Məhkəmə qərarları › İş №2(067)-645/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-645/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-645/2021 10.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onlara və Əlillər Cəmiyyətinə məxsus mənzildən (otaqdan) çıxarılması (kənarlaşdırılması) və 440 manat ziyanın alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz Mənzil İstismar İdarasinin 06.10.2017-ci il tarixli sanədlərinə əsasan qeyd olunan ünvanda o, yəni İddiaçı1 ailə üzvləri X2, Hacıbalayev Əvəz ilqar oğlu və X4 ilə birlikdə qeydiyyatdadırlar. Həmçinin həmin mənzil Mənzil KTİ-nin arayışından göründüyü kimi Əlillər Cəmiyyətinin 35 ildir fəaliyyət göstərdiyi otaqdır. Lakin Azərbaycan Respublikası Əlillər Cəmiyyətinin Xaçmaz rayonunda fəaliyyət göstərdiyi otağa qeydiyyatı və Cəmiyyətin özünə heç bir hüququ və aidiyyatı olmayan Cavabdeh 05 noyabr 2020-ci il tarixdən hazıradək xuliqanlıq hərəkətləri edərək Əlil Cəmiyyətinin uzun illərdir yerləşdiyi və fəaliyyət göstərdiyi obyrktə hücum edib otağın üzərindən asılmış onlara məxsus bayraqları və Əlil Cəmiyyətin şüşə lövhəsini dartıb cırıb çıxararaq məhv etmişdir. Bu barədə rayon polis və prokurorluq orqanlarında cinayət işi başlanılmışdır. Səlim otağın qarşısında durub ona otağa girib işini görməyə imkan verməyərək öldürəcəyi ilə hədələyir. Qapını sındırıb icazəsiz girərək özü ilə spirtli içki gətirib dostlarını da ora yığaraq otaqda içir və sərxoş olduqdan sonra Əlillər Cəmiyyətinin otaqda olan əmlaklarını hissə-hissə cırıb tullayıb Cəmiyyətə həm maddi, bəm də mənəvi zərər vurur. Göründüyü kimi Cavabdeh Əlillər Cəmiyyətinin fəaliyyətinə mane olur, şəxsi mənafelərinə əhəmiyyətli zərər vurur, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərir, davranış və əxlaq normalarına qarşı saymamazlıq göstərir. Əlillər Cəmiyyətinin mənafelərinə toxunan hərəkətlər edir. Bu barədə polis, prokurorluq və məhkəməyə sübutlar təqdim etmişlər və Cavabdeh Əlillər Cəmiyyətinin otağından çıxarılması (kənarlaşdırılması) və otağın ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Səlim hüquq mühafizə orqanları əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilib, həmin otağı tərk etməsi ona bildirilsə də o, bundan imtina etmişdir. 31 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq ünvan 2 mənzil özəlləşdirilmədiyi üçün, həmin mənzilin Əlillər Cəmiyyətinə məxsus olduğunu, özəlləşdiriləndən sonra da Cəmiyyətə məxsus olacağını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. 31 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq ünvan 2 mənzilin 35 il Əlillər Cəmiyyətinin istifadəsində olduğunu, əvvəllər İddiaçı1 atası X3 Cəmiyyətinin müdiri olduğunu bildirmişdir. İlqar Cərullayev həmin mənzili atasına müvəqqəti istifadə üçün vermiş, atası da sağlığında cavabdehi müvəqqəti olaraq oraya buraxmışdır. Hazırda o, Xaçmaz rayon Əlillər Cəmiyyətinin İdarə Heyətinin sədridir və ona görə də cavabdehdən mənzili tərk etməsini tələb edir. ünvan 2 ünvanda yerləşən 10 kv.metr qeyri yaşayış sahəsinin Xaçmaz rayon Əlillər Cəmiyyətinin balansında olması Xaçmaz MKTİ-nin MİS-nin arayışı ilə təsdiq olunur. Göstərilənlərə əsasən İddiaçı2 iddianın təmin edilməsini xahiş etmişdir. 31 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. İddiaçlar onu ünvan 2 mənzildən çıxarılmağını xahiş etsələr də, iddiada göstərirlər ki, həmin mənzil qeyri-yaşayış sahəsidir. Lakin iddiaçıların özlərinin onların oradan çıxarmağa hər hansı bir hüquqları yoxdur. Onu İddiaçı1 atası Cərulla müəllim həmin mənzilə buraxmışdır. O, uzun illər Xaçmaz rayon Əlillər Cəmiyyətinin sədri işləyib və onu da hüquqşünas kimi dəvət edib. O, da həmin vaxtda orada hüquqşünas kimi fəaliyyət göstərmişdir. Sonradan İddiaçı2 yanına gəlib Xaçmaz rayon Əlillər Cəmiyyətinin sədri olduğunu ona bildirmiş, o, da öz növbəsində ona birlikdə əhaliyə hüquqi yardım göstərilməsində iştirak etməyi təklif etmişdir. Lakin 2 gündən sonra İddiaçı2 yanına gəlib İddiaçı1 bütün otağı ona verdiyini bildirmiş və ondan otağı tərk etməsini tələb etmişdir. O, da iddiaçı ilə razılaşmamış, ona bildirmişdir ki, əgər otağa hər hansı bir hüququnu təsdiq edən sənədləri varsa təqdim etsinlər, lakin iddiaçılar heç bir sənəd təqdim etməmiş və əksinə onu ölümlə hədələməyə başlamışlar. O, Əlillər Cəmiyyətinin nəzarət təftiş şöbəsinin və Əlillər Cəmiyyətinin Xaçmaz şöbəsinin İdarə Heyətinin üzvüdür. Hesab edir ki, iddiaçıların onu ünvan 2 ünvandan çıxarmaları üçün heç bir hüquqları və hüquqi əsasları yoxdur. Ona görə iddianın rədd olunmasını xahiş edir. Hazırda keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, daha əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdiyini, həmin izahata heç bir əlavəsinin olmadığını, işdə olan sənədlər əsasında qətnamə qəbul edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılsa da, iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə ki iş materiallarında olan 15.10.2020-ci il tarixli vəsiqədən müəyyən olunur ki, İddiaçı2 Azərbaycan Respublikası Əlillər Cəmiyyəti Xaçmaz Rayon Əlillər şöbəsinin İdarə heyətinin sədridir. İş materiallarında olan Mənzil Kommunal Təsərrüfatı İdarasinin 02.12.2020-ci il tarixli arayışından müəyyən olunur ki, uzun illərdir ki, ünvan 2 ünvanda yerləşən 10 kv.metr qeyri yaşayış sahəsində Xaçmaz rayon Əlillər Cəmiyyəti fəaliyyət göstərir. İş materiallarında olan Xaçmaz Mənzil İstismar İdarəsinin 06.10.2017-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı1 uzun illərdir ki, ailə üzviləri yəni X2, Hacıbalayev Əvəz ilqar oğlu va X4 ilə birlikdə Xaçmaz şəhəri, Nəsimi küçəsi ev 4, mənzil 10-da yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.06.2021ci il tarixli məktubundan və məktuba əlavə edilmiş arxiv sənədlərindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına, Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 4, mənzil 10 saylı ünvanda yerləşən mənzil 14.05.1993cü il tarixli, 3258 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1 adına qeydə alınmışdır. Mənzilin Xaçmaz şəhəri, 4 saylı binanın neçənci mərtəbəsində yerləşməsi, Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 4 ünvanı ilə, ünvan 5lmaması məlum deyil. İş materiallarında olan 10.11.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçılar tərəfindən iddia tələbi ilə əlaqədar 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh çıxarılmasını tələb etdikləri mənzilin Əlillər Cəmiyyətinə məxsus olmadığı Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli məktubu və məktuba əlavə edilmiş arxiv sənədləri ilə müəyyən edilir. İddiaçılar tərəfindən mübahisə predmeti olan mənzilin Əlillər Cəmiyyətinə məxsus olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıların, ümumiyyətlə, cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmələri üçün subyektiv hüquqları yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiaları təmin edilməsin. İddia ərizələri verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar