Məhkəmə qərarları › İş №2(067)-550/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-550/2022

28.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-550/2022 28.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə 28 yanvar 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək nəvəsi Damla Gökhanın 03 dekabr 2017-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, 1958-ci il təvəllüdlü olmaqla 1978-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 4 övladları olmuşdur. Qızı Aytən 2014cü il tarixdə X6 ilə ailə həyatı qurmuş və həmin tarixdən ərinin valideynlərinə məxsus evə gəlin köçmüşdür. Həmin ilin iyul ayında Ramil Cəfərov nə onlara nədəki öz valideynlərinə heç nə demədən Aytəni də götürüb işləmək adı ilə çıxıb getmişlər, bir həftədən sonra onlara məlum olmuşdur ki, onlar Suriyaya getmişlər. Suriyada olduqdarı vaxt təxminən 2015-ci ilin mart ayında Ramil Cəfərov vəfat etmişdir. Bu xəbəri qızından eşidəndən sonra xahiş etmişdir ki, Azərbaycana qayıtsın. Aytən ona bunun mümkün olmadığını bildirmişdir. Ramilin ölümündən təxminən 1 il keçdikdən sonra qızı Türkiyə vətəndaşı olan Gökhan adında şəxslə qeyri rəsmi ailə həyatı qurmuş və İraqın Bağdad şəhərində yaşamışlar. Gökhanla ailəvi qaydada yaşadığı dövrdə qızı arabir onlarla əlaqə saxlamışdır. Qızının həmin şəhərdə 03.12.2017-ci il tarixdə uşağı anadan olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün heç bir rəsmi sənədi ala bilməsmişdir. 2017-ci ildə Gökhan İraq ordusuna əsir düşmüş, bundan sonra qızı da uşağı ilə birlikdə həbsə alınmışdır. Həmin vaxtdan da qızı İraq şəhərinin Rasafa həbsxanasında saxlanılır. Dövlət qurumlarının səyləri nəticəsində qızı Aytənin uşağı, yəni 03.12.2017-ci il təvəllüdl Damla Gökhan 2021-ci il 05 noyabr tarixində Azərbaycana qaytarılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05.11.2021-ci il tarixli 138 saylı sərəncamı ilə o 03.12.2017-ci il təvəllüdlü nəvəsi Damla Gökhan qızı üzərində qəyyum təyin olunmuşdur. Həmin sənədə əsasən nəvəsi ona təhvil verilmiş və o vaxtdan onunla birlikdə yaşayır. Qızı Aytən hazırda İraq Respublikasında həbsdə saxlanılır, onun Azərbaycana qaytarılıb qaytarılmaması hələ ki, məlum deyil. Nəvəsi Damlanın adına doğum haqqında şəhadətnqamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, tibbi arayış olmaması səbəbindən şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Xaçmaz rayon Qeydiyyat şöbəsinin və Qəyyumluq və Himayəçilik komissiyasının məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onlarn iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçinin həyat yoldaşıdır. 03.12.2017-ci il təvəllüdlü Damla Gökhan onların qız nəvəsidir, yəni qızı Aytənin uşağıdır. İş materiallarında olan qeydiyyat şöbəsinin arayışından da müəyyən olunur ki, X3 21.02.1989-cu ildə anadan olmuşdur. X1, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Çaykənarı kənd İƏD üəkg nümayəndəsinin 01.12.2021-ci il tarixli 374 nəmrəli arayışından müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonu Gödəkli kəndində yaşayır və 03.12.2017-ci il təvəllüdlü nəvəsi Damla Gökhan onun himayəsindədir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05.11.2021-ci il tarixli 138 saylı sərəncamından çıxarışdan görünür ki, Xaçmaz rayonu Gödəkli kənd sakini Ərizəçi nəvəsi Damla Gökhan qızının üzərində qəyyum təyin edilmişdir. Həmin sərəncamla Damla Gökhan qızının 03.12.2017-ci il tarixdə doğulması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Damla Gökhan qızı 03.12.2017-cı ildə İraq Respublikasında anadan olmuşdur və ata adı Gökhandır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı 05/2-610/13 nömrəli 17.11.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 03.12.2017-ci il təvəllüdlü Damla Gökhan qızı barəsində doğumun qeydə alınması müəyyən edilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, Damla Gökhan qızının 03.12.2017-ci il tarixdə İraqda doğulması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, Damla Gökhan qızının 03.12.2017-ci il tarixdə doğulması faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Damla Gökhan qızının 03.12.2017-ci il tarixdə (İraq Respublikasında) doğulması faktı (anası- X3, atası - Gökhan) müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar