Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-854/2021 27.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə 27 aprel 2021-ci il tarixdə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, H.ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, H.ünvan 1 ünvanındakı ev onun xüsusi mülkiyyətindədir. Həmin evi o, alqı-satqı yolu ilə 14.06.2006cı ildə satın almışdır. Cavabdehlər satın aldığı evin keçmiş ailə üzvləridir. Evi o, satın alandan sonra onlar orada yaşamasalar da, onun evində qeydiyyatda qalmışlar və bu onun mülkiyyətçi kimi hüquqlarını pozur. Həmin şəxslərin evində qeydiyyatda olmalarından onun xəbəri olmamışdır. Hazırda bundan xəbər tutmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun bildiyinə görə cavabdehlər İsraildə yaşayırlar, 10-15 il olar Azərbaycandan çıxıb gediblər. Cavabdehlər onun mülkiyyətində olan evdə qeydiyyatda olsalar da, evi o, alandan sonra orada yaşamayıblar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Xaçmaz şəhəri, H.ünvan 1 ünvanındakı evi İddiaçı 15000 (on beş min) manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-nin MH seriyalı ******* saylı Çıxarışından və Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri, H.ünvan 1 ünvanındakı ev İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 15.01.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri, H.ünvan 1 ünvanındakı evdə yaşayır. İş materiallarında olan 05.02.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, H.ünvan 1 ünvanındakı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.04.2021-ci il tarixli 06/21 saylı məktubundan müəyyən olunur ki, giriş-çıxış İdarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzərindən aparılmış araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 İsrail dövlətinə məxsus sərhədkeçmə sənədi ilə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışları qeydə alınmış, Cavabdeh3 isə digər ölkələrin vətəndaşlığını qəbul edib-etməməsi, həmin ölkələrdə müvəqqəti və ya daimi yaşamaq üçün icazənin olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində məlumat mövcud olmamışdır. İş materiallarında olan 25.01.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahidləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci mnaddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmaqla onun həmin ev üzərində mülkiyyət hüquqlarını pozurlar. Buna görə də, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, H.ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, H.ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-854/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-854/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver