Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-71/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın müıkiyyətə verilməsinə dair JN-1051F, 30202004 kodlu şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə verilmiş ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi cavabdeh tərəfindən özbaşına zəbt olunmuş hissəsinin ekspertiza təyin olunaraq müəyyən edilməsi, zəbt edilmiş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi, cavabdeh tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və törədilən maneələrin aradan qaldırılması həmçinin ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 1051F, 30202004 kodlu şəhadətnaməsinə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ona və ailə üzvlərinə ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi ayrılmış və mülkiyyətlərinə verilmişdir. Texniki pasporta əsasən onun adına Xaçamz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsi 89 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun adına rəsmiləşdirmişdir. Cavabdeh həmin torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehə dəfələrlə torpaq sahəsini boşaldaraq ona qaytarılmasını təklif etsə də o, buna əhəmiyyət verməmişdir. onun maneəçiliyi nəticəsində torpaq sahəsindən tam istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Cavabdehin hərəkətləri nəticəsində o, torpaq sahəsindən tam şəkildə istifadə edə bilmir və daş hasar çəkə bilmir. Hesab edir ki, ekspertiza təyin olunsa onun dediyi faktlar ortaya çıxacaqdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinə daş hasar çəkmək istəyir. Lakin cavabdeh buna mane olur. Cavabdeh torpaq sahəsini zəbt etməyib, lakin onun hasar çəkməsinə maneələr yaradır. Ona görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. ünvan 2 ünvanında yerləşən ev atası Məmməd Qasımovun mülkiyyətindədir. Hazırda həmin evdə qardaşı Şakir öz ailəsi ilə birgə yaşayır. Atası isə 1995-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin evi vərəsəlik yolu ilə qəbul edib və evə sahiblik edirlər. İddiaçı qonşuluqda yaşayır. Onların evi 0.07 ha torpaq sahəsinin üzərində tikilib. İddiaçı isə köhnə evini söküb yeni ev tikmişdir həmin evin bir divarı onunla sərhəd xəttində tikib. İddiaçı öz hərəkətlərinə haqq qazandırmaq üçün ona qarşı iddia qaldırıb. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1051F kodlu, 30202004 saylı şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli **********39 saylı məktubuna əlavə olunan mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı və onun ailə üzvlərinə verilmiş JN-1051F kodlu, 30202004 seriyalı Şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsinin 0.004 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, həmin mübahisə predmeti olan 4 kv.metrlik torpaq sahəsi qonşular arasında ensiz olduğu və hasar mövcud olmadığı üçün faktiki istifadə etdikləri torpaq sahələri ilə ƏMDK elektron baza və arxiv materialları ilə müqayisə etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10\4767 saylı ekspert rəyindən müəyyən olunur ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli **********39 saylı məktubuna əlavə olunan mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı və onun ailə üzvlərinə verilmiş JN-1051F kodlu, 30202004 seriyalı Şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsinin 0.004 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Mübahisə predmeti olan 0.06 ha torpaq sahəsinin hər hansı bir hissəsində Cavabdeh tərəfindən tikilinin inşa edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərfindən iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının iddia tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-71/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-71/2022
24.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver