Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-750/2023 11.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X15, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Vəkil oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il təvəllüdlü qızı X8 ilə birlikdə Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından bir uşaqları olmuşdur. Cavabdehlə birgə nikahda olduqları vaxt Xaçmaz rayonu Armudpadar kəndində fərdi yaşayış evi almışlar və ona məxsus cehiz əmlakları da həmin evə yerləşdirilmişdir, yaşamışlar. Cavabdeh onu uşaqla birlikdə evdən çıxarmışdır və bir daha evə buraxmamışdır. O, dəfələrlə evə köçüb yaşamaq istəsə də, cavabdeh onu evə buraxmamışdır. Halbuki cavabdehlə birlikdə fərdi yaşayış evindən istifadə etməklə təsərrüfat aparmış və həmin ev onun daimi yaşayəş yeri olmuşdur. Cavabdeh tərəfindən qeyri qanuni olaraq azyaşlı uşaqla birlikdə yaşayış yerindən məhrum edilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Evdə yaşamaq hüququna malikdir, bu səbəbdən də evə köçürülməli, pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Vəkil oğlu izahatında göstərmişdir ki, iş araşdırılmış, aidiyyət məsələsi də həll olunmuşdur. Tərəflərin nikahları pozulmayıb, nikahdan bir uşaqları var, anası ilə birlikdədir. Ananın orada əşyaları var. Bugünki gündə əşyalarının böyük bir qismi oradadır. Təsərrüfatı birgə idarə etmişlər. İddianın predmeti olan evi alqı-satqı yolu ilə almışlar. Mülkiyyət davası etmirlər, pay bölgüsü istəmirlər. Sadəcə iddiaçı istəyir ki, təsərrüfatını əkib becərsin, qızını saxlasın. O, təsərrüfatına bağlı insandır. Ev də ər-arvad kimi birgə nikahda əldə etdikləri əmlakdır. Atası da evi qızına hədiyyə etmək istəyir. Ona görə də iddiaçının alqı-satqı yolu ilə əldə etdikləri evə köçüb yaşamasını xahiş edir. Ona görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Daşınmaz əmlakın dövlət qeydiyyatı barədə reyestrdə əmlak qeydiyyatdan keçəndən sonra birgə nikah dövründə əldə olunmuş sayılır. Əmlak dövlət reyestrində qeydə alınmayıb, əmlakn mülkiyyətçisinin adından "xxxx" ASC-də lizinqdədir. Hesab edir ki, iddia təmin olunmamalıdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən sorğu edilən və iş materiallarına əlavə edilən notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5, X9, X6, X20 və X21 mülkiyyətlərində olan Xaçmaz rayonu Armudpadar kəndi (0,09 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliyi 1) kəndi ünvanında yerləşən ümumi sahəsi 149,7 kv.metr, yaşayış sahəsi 73,1 kv.metr, yardımçı sahəsi 76,6 kv.metr olan fərdi yaşayış evini Cavabdeh satmışlar. İş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Armudpadar kəndində 0,09 ha torpaq sahəsi ümumi birgə, fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1, torpaq sahəsi ümumi birgə X3, X2, X11 və X12 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsinin sorğuya əsasən alınmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh ailə tərkibi ilə birlikdə Bülbülə qəsəbəsi 3-cü mədən 97 saylı evin yanında tikilmiş fərdi evdə qeydiyyatsız yaşayırlar. 1. Cavabdeh, 2. İddiaçı, 3. X7, 4. X14, 5. X10, 6. X13. İş materiallarından və EMİS-dən görünür ki, iddiaçı ilə cavabdeh 1990-cı ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar və aralarında olan nikah pozulmayıb. Faktiki ayrı yaşasalar da, rəsmi nikah münasibətlərindədirlər. İş materiallarından görünür ki, Cavabdeh Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə etmiş və hazırda ev faktiki olaraq onun xüsusi mülkiyyətindədir, lakin o, daşınmaz əmlakı dövlət reyestr xidmətində müvafiq qaydada qeydiyyatdan keçirməmişdir. İş materiallarına əlavə edilmiş notariat işinin təsdiq olunmuş surətlərində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 21092 saylı məktubundan görünür ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən yaşayış evi X4 məxsus ünvan 1i ünvanında 0,09 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini ipoteka yüklülüyünə olaraq satılmasına etiraz edilməmişdir. Beləliklə iddiaçı azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü qızı X8 iddiaçı ilə cavabdehin birgə nikahlarından anadan olmuş övladlarıdır. İş materiallarından görünür ki, tərəflər arasında ailə hüquq münasibətləri 2009-cu ildən əvvəl yaranmışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq mövcuddur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra uzun müddət həmin evdə yaşamışdır. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, hazırda mübahisəli fərdi yaşayış evi cavabdehin adına dövlət qeydiyyatından keçməsə də, iş materialları ilə sübuta yetirilir ki, həmin ev faktiki olaraq cavabdehin mülkiyyətindədir. İddiaçı ilə cavabdeh rəsmi nikah münasibətlərindədirlər və mübahisəli daşınmaz əmlak da, birgə nikah dövründə əldə edilib. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının iddia tələbi daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının əldə edilməsi, əmlakdan payının müəyyən edilməsi ilə bağlı deyil. Hazırki iddia tələbi evə köçürmə il bağlı olduğundan, daşınmaz əmlakın ipoteka ilə yüklü olmasına hər hansı bir təsir göstərmir və üçüncü şəxsin maraqlarına toxunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı azyaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh faktiki məxsus olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-750/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-750/2023
11.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver