Məhkəmə qərarları › İş №2(067)-849/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-849/2024

08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-849/2024 08.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun X5 ilə birgə nikahlarından 02 dekabr 1994-cü il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində ev şəraitində X4 adlı övladının doğulması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 10 yanvar 1991-ci il tarixdə rəsmi nikah bağlamaqla Mərdəliyeva (Manafova) Yasəmən Şahbaba qızı ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından doğulmuş digər övladlarından başqa xx.xx.1994-cü ildə ev şəraitində Fidan adlı uşaqları doğulmuş, uşaq təxminən bir ay yaşamış və xx.xx.1995-ci ildə vəfat etmişdir. Uşaq çox qısa zaman ərzində həyatda olduğuna görə hətta onun üçün doğum haqqında şəhadətnamə almağı belə çatdıra bilməmişlər və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Torpaq islahatı ilə əlaqədar siyahıya alma nəticəsində xx.xx.1994-cü il tarixdə doğulmuş Fidanın adı da siyahıya düşdüyünə görə ailəsinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN- 2666 saylı, KOD 30209018 Dövlət X1 da adı göstərilmişdir. Hazırda ondan miras qalmış hissəyə vərəsəlik məsələlərinin həlli üçün uşağın doğum faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. X13 bölmə rəhbəri Minayə Rüstəmovanın verdiyi xx.xx.2023-cü il tarixli rəsmi arayışdan aydın olunur ki, həqiqətən də, xx.xx.1994- cü il tarixdə Yergüc kəndində ev şəraitində həyat yoldaşı X3 qadın cinsindən olan uşağı doğulmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/714 nömrəli arayışından görünür ki, 02 dekabr 1994-cü ildə Xaçmaz rayon Yergüc kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin övladı 1995-ci ilin yanvar ayında vəfat etmişdir. Ərizəçinin hazırda 2 qızı və 1 oğlu var. Vəfat edən uşaq Yergüc kəndində dəfn olunmuşdur, dəfndə iştirak etməmişdir. Uşaq 40 günü çıxmadan vəfat etmişdir. Bu ona görə xatirində qalmışdır ki, yeni il ərəfəsi olmuş, məclis etmək istəmişlər, lakin uşaq öldüyü üçün məclis edə bilməmişlər. Ərizəçinin digər qız övladları həmin vaxt artıq varimiş. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçinin əmisi oğludur, həm də qonşusudur. 1994-cü ilin dekabr ayında ərizəçinin qız övladı anadan olub, yanvar ayında vəfat edib. Uşaq ev şəraitində doğulmuşdur. Körpə doğulduqdan bir müddət sonra ölüb. Dəfndə iştirak etmişdir. Ərizəçinin başqa övladları var. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisidir. Əmisinin qızı 1994-cü ilin dekabr ayında anadan olub, 1995-ci ilin yanvar ayında vəfat edib. Vəfat etmə səbəbini bilmir, çünki həmin vaxt uşaq olmuş, yəni 13 yaşı olmuşdur. Ərizəçinin Sona, Qumru və Hakim adlı 3 uşağı var. Ölən uşaq Yergüc kəndində dəfn olunub, sadə başdaşı qoyulub. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/714 nömrəli arayışından görünür ki, 02 dekabr 1994-cü ildə Xaçmaz rayon Yergüc kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. -X13 bölmə rəhbəri Minayə Rüstəmovanın verdiyi xx.xx.2023-cü il tarixli rəsmi arayışdan görünür ki, X3 xx.xx.1994-cü il tarixdə qadın cinsindən uşağı doğulmuşdur. Uşaq Yergüc kəndində ev şəraitində doğulmuşdur. -Çingiz Koroğluyevin, Bəhram Mərdəliyevin, Rəşad Dadaşovun, Məhburə Mərdəliyevanın və Mais Mərdəliyevin iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Ərizəçi X5 ilə birgə nikahlarından 1994-cü ilin dekabr ayında dünyaya gəlmiş qızı X4 1995-ci ilin yanvar ayında vəfat etmiş və Xaçmaz rayon Yergüç kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X5 ilə birgə nikahlarından 02 dekabr 1994-cü il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində ev şəraitində X4 adlı övladı doğulmuşdur. Uşaq çox qısa zaman ərzində həyatda olduğuna görə hətta onun üçün doğum haqqında şəhadətnamə almağa belə vaxt olmamışdır və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Ərizəçinin müraciəti Maraqlı şəxsndə araşdırılmış, X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 02 dekabr 1994-cü il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində, ev şəraitində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabında ata qrafasında Ərizəçi, ana adı qrafasında X5 göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 02 dekabr 1994-cü il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində, ev şəraitində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabında ata qrafasında Ərizəçi, ana adı qrafasında X5 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar