Məhkəmə qərarları › İş №2(067)-568/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-568/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-568/2022 14.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evindən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, K.Novruzov küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evi ona məxsus əmlakdır. Həmin ev mərhum atasından ona miras qalmış mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış əmlakdır. Cavabdehlər mülkiyyətinə məxsus evdə formal qeydiyyatdadırlar. Cavabdehlər ona məxsus evdən formal qeydiyyatda qalmışdır və həmin məsələ bu vaxta kimi uzanmışdır. Həmin yaşayış evini o, 30.07.2021-ci il tarixdə adına rəsmiləşdirmişdir. Cavabdehlər mülkiyyətinə aid evin keçmiş ailə üzvləridir. Cavabdehlər evindən pasport qeydiyyatdan üzürlü səbəb olmadan çıxmamışlar. Evin bütün komunal xərclərini o ödəyir. Cavabdehlər isə uzun müddətdir ki, köçüb ayrı yaşayırlar və qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsinə və komunal xidmətlərə görə kirayə haqqı ödəmirlər. Cavabdehlər formal olaraq onun evində qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur və onun mülkiyyət hüququna ziddir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur. Cavabdehlər onun bacısı, qardaşı və qardaşının oğludur, onların atası bir, anaları ayrı şəxslərdir. O, cavabdehləri ümumiyyətlə tanımır və onları görməmiş, evinə də necə qeydiyyata alındıqlarını bilmir. Cavabdehlər evdə yaşamasalar da, orada qeydiyyatda qalıblar və bu onun mülkiyyətçi kimi hüquqlarını pozur. Onun həmin şəxslərin evində qeydiyyatda olmalarından xəbəri olmayıb. Hazırda bundan xəbər tutmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Ev vərəsəlik qaydasında onun mülkiyyətinə keçib. Atası 2000-ci ildə vəfat edib, anası isə 2015-ci ildə vəfat edib. Cavabdehlərin anası atasının ikinci həyat yoldaşı olub, o, da çoxdan vəfat edib. Hazırda evdə bacısı Naibə ilə birlikdə qalır. Ev onun razılığı ilə onun mülkiyyətinə keçib. Ev atası ilə anası evlənəndən sonra 1988-ci ildə inşa edilib. Cavabdehlərin anası öləndən sonra onlara Türkmənistanda yaşayan bacıları baxıb. Cavabdehlərin evdə qeydiyyatda olduqlarını bilməmişdir. evlə bağlı cavabdehlərin nə özlərinin, nə də yaxınlarının ona qarşı heç bir iddiaları olmayıb və hazırda da yoxdur. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı qonşusudur. Onların evlərinin arasında bir çəpər var. O, 1982-ci ildə hazırda yaşadığı evə gəlin gəlmişdir. Yaşadığı evə köçəndə qonşunun evində yalnız iddiaçının atasını, anasını və bacısını görmüşdür. Sonradan iddiaçının atası və anası vəfat etdilər. Hazırda iddiaçı bacısı Naibə ilə birlikdə evdə yaşayırlar. Həmin evdə başqa şəxslərin yaşadığını görməmişdir. Evlə bağlı hər hansı mübahisənin olduğunu görməmişdir. Məhkəmə iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan və **********46-10301 reyestr nömrəli 27.07.2021-ci il tarixli Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə X1, Aydınov Nəriman və Qasımova Zöhrənin iştirakı ilə tərtib edilmiş 11.04.2022-ci il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də 1990-cı ilə qədər yaşamışlar. 1990-cı ildən bu günə qədər onların ümumiyyətlə Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evlə heç bir əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evində qeydiyyatda qalmaqla iddiaçının evi üzərində mülkiyyət hüquqlarını pozurlar. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçı dövlət rüsumunun cavadbehlərdən tutulması ilə bağlı məhkəməyə müraciət etmədiyindən və həmin xərcin ona aid edilməsinə etiraz etmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evindən istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, K.Novruzov küçəsi ev 18-də yerləşən evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar