Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-77/2019 10.05.2019 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Şıxıyeva (Xıdırova) Mahirə Qiyas qızına və Cavabdeh3 qarşı “torpaq sahələrinin onunla Cavabdeh1 arasında iki bərabər hissəyə bölünməsi, evin ona düşən hissəsinin kompensasiyasının Cavabdeh1 tələb olunması, ötən 10 il ərzində torpaq sahələrindən yığılmış məhsulun dəyərinin cavabdehlərdən tutulması, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, qanunsuzluqlara yol verilmiş hər bir cavabdehin layiq olduğu məsuliyyətə cəlb olunması, cavabdehlərin torpaq sahəsinə Dövlət Reyestrindən qanunsuz aldıqları çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə xx xxx 2019-cu il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1999-cu ildə verilmiş JN 0036 seriyalı 30223048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktındakı 36-cı cizgidə göstərilmiş 2,27 ha torpaq sahəsinin qərb tərəfindən – 35-ci cizgidəki torpağın mülkiyyətçisi X2 tərəfdən 34 m., əks tərəflər parallel olmaqla 0,567 ha torpaq sahəsi ona ayrılıb verilməsi, xx.xx.2002-ci ildə verilmiş JN 035 seriyalı 30223048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki 35A cizgidə göstərilmiş 0,34 ha torpaq sahəsinin qərb tərəfindən 81A cizgidəki torpağın mülkiyyətçisi X8 həyətyanı torpağı ilə qonşu hissəsindən 035A torpaq sahəsi boyunca 64 m., cənub yol tərəfdən 14 m., əks tərəflər parallel olmaqla ona 850 kv.metr torpaq sahəsi ayrılıb verilməsi, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın qanuni əsasları olmadığı üçün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X5 xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə Xaçmaz rayonunun Krasnıy Xutor kəndində ona və cavabdehlərə 2,27 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi (Dövlət Aktı: JN-0036, Kod 30223048), 0,34 ha həyətyanı torpaq sahəsi (Şəhadətnamə: JN-035A, Kod 30223048) mülkiyyətə verilmişdir. Payların bölünməsi tələbinə dair iddia ərizəsinə baxan Xaçmaz rayon məhkəməsi xx xxx 2009-cu il tarixli 2(067)-323/2009 saylı qətnaməsi ilə xx.xx.1999cu ildə verilmiş JN 0036 seriyalı 30223048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktındaki 36-cı cizgidə göstərilmiş 2,27 ha torpaq sahəsinin 35-ci cizgidəki torpağın mülkiyyətçisi X1 pay torpağı ilə qonşu hissəsində İddiaçı 0,567 ha torpaq sahəsi ayrılıb verilməsi, xx.xx.2002-ci ildə verilmiş JN 035 seriyalı 30223048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki 35A cizgidə göstərilmiş 0,34 ha torpaq sahəsinin 81A cizgidəki torpağın mülkiyyətçisi X8 həyətyanı torpağı ilə qonşu hissəsindən İddiaçı 850 kv.metr torpaq sahəsi ayrılıb verilməsi qət edilmişdir. Məhkəmə ona düşən torpaq sahəsinin ölçüsünün və istiqamətinin müəyyən olunduğunu qət etsə də, bu torpaq sahəsinin cizgilərini və koordinatlarını, müvafiq olaraqnaturada yerləşmə qaydasını müəyyən etməmişdir. Bu da həmin qətnamənin reallıqda icrasını qeyri mümkün etmişdir. Eyni zamanda bu hal uzun illər ərzində mülkiyyətçilərin arasında gedən mübahisələrin əsas səbəblərindən biridir. Paylı mülkiyyətçilərdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mütəmadi olaraq mülkiyyət hüququnu pozurlar, bağın barını bütövlükdə mənimsəyirlər, ağacları kəsib məhv etməklə və sair formada edilən qanunsuz hərəkətlərlə ona hər il böyük zərər vurmuşlar. Cavabdehlərin bu ilin fevral ayında onun əmlakının məhv edilməsi ilə bağlı hərəkətlərindən polis orqanına etdiyi şikayətin araşdırılması zamanı ona bəlli olmuşdur ki, cavabdehlər mübahisəli torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişlər. Torpaq sahəsinin koordinatlarının və cizgilərinin həmin çıxarışda göstərilmiş qaydada rəsmiləşdirilməsi mülkiyyətçi olaraq nə onun mənafelərinə uyğundur, nə bir qanuna uyöundur, nə də hər hansı bir məhkəmə qərarına əsaslanır. Məhkəmədən kənar bu mübahisənin həlli mümkün olmamışdır. Ona görə də, ona düşən torpaq sahəsinin ədalətlilik və bərabərlik prinsipləri gözlənilməklə cizgi və koordinatlarının, habelə naturada yerləşmə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda, cavabdehlərin adına qanunsuz işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi tələbini irəli sürməli olmuşdur. Daşınmaz əmlakın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi şimal tərəfdən 87200 – 87202 kordinatları boyunca – 168 m., qərb tərəfdən qonşu Allahyar Ağamirzəyev tərəfindən isə 34 m., əks tərəflər parallel, həyətyanı torpaq sahəsi qərb tərəfdən – qonşu Ramiz Tağıyev tərəfdən 035A torpaq sahəsi boyunca 64 m., cənub – yol tərəfdən 14 m., əks tərəflər parallel qaydada bölünməsini istəyir. Bu qaydada torpaq sahəsinin ayrılması mövcud münaqişələrə son qoyulmuş olar. İddiaçı ərizə təqdim edib iddia tələbini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı verdiyi iddia ərizəsi ilə bağlı Xaçmaz rayon məhkəməsinin icraatında olan mülki iş üzrə torpaq sahələrinin onunla Cavabdeh1 arasında iki bərabər hissəyə bölünməsi, evin ona düşən hissəsinin kompensasiyasının Cavabdeh1 tələb olunması, ötən 10 il ərzində torpaq sahələrindən yığılmış məhsulun dəyərinin cavabdehlərdən tutulması, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, qanunsuzluqlara yol verilmiş hər bir cavabdehin layiq olduğu məsuliyyətə cəlb olunması, cavabdehlərin torpaq sahəsinə Dövlət Reyestrindən qanunsuz aldıqları çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın dəqiqləşdirildiyi həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianın dəqiqləşdirildiyi həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Şıxıyeva (Xıdırova) Mahirə Qiyas qızına və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-036 saylı 30223048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon X5 xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3 qızının paylı mülkiyyətinə Xaçmaz rayonu Qırmızı Xutor kəndi ərazisindən 2.27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan CN-035A seriyalı 30223048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 05 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3 qızının paylı mülkiyyətinə Xaçmaz rayonunun Qırmızı Xutor kəndində cəmi 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan və Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3 qızının paylı mülkiyyətinə Xaçmaz rayonunun Qırmızı Xutor kəndində cəmi 1,703 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(067)- 17/2008 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-nin Quqarski rayonunun Allavar kənd sovetində bağlanmış və 21 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(067)- 323/2009 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.1999-cu ildə verilmiş JN 0036 seriyalı 30223048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktındakı 36-cı cizgidə göstərilmiş 2,27 ha torpaq sahəsinin 35-ci cizgidəki torpağın mülkiyyətçisi X1 pay torpağı ilə qonşu hissəsindən İddiaçı 0,567 ha torpaq sahəsi ayrılıb verilməsi, xx.xx.2002-ci ildə verilmiş JN 035 A seriyalı 30223048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki kimi 35A cizgidə göstərilmiş 0,34 ha torpaq sahəsinin 81A cizgidəki torpağın mülkiyyətçisi X8 həyətyanı torpağı ilə qonşu hissəsində İddiaçı 850 kv metr torpaq sahəsinin ayrılıb ona verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Qırmızı Xutor kəndində iddiaçı və cavabdehlərin faktiki sahibliklərində olan həyətyanı və pay torpaq sahələrinin məhkəmə qətnaməsində qeyd edilmiş hər hansı sxem və ya cizgilərin onlara təqdim edilən mülki iş materiallarına əlavə olunmadığından mübahisə predmeti olan torpaq sahələrinin məhkəmə qətnaməsində göstərilən cizgilərlə üst-üstə düşübdüşmədiyini müüəyyən etmək mümkün deyildir. Cavabdehin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyətinə verilmiş çıxarışda qeyd olunan torpağa dair koordinatlarla naturada istifadə edilən torpağın kordinatları arasında uyğunsuzluq olduğundan mülki işin araşdırılması mümkün deyildir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Xaçmaz Rayon X5 xx xxxxx 1998-ci il tarixli qərarı ilə iddiaçıya və cavabdehlərə verilmişdir, hazırda həmin torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, seriya RX ******* tarixli çıxarış vardır, həmin çıxarışa əsasən cavabdehlərin payları 0.5675 ha müəyyən edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(067)-323/2009 saylı qətnaməsində müəyyən edilmiş koordinatlar daxilində iddiaçıya 0,567 ha torpaq sahəsi ayrılıb verilməli olduğunun müəyyən edilməsinə baxmayaraq, həmin qətnamə icra edilməmişdir. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinin Cavabdeh1 ilə birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq, həmin torpaq sahəsinin özü ilə Cavabdeh1 arasında bərabər bölünməsini və xx.xx.2013-cü il tarixli, seriya RX ******* tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Azərbaycan Respublikası MM-nin 220.1.-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin məcəllənin 220.2.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3.-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin məcəllənin 220.4.-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.5.-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin məcəllənin 220.6.-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 3-cü bəndinə əsasən yerli aqrar islahatı komissiyası Dövlət Torpaq Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir. Həmin əsasnamənin 4-cü bəndinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Həmin əsasnamənin 5-ci bəndinə əsasən bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsində cavabdehlərin payı qanuni əsaslarla müəyyən edilmişdir və iddiaçının iddia ərizəsində göstərilən hallar qanuni əsaslarla mülkiyyətçi kimi qeydə alınmış vətəndaşların (iddiaçının övladlarının) mülkiyyət hüquqlarından məhrum edilməsinə əsas vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın təmin edilməməli olduğu qənaətinə gələrkən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni və Azərbaycan Respublikası Ailə Məcəlləsi 36.9-cu maddəsinin tələblərini də nəzərə alır. Belə ki, işdə olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(067)-17/2008 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-nin Quqarski rayonunun Allavar kənd sovetində bağlanmış və 21 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçı isə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə tətbiq edilən 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin ər-arvadın ümumi mülkiyyəti kimi bərabər bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Məhkəmə iddia tələbinin ”evin iddiaçıya düşən hissəsinin kompensasiyasının Cavabdeh1 tələb olunması, ötən 10 il ərzində torpaq sahələrindən yığılmış məhsulun dəyərinin cavabdehlərdən tutulması, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, qanunsuzluqlara yol verilmiş hər bir cavabdehin layiq olduğu məsuliyyətə cəlb olunması, cavabdehlərin torpaq sahəsinə Dövlət Reyestrindən qanunsuz aldıqları çıxarışın ləğv edilməsi” barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tələblər mahiyyət etibarı ilə “torpaq sahələrinin iddiaçı ilə Cavabdeh1 arasında iki bərabər hissəyə bölünməsi” tələbi ilə sıx bağlı olduğundan və bilavasitə həmin tələbin təmin edilməsindən asılı olduğundan, qeyd edilən hissələrdə də tələblər təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Şıxıyeva (Xıdırova) Mahirə Qiyas qızına və Cavabdeh3 qarşı “torpaq sahələrinin onunla Cavabdeh1 arasında iki bərabər hissəyə bölünməsi, evin ona düşən hissəsinin kompensasiyasının Cavabdeh1 tələb olunması, ötən 10 il ərzində torpaq sahələrindən yığılmış məhsulun dəyərinin cavabdehlərdən tutulması, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, qanunsuzluqlara yol verilmiş hər bir cavabdehin layiq olduğu məsuliyyətə cəlb olunması, cavabdehlərin torpaq sahəsinə Dövlət Reyestrindən qanunsuz aldıqları çıxarışın ləğv edilməsi” tələbi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: İddiaçı cavabdehlər Cavabdeh1, Şıxıyeva (Xıdırova) Mahirə Qiyas qızına və Cavabdeh3 qarşı çıxarışın ləğv edilməsi, ümumi paylı əmlakın müəyyən olunmuş paylara uyğun naturada cizgiləri və koordinatları müəyyən edilməklə bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-77/2019
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-77/2019
10.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver