülkiyyətində olan Xaçmaz rayonu Şərif-oba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh uzun müddətdir ki, evi tərk edib getmişdir. Həmin yaşayış sahəsinin iddiaçıların istifadəsində və sahibliyində olması işin mübahisələndirilən hallarına aid deyildir. Belə olan halda, iddiaçıların sahiblik və istifadə hüququ gözlənilməli, onlara məxsus fərdi yaşayış evindən cavabdehə məxsus əmlaklar çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçılar tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ilə bağlı hər hansı tələb irəli sürülmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin olunsun. Xaçmaz rayonu Şərif-oba kəndində yerləşən Nümayəndə2 və İddiaçı2 istifadəsində olan fərdi yaşayış evindən Cavabdeh məxsus əmlaklar: “1. servant, 2. şfaner, 3. taxt, 4. 1 stol (sınıq), 5. 6 ədəd stul (sınıq), 6. 1 ədəd taxt döşəyi, 7. 1 ədəd termo, 8. 1 ədəd tək döşək, 9. 1 ədəd taxt yorğanı, 10. 3 ədəd tək yorğan, 11. 4 ədəd yastıq, 12. 6 ədəd nalça,
13. 1 ədəd yun ədyal, 14. 1 ədəd sandıq, 15. 1 ədəd lüstür, 16. 1 ədəd abed servisi, 17. 1 ədəd çay servisi, 18. 1 ədəd çamadan qaşıq dəsti, 19. 1 ədəd çamadan” çıxarılsın. Cavabdeh ödənilmiş 60 manat mediasiya xərci tutularaq iddiaçılar Nümayəndə2 və İddiaçı2 xeyrinə ödənilsin, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov