Məhkəmə qərarları › İş №2(067)-658/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-658/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-658/2024 31.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq mərhum atası X1 miras qalmış Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin onun, yəni İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X3 04 iyul 1999-cu il tarixdə vəfat etmişdir. Atası vəfat edən zaman onun mülkiyyətində Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evi olmuşdur. Həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi mərhum atası X2 adına dövlət qeydiyyatına alınaraq xx.xx.1991-ci il tarixli 01 a reyestr nömrəli qeydiyyat vəsiqəsi və 06.1991-ci il tarixli texniki pasport verilmişdir. O, miras qalmış evdə anadan olmuş və fasiləsiz həmin evdə yaşamışdır. Atası vəfat edəndən sonra evi, təsərrüfatı idarə etmiş, evin bütün xərclərini özü çəkmiş (vergi, rüsum və s.) ödəmişdir. Odur ki, miras əmlakı o faktiki qəbul etmişdir. Mərhum atasının yas mərasimlərini keçirmişdir. Birinci dərəcəli vərəsələr kimi qardaşı X5 və bacısı X6 öz ailələri ilə ayrı yaşayırlar, atalarının vəfatından sonra mirası faktiki qəbul etməmiş və ya vaxtında mirasın qəbul edilməşi üçün notariat orqanına müraciət etməmişdir. Odur ki. qardaşı Vidadi və bacısı Roza mirasa malik olmaq hüquqlarını itirmişdir. 09 iyul 2023-cü il tarixdə cavabdeh olan anası onu və həyat yoldaşı Ruzigar Məzahir qızını evdən qovmuş və bir daha evə buraxmamışdır. Hazırda Yalama kəndində kirayədə qalır. Əmlakları da ata evində qalmışdır. Öz evinə qayıtmaq istərkən cavabdeh onlara hədə-qorxu gəlir və evə qoymur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə iddiaçı iddia tələbini dəqiqləşdirərək mərhum atası X1 miras qalmış Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh anasıdır. X11 1999-cu ildə vəfat etmişdir. Anası onu ata yurdundan çıxarmışdır, 1 ildir kirayə evdə qalır. 2023-cü ilin iyun ayınadək cavabdehlə bir evdə yaşamışlar. Sonra anası ilə münasibətləri pozulmuş və anası onu evdən qovmuşdur. Evə köçürülməsini istəyir. 1 bacısı və 1 qardaşı var, onların hər birinin öz ailəsi və evləri var. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişlər ki, oğlu və ailəsi onunla yola getmirlər. Özü onkoloji xəstədir və müalicələr alır. Ev ərinin adınadır. Oğlu bir gün belə ona baxmamışdır. İddiaçı ona qızının və kürəkəninin evə gəlməməsini bildirir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1999-cu ildə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon Notariat Ofisinin xx.xx.2023-cü l tarixli 1116 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu ildə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-592A kod 30225018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə X2 və digər ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində və reyestr kitablarında Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş yaşayış evi xx.xx.1991-ci il tarixli, 01a reyestr nömrəli qeydiyyat vəsiqəsi (xx.xx.1990-cı il tarixii, 2-461 saylı məhkəmə qətnaməsinə əsasən) və 06.1991-ci il tarixli texniki pasportla X2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2 saylı İnzibatı-İqtisadi Məhkəməsi tərəfindən təsdiq edilmiş Barışıq sazişinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi və onun tabeliyində olan qurumlar vəkillər tərəfindən verilmiş sorğulara əsasən reyestr məlumatlarını təqdim edir. Qeyd olunanları nəzərə alaraq fərdi yaşayış evinə dair sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsinə (xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş) müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə, iddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla faktiki olaraq mövcuddur. İddiaçı həmin evdə dünyaya gəlmiş və böyüyüb boya başa çatmış, ailə qurmuş və müəyyən müddət həmin evdə yaşamışdir. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə bütün sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı və övladları) mərhum atası X1 miras qalmış Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar