Məhkəmə qərarları › İş №2(067)-758/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-758/2021

17.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-758/2021 17.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Buna baxmayaraq cavabdeh və arvadı Bahar Fəttahova özlərini evin sahibi kimi aparırlar, onu saymırlar, evini dağıdıb korlayırlar, səs-küy salaraq onun istirahətini pozurlar və qonşularla yaşayış qaydalarına da riayət etmirlər.Onun 80-ə yaxın yaşı var, qoca və xəstə adamdır, öz evində qalan ömrünü rahat və sakit yaşamaq istəyir. Ona görə də cavabdehi vərəsəlikdən məhrum etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh onun oğludur, lakin cavabdeh onu bezdirmişdir, onu adam yerinə qoymur, anası onun dərdindən ölmüşdür. Oğlunu yanında saxladığı qadın idarə edir. Onlar bir evdə yaşayırlar, amma oğlu onu dindirmir. Cavabdeh birinci nikahdan olan arvadını atmışdır, onların 2 uşağını o, həyat yoldaşı ilə saxlayıb böyütmüşdür. Cavabdeh telefonla başqa qadın tapıb, onu saymır. Qeyd olunanlarla əlaqədar o, hesab edir ki, oğlu vərəsəsi ola bilməz və vərəsəlik hüququndan məhrum edilməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, cavabdehin ona qarşı qeyd etdiyi hərəkətləri ilə bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat saylı ƏMDK yanında DƏDRX dövlət reyestrindən çıxarışdan və xx.xx.2019-cu il tarixli, **********78- 10301 saylı Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Cəfər Əzizov küçəsi 9 saylı ev İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə aşağıdakılara əsasən iddianın əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı iddiasını Cavabdeh onun doğma oğlu olmasına baxmayaraq, ona övladlıq etməməsi, baxmaması, onu adam yerinə qoymaması ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Mülki Məcəllənin 1193.-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1203.1.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3.-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1.-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2.-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərilməklə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsini, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsini şərtləndirən hallara aid deyil. İddiaçı irəli sürdüyü tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmadığı kimi, övladları olan cavabdehlərin ona qarşı yol verdiyini iddia etdiyi əməllər müvafiq məhkəmə tərəfindən də təsdiq olunmamışdır - bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar