Məhkəmə qərarları › İş №2(067)-719/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-719/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-719/2021 07.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gəlin köçdüyü, Xaçmaz rayonunun Çarxı kəndində yerləşən cavabdehə məxsus yaşayış evindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları- xx xxxxxxx 2011-ci ildə anadan olmuş X4, xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxx 2018-ci ildə anadan olmuş X2 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işə məhkəmədə mahiyyəti üzrə baxılanadək ona məlum olmuşdur ki, mübahisəli ev Cavabdeh1 atası Cavabdeh2 məxsusdur. Ona görə də Cavabdeh2 da cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, iş üzrə cavabdehlərdən Cavabdeh2 onun keçmiş qaynatası, Cavabdeh1 isə keçmiş əridir. Cavabdeh1 Fəxrəddin oğlu ilə xx xxxx 2010-cu il tarixdə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Cavabdeh1 ilə evləndikdən sonra sonuncunun atası, iş üzrə digər cavabdeh olan Cavabdeh2 məxsus Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus cehiz və digər əmlaklarını həmin evə aparmış, əmlakları halhazırda da həmin evdədir. Cavabdeh1lə nikahlarını xx xxxxxx 2016-cı il tarixdə rəsmiləşdirmiş və onların birgə nikahlarından xx xxxxxxx 2011-ci ildə Sadiq, xx xxxxxxx 2015-ci ildə Məhəmməd və xx xxx 2018-ci ildə Əsmanur adlı üç nəfər uşaqları anadan olmuşdur. O, cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçərək onlarla birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Ailə münasibətləri pozulduğundan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1690/2020 saylı qətnaməsi ilə keçmiş əri Cavabdeh1 ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, uşaqlar onun himayəsində saxlanmış və azyaşlı uşaqları Sadiq, Məhəmməd və Əsmanurun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlərlə ailə münasibətləri pozulduğundan mübahisəli evdən azyaşlı uşaqları ilə birlikdə çıxmaq məcburiyyətində qalmışdır. Evdən çıxdıqdan sonra o, uşaqları ilə birlikdə müvəqqəti olaraq Xaçmaz şəhərində anasının yanında, qəzalı vəziyyətdə olan evdə yaşayır. Həmin evdə o və uşaqları üçün yaşamaq çox çətin olduğundan və başqa yaşayış sahəsi olmadığından cavabdehlərə məxsus evə qayıdıb uşaqları ilə birlikdə yaşamaq istəyir. Çünki, cavabdehlərin yaşadıqları ev 2 mərtəbəli, 6 yaşayış otağından ibarət olmaqla hər bir şəraiti vardır. Həmin evdə cavabdehlərlə uzun müddət yaşayıb ümumi təsərrüfat aparmaqla ailə üzvü olaraq evdən istifadə hüququnu qazanmışdır. Cavabdehlər onun mübahisəli evə köçüb yaşamasına razı olmadıqlarından cavabdehlərin hərəkətləri nəticəsində onun və uşaqlarının hüquqları pozulur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, gəlin köçdüyü, Xaçmaz rayonunun Çarxı kəndində yerləşən Cavabdeh2 məxsus yaşayış evindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları- xx xxxxxxx 2011-ci ildə anadan olmuş X4, xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxx 2018-ci ildə anadan olmuş X2 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iş üzrə İddiaçı onun keçmiş arvadıdır. İddiaçı ilə xx xxxx 2010-cu il tarixdə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Evləndikdən sonra iddiaçı onun atası Cavabdeh2 məxsus onun da yaşadığı Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə köçürülmüşdür. İddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1690/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanmış və azyaşlı uşaqları Sadiq, Məhəmməd və Əsmanurun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Ailə münasibətləri pozulduğu vaxtdan iddiaçı uşaqları da götürərək valideynlərinə məxsus evə getmiş və geri qayıtmamışdır. Hazırda iddiaçı məhkəmədə onlara qarşı iddia qaldıraraq özünün və uşaqlarının mübahisəli evdən istifadə hüquqları tanınmaqla həmin evə köçürülməsini xahiş edir. Lakin onlar iddiaçının mübahisəli evə köçüb yaşamasına razı deyillər. Belə ki, artıq uzun müddətdir ki, onun və digər ailə üzvlərinin iddiaçı ilə münasibətləri tamamilə pozulduğundan və aralarında gərgin münasibətlər yarandığından onların bir evdə yaşamaları qeyri- mümkündür. İddiaçı uşaqları ilə birlikdə mübahisəli evə köçürülərsə onların birgə yaşaması baş tutmayacaqdır və onların arasında münaqişələr baş verəcəkdir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul etməyərək Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1690/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 xx xxxx 2010-cu il tarixdə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Nikahlarını xx xxxxxx 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx xxxxxxx 2011-ci ildə Sadiq, xx xxxxxxx 2015-ci ildə Məhəmməd və xx xxx 2018-ci ildə Əsmanur adlı üç nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətmanəsinə əsasən tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli nikah pozulmuş, birgə nikahdan olan uşaqlar- xx xxxxxxx 2011-ci ildə anadan olmuş X4 , xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxx 2018-ci ildə anadan olmuş X2 İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 4268 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Uşaqları- xx xxxxxxx 2011-ci ildə anadan olmuş X4, xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxx 2018-ci ildə anadan olmuş X2 onun himayəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx xxxx 2021-ci il tarixli, **********64 saylı məktubundan və həmin məktuba əlavə olunmuş fevral 1988-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində Cavabdeh2 adına fərdi yaşayış evi aşkar edilmiş və həmin fərdi yaşayış evinə Xaçmaz rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Xaçmaz rayonunun Çarxı kəndi ərazisində Cavabdeh1 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət kimi heç kimin adına qeydə alınmamışdır və cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. İddiaçı mübahisəli evə cavabdehlərdən Cavabdeh1lə 2010-cu il tarixdə el adəti ilə toy edərək evləndikdən sonra köçmüşdür. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Aralarında yaranmış münaqişə nəticəsində iddiaçı mübahisəli evdən çıxmış və hazırda valideynlərinə məxsus evdə yaşamaq məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, mübahisəli evə mülkiyyət hüququna dair reyestrdən çıxarış sənədi verilməmişdir, hazırda heç kəsin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ mövcud deyil. Həmin evin tikintisinə icazə verilməsinə dair hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmadığından, hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilə bilməz və mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin özbaşına tikinti ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X8rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xx xxxx 2010cu il tarixdə cavabdehlərdən Cavabdeh1lə el adəti ilə toy edib faktiki ailə münasibətlərinə daxil olaraq mübahisəli evdə məskunlaşmasını, ümumi təsərrüfat aparıb uşaqlar dünyaya gətirməsini, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması, mübahisəli evdən çıxarkən cehiz əmlakını özü ilə aparmaması nəzərə alınmaqla, onun mübahisəli evdən çıxarılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdən çıxarkən cehiz əmlakını özü ilə aparmaması, onun könüllü surətdə evi tərk etmədiyini, həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. İddia tələbinin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin evdə yaşayan şəxslərin evə istifadə hüquqları olmadığından iddiaçının evə istifadə hüququnun müəyyən edilməsini tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində evdə yaşamaq imkanı müəyyən edilməlidir. Evə köçürmə hissəsində iddianın təmin edilməsi mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu isə evə yaşayış hüququnun tanınması anlamına gələ bilməz. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından xx xxxxxxx 2011-ci ildə Sadiq, xx xxxxxxx 2015-ci ildə Məhəmməd və xx xxx 2018-ci ildə Əsmanur adlı üç nəfər nəfər uşaqları doğulmuşdur. Məhkəmənin hüquqi mövqeyinə görə həmin uşaqların da ailədə valideynləri, həmçinin babası və nənəsi ilə birgə mübahisəli evdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər, (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq və onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlı) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşdan 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. İddiaçı uşaqları- xx xxxxxxx 2011-ci ildə anadan olmuş Sadiq, xx xxxxxxx 2015-ci ildə anadan olmuş Məhəmməd və xx xxx 2018-ci ildə anadan olmuş Əsmanur azyaşlı olmaqla məhdud fəaliyyət qabiliyyətli olduqları üçün məhkəmə iclasında tərəf olaraq cəlb edilə bilməzlər və onların hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə valideyni olaraq anaları İddiaçı müdafiə etməsi qanuna müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət insanların mənzil hüquqlarını gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə hesab edir ki, İddiaçı və himayəsində olan azyaşlı uşaqları Sadiq, Məhəmməd və Əsmanur həmin yaşayış sahəsindən məhrum edilə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə Qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iş üzrə bütün sübutları araşdıraraq hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası qısmən əsaslı olduğundan qismən təmin olunmalı, iddiaçı X5 və azyaşlı övladları xx xxxxxxx 2011-ci ildə anadan olmuş X4, xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxx 2018-ci ildə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə köçürülməlidirlər. Həmin yaşayış evinin hər hansı bir mülkiyyət sənədi mövcud olmadığından iddiaçının mübahisəli yaşayış evindən istifadə hüququnun tanınması mümkün hesab edilməməklə iddia tələbi həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı X5 iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı X5 və azyaşlı övladları xx xxxxxxx 2011-ci ildə anadan olmuş X4, xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1 və xx xxx 2018-ci ildə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Xaçmaz rayonunun Çarxı kəndində yerləşən yaşayış evinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar