Məhkəmə qərarları › İş №2(067)-782/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-782/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-782/2023 27.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə elan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu olan Cavabdeh ləyaqətsiz vərəsə elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayonu Müşkür kəndində yaşayır. Həyat yoldaşından ayrılmış və cavabdeh olan oğlu onun himayəsindədir. Cavabdeh Xaçmaz rayonu Müşkür kəndində ona məxsus fərdi yaşayış evində yaşayır. O, bir ata kimi övladı ilə həmişə normal münasibətdə mehriban olub. Lakin artıq iki ilə yaxındır ki, oğlu Heydər ona və ailəsinə qarşı haqsızlıqlar edir. Belə ki, cavabdeh olan oğlu ona bir ata kimi hörmət etmir, onu söyür, döyür, təhqir edir. O, bununla bağlı polis şöbəsinə də müraciət etmişdir. Bütün bu hadisələrə qonşular da şahiddir. Qeyd olunanlarla əlaqədar o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə elan edilməsi tələbinə dair iddia ərizəsi Mülki Məcəllənin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən rüsumun məbləği müəyyən olunmuş miqdarda ödənilmədiyindən işin məhkəmə qaydasında araşdırılması qeyri-mümkündür və iddia ərizəsi icraata qəbul edilənə qədər iddiaçı həmin nöqsanları aradan qaldırmamışdır. İş materiallarında olan dövlət rüsumu haqqında qəbzdən görünür ki, iddiaçı Xaçmaz rayon məhkəməsinin hesabına 50 manat ödəmişdir. Halbuki Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia baxılmamış saxlanılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə elan edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar