Məhkəmə qərarları › İş №2(067)-723/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-723/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-723/2023 26.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olan faktiki 1.0 ( bir) ha hissəsi ilə Cavabdeh1 istifadəsində olan 0.44 ha torpaq sahəsinin naturada ayrılması, buna dair 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin 12- ci maddəsini rəhbər tutub torpaq sahəsinin alıcıya ( hazırki iddiaçı) təhvil verilməsi üçün bölgü aktının ( alqı satqı edilmiş torpaq sahəsi ilə cavabdehin istifadəsində olan 0.44 ha torpaq sahəsinin ayrılmasına dair ) tərtib edilməsi öhdəliyinin ( mövcud real vəziyyətə uyğun) Cavabdeh1 üzərinə qoyulması, torpaq sahəsini istifadə etməkdə iddiaçı tərəfə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılması, cavabdehlərə iddiaçıya məxsus Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən torpaq sahəsinə dair qoyduqları maneələrin qadağan edilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmələri və torpaq sahəsinə daxil olmalarına dair hərəkətlərin qadağan edilməsi, torpaq sahəsi üzrə cavabdeh tərəfin bölgü aktı tərtib etməklə, iddiaçının faktiki sahibi sayıldığı 1.0 ha torpaq sahəsinə {JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin satılan hissəsi olaraq) iddiaçı tərəf İddiaçı mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı (JN-0228 KOD 30212068 saylı) olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanılaraq,müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun və ailə üzvlərinin adında olan torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı (JN- 0228 KOD 30212068 saylı) əsasında rəsmiləşdirilmiş torpaq sahəsinin 1.0 (bir) ha hissəsini 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı adma rəsmiləşdirimişdir. Həmin torpaq sahəsi 2006- ci ildən faktiki iddiaçının mülkiyyətində və istifadəsindədir. İddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması barədə müraciəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina ilə cavablandırılmış və əsas olaraq tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi və ya məhkəmə qərarı əsasında alqı-satqı əsasında satılmış torpağın iddiaçıya məxsus hissənin sərhədlərinin müəyyən edilməsi barədə qəbul edilmiş qətnamənin mövcudluğu qeyd edilmişdir. Cavabdehin ailə üzvləri torpağ sahəsinin 1.0 (bir) ha hissəsi üzərində iddiaçının adına cavabdeh tərəfindən rəsmiləşdirilmiş 22 iyun 2006-cı il tarixli, AN-İ №0083726 saylı alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, lakin onun iddiası təmin edilməmişdir. Hal- hazırda həmin qətnamə qanuni qüvvə almışdır. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsi üzərindən mülkiyyət hüququnun tanınması, reyesterdə hüquqlarının qeydiyyata alınması, həmçinin torpaq sahəsində cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılması, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin 12- ci maddəsini rəhbər tutub torpaq sahəsinin alıcıya ( hazırki iddiaçı) təhvil verilməsi üçün bölgü aktının ( alqı satqı edilmiş torpaq sahəsi ilə cavabdehinm istifadəsində olan 0.44 ha torpaq sahəsinin ayrılmasına dair ) tərtib edilməsi öhdəliyinin ( mövcud real vəziyyətə uyğun) Cavabdeh1 üzrinə qoyulması və torpaq sahəsi üzrə cavabdeh tərəfin bölgü aktı tərtib etməklə, iddiaçının faktiki sahibi sayıldığı 1.0 ha torpaq sahəsi, JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinə iddiaçı tərəf İddiaçı mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı (JN-0228 KOD 30212068 saylı) olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanılaraq,müəyyən edilməsi mütləq və zəruridir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili X3 mülki işin baxılmamış saxlanılması haqqında məhkəməyə elektron formada ərizə göndərmişdir. Məhkəmə iclasında Cavabdeh1 işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 iddianın dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı bir neçə ildirdir alıb torpağı. Torpağın onların adında saxlanılmasını bilməmişlər. 190 manatla bağlı mesajlar gəlirdi mülkiyyət hüquqları ilə bağlı, kimin mülkiyyətində nə əmlak var. Onlara mesaj gələndə ki, bütün ailə üzvlərinin adına mülkiyyət var, onda bildilər ki, iddiaçı torpağı adına keçirməyib. Torpağa dair Dövlət Aktı notariusda qalmışdı. İddiaçı demişdir ki, onun tanışı var, gəlib özü ölçəcək. Təqribi yeri göstərmişdilər. İddiaçı getdi, gəldi, dedi torpağı keçirmişəm. Onlar imkansız ailədi. Hər dəfə sosial müdafiə nazirliyinə müraciət edəndə, hər dəfə gəlirdi ki, yetərincə torpaq sahəsi var ailə üzvlərin. Amma onların xəbərləri yox idi, onlarda qalan 44 sot idi. Torpaq sahəsindən çıxarış olub, bir nüsxəsi onlara verilməli idi. İddiaçı deyirdi kimsə dövlət işində işləyir, gəlsin alıb verəcək. Sonra 190 manat mesaj gələndə getdi reyestrə. Dedilər adınıza torpaq sahəsi var, nə qədərdir, kimin adınadır, ərizə verin, məlumat verək. Gəlib iddiaçıya demişlər ki, aralarında narazılıq olmasın, həmkəndliyik, keçirmisənmi torpağı öz adına? Allaha and içdi ki, keçirib, ola bilər sistemə düşməyib. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan AN-İ №0083726 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1, Cavabdeh2 və X1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş JN 228 saylı 30212068 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayon, Fərzəli oba kəndində yerləşən 1.0 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə torpağa mülkiyyət hüququna dair mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin qanunsuz və əsassız olaraq istifadə etməsini sübutetmə yükü iddiaçının üzərinə, bunun əksinə sübutetmə yükü isə cavabdehin üzərinə düşür.. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 2006cı ildə bağlanmış daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlansa da, müqavilədə satın alınmış 1,44 ha torpaq sahəsinin 1,0 ha hissəsinin koordinatları göstərilməmiş, həmin torpağın hansı hissədə yerləşməsi barədə məlumat qeyd olunmamışdır. Hazırda İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən heç bir sənədi mövcud deyil, yəni iddiaçının torpağın mülkiyyətçisi olmadığından, həmin torpaqla bağlı hər hansı subyektiv hüququ da yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və sair tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar