Məhkəmə qərarları › İş №2(067)-853/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-853/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-853/2021 17.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsusdur. Həmin ev mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış əmlakdır. Cavabdeh ona məxsus evdə formal qeydiyyatdadır. Həmin yaşayış evini o, xx.xx.2003-cü il tarixdə alqısatqı yolu ilə satın almışdır. Cavabdeh satın aldığı evin keçmiş ailə üzvüdür. Hesab edir ki, cavabdeh evindən pasport qeydiyyatından üzürlü səbəb olmadan çıxmamışdır. Evin bütün xərclərini o, ödəyir. Cavabdeh uzun müddətdir ki, köçüb Moskva şəhərində yaşayır və qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsinə və kommunal xidmətlərə görə kirayə haqqı ödəmir. Cavabdeh ümumiyyətlə heç bir vaxt onun evində yaşamamış və evdə onun heç bir əmlakı və evlə bağlı heç bir əlaqələri yoxdur. Evə gəlib getmir. Cavabdehin onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli 5324A nömrəli Qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri C.Cabbarlı küçəsi 34 saylı ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 46 kv.metr, yaşayış sahəsi 30 kv.metr olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı özü və ailə üzvləri ilə yanaşı Cavabdeh da qeydiyyatdadır. İş materiallarında olan məlumatın elektron sorğulanmasına dair çıxarışdan görünür ki, Cavabdeh 2014-cü ildən etibarən bir neçə dəfə hava və dəmir yolu vasitəsilə Bakı- Moskva reysləri həyata keçirmişdir. Cavabdehin səfərlərinin müddətlərini təhlil edərkən müəyyən olunur ki, o, xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək olan dövr ərzində Bakı şəhərinə qısa müddətli səfərlər etmiş, əsasən isə Azərbaycan Respublikasının hüdudlarından kənarda olur. Sonuncu dəfə cavabdeh xx.xx.2019-cu il tarixdə ölkədən Moskva şəhəri istiqamətində çıxmış və hal-hazıradək də, ölkə hüdudlarından kənardadır. İş materiallarında olan Xaçmaz RİHB Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli 906 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən də ünvan 3 ünvanında yaşamır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh hazırda ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamır. Göründüyü kimi, cavabdehin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 35, 53, 54, 60 və 123-cü maddələrinə əsasən hesab edir ki, cavabdehin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh oğlunun ünvan 4 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar