Məhkəmə qərarları › İş №2(067)-89/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-89/2025

04.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-89/2025 04.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi Məhkəmə iclas katibi X7, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Manafoba kəndində yerləşən xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınma əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan təxminən 0.14 ha hissəsinin sonuncunun qanunsuz sahibliyindən geri alınaraq istifadəsinə qaytarılmaqla, torpaq sahəsinin tamlığının bərpa olunması, ödənilmiş 100 manat dövlət rüsumunun, habelə hüquqi yardıma görə ödənilmiş 320 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz rayonu, Manafoba kəndi ərazisində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh və mərhum nənəsi Bədirnisə Ağcabəyovanın torpaq sahəsi onun torpaq sahəsi ilə qonşuluqda yerləşir. Torpaq sahəsində çatışmamazlıq olduğundan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək müvafiq xidmət haqqı ödəməklə əlində olan mülkiyyət və texniki sənədlər əsasında torpaq sahəsinin döngə nöqtələrinin naturada yerində göstərilməsini və çatışmamazlığın aradan qaldırlılmasını xahiş etmişdir. Müraciəti əsasında həmin İdarədən torpaq mütəxəssisi gələrək onların iştirakı ilə yerində ölçmə işləri aparmaqla döngə nöqtələrini göstərmiş və məlum olmuşdur ki, qonşu torpaq mülkiyyətçisi olan Cavabdeh torpaq sahəsinin təxminən 0.14 ha hissəsini öz torpaq sahəsinə birləşdirərək istifadə edir. Cavabdehdən ona məxsus, istifadə etdiyi hissəni geri qaytarmasını xahiş etsə də o, aparılmış ölçü işlərindən narazı olduğunu, əgər məhkəmə həqiqətən də ona məxsus torpaq sahəsinin təxminən yarı hissəsindən qanunsuz istifadə etdiyini müəyyən etsə, o halda torpaq sahəsini geri qaytaracağını bildirməklə həmin hissəni könüllü olaraq qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən reyestr xidməti ölçmə işlərinin nəticəsinə dair ona cavab məktubu göndərmiş və həmin məktubu iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ona məxsus torpaq sahəsini könüllü olaraq geri qaytarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin müvafiq ekspertiza qərardadı əsasında ekspertlərin verdiyi rəylə də təqdiq olunmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsinin 0,12 ha hissəsindən istifadə edir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, ona məxsus torpaq sahəsinin cavabdehin istifadəsində olan hissəsinin cavabdehdən alınaraq ona qaytarılması, eləcə də tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun, habelə hüquqi yardıma görə ödədiyi 320 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, torpaq islahatları zamanı onun və mərhum nənəsi X1 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Manafoba kəndi ərazisindən cəmi 0,67 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair mülkiyyət sənədləri vardır. İddiaçı onların torpaq qonşusudur. Hazırda iddiaçı iddia edir ki, guya ona məxsus torpaq sahəsinin 0.14 ha hissəsindən istifadə edir. Bu tələbi qəbul etmir. İddiaçının qonşuluğunda olan torpaq sahəsi ona məxsus olsa da o, özü Bakı şəhərində yaşayır. Həmin torpaq sahəsindən faktiki olaraq qardaşı istifadə edir. Özü ara-sıra rayona gəlibgedir. İddiaçı torpaq sahəsinin çatışmamazlığını müəyyən etdikdən sonra Reyestr İdarəsinə müraciət etmiş, reyestr xidmətindən mütəxəssis gəlib ölçmə işləri apararaq belə nəticəyə gəlmişdir ki, guya iddiaçının torpaq sahəsinin bir hissəsi onun istifadəsindədir. O, həmin ölçmə işləri ilə razı olmamışdır. Çünki, mütəxəssislər gəlib əraziyə baxış keçirərkən ən azı ona da məlumat verməli idilər. Onun məlumatı və məhkəmə qərarı olmadan özbaşına əraziyə gəlib bölgü işləri aparılmışdır. Ölçü işlərini də əslində torpaq sahələrinin orta hissəsindən deyil, torpaq sahələrinin başlanğıc nöqtəsindən başlayaraq aparmalı idilər. Bu səbəbdən iddiaçı ona müraciət etdikdə etirazını bildirərək mübahisənin məhkəmə yolu ilə həll edilməsini təklif etmişdir. Məhkəmə qərardadı əsasında ekspertiza keçirilmiş, lakin həmin ekspertiza zamanı da eyni qaydada ölçmə işləri aparılaraq onun əleyhinə rəy vermişlər. Əgər mütəxəssis və ekspert rəylərinə əsasən onun istifadəsindən 0,12 ha torpaq sahəsi alınıb iddiaçıya verilərsə, bu zaman onun torpaq sahəsinin həcmi azalır və çatışmamazlıq yaranır. Ona görə də istəyir ki, onun torpaq sahəsi də torpaq sahəsinin sənədlərində göstərilən ölçülər daxilində yerində ölçülərək torpaq sahəsinin tamlığı bərpa olunsun. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 oktyabr 2023-cü il qeydiyyat tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2023-cü il tarixli, B seriyalı, 100883 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində Xaçmaz rayonunun Manafoba kəndi ərazisində 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0019 seriyalı, 30213048 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Cavabdeh və X2 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Manafoba kəndi ərazisindən cəmi 0,67 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09 mart 2024-cü il trixli, 3-21-3-34/2-M-00xx-xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı müraciətinə baxılmışdır. Ərizəçinin ərizəsində qeyd etdiyi Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsi faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Lakin ölçü işləri aparıldıqdan sonra qonşu torpaq sahlərinin istifadəçiləri aparılan ölçü işlərinə narazılıqlarını bildirmişlər. Məhkəmənin 06 may 2024-cü il tarixli qərardadına əsasən məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri mübahisəli əraziyə yerində baxış keçirmişdir. İş materiallarında olan baxışın nəticəsinə dair Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyinin nəticə hissəsindən, rəyə əlavə olunmuş mübahisəli torpaq sahəsi göstəriməklə ərazinin planından çıxarış və ölçü planından görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə, DWG məlumatlarına və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:

1. xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşməklə İddiaçı mülkiyyətində olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və hal-hazırda iddiaçının istifadəsində 0.23 ha torpaq sahəsi təşkil edir, (sxem əlavə olunur).

2. Torpağa mülkiyyət hüququna dair JN-0019 seriyalı, 30213048 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Manafoba kəndi ərazisində yerləşməklə Cavabdeh və 1 nəfər ailə üzvünün paylı olaraq mülkiyyətlərində olan cəmi 0.67 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və hal-hazırda cavabdehin istifadəsində 0.67 ha torpaq sahəsi təşkil edir.

3. xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşməklə İddiaçı mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin, elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.12 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

4. Torpaq sahəsinin qərb istiqamətindən cənubdan şimala 2.71 metrə, qərbdən şərqə 363.08 metrə, şimaldan cənuba 4.0 metrə və şərqdən qərbə birinci nöqtəyə 362.3 metrə təşkil edir.

5. Mübahisəli ərazidə real vəziyyəti sxemdə əks olunmuşdur. İstinad olunan mütəxəssis rəyinə əlavə edilmiş ərazinin planından çıxarışda göstərilən orto-fotodan, həmin planda olan 3-cü qeyddən və ərazinin ölçü planından da göründüyü kimi İddiaçı məxsus 0.35 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsinin ölçüsü 0,12 ha təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Hüseyn Məmmədov tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli, 10/1085 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatı Xaçmaz rayonu, Manafoba kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyinə əsasən aparılmış, aparılmış ekspertiza tədqiqatı zamanı qərardadın 1-ci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edildiyi kimi xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşməklə İddiaçı mülkiyyətində olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə halhazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,23 ha təşkil etdiyi, qərardadın 2-ci sualı üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edildiyi kimi torpağa mülkiyyət huququna dair JN-0019 seriyalı, 30213048 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Manafoba kəndi ərazisində yerləşməklə Cavabdeh və 1 nəfər ailə üzvünün paylı olaraq mülkiyyətlərində olan cəmi 0.67 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpaq sahəsinin sərhədləri müəyyən edilməklə hal-hazırda cavabdehin istifadəsində olan torpaq sahəsinin 0.67 ha təşkil etdiyi, qərardadın 3-cü sualı üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edildiyi kimi xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden çıxarışa əsasən Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşməklə İddiaçı mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin, elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.12 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu, qərardadın 4-cü sualı üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edildiyi kimi, torpaq sahəsinin sahəsinin qərb istiqamətindən cənubdan şimala 2.71 metrə, qərbdən şərqə 363.08 metrə, şimaldan cənuba 4.0 metrə və şərqdən qərbə birinci nöqtəyə 362.3 metrə təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan Xaçmaz rayonunun Manafoba kəndi ərazisində olan 0,35 ha kənd təsərrüfatlı torpaq sahəsinin təxminən 0,14 ha hissəsindən qonşu torpaq mülkiyyətçisi olan Cavabdeh qanunsuz olaraq istifadə edir. İstifadə etdiyi torpaq sahəsinin geri qaytarılmasını dəfələrlə tələb etsə də cavabdeh könüllü olaraq torpaq sahəsini geri qaytrmamışdır. Cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçının qonşuluğunda olan torpaq sahəsi ona məxsus olsa da o, iddiaçının torpaq sahəsini tutmamışdır. İddiaçının müraciəti əsasında Reyestr xidmətinin mütəxəssisi əraziyə ölçmə işləri aparmış və belə nəticəyə gəlmişdir ki, guya iddiaçının torpaq sahəsinin bir hissəsi onun istifadəsindədir. O, həmin ölçmə işləri ilə razı olmamışdır. Çünki, ölçü işləri torpaq sahələrinin orta hissəsindən deyil, torpaq sahələrinin başlanğıc nöqtəsindən başlayaraq aparılmalı idi. Bu səbəbdən iddiaçı ona müraciət etdikdə etirazını bildirərək torpaq sahəsini qaytarmamış və mübahisənin məhkəmə yolu ilə həll edilməsini təklif etmişdir. Məhkəmə qərardadı əsasında ekspertiza keçirilmiş, lakin həmin ekspertiza da eyni qaydada ölçmə işləri apararaq onun əleyhinə rəy vermişlər. Ona görə də iddiaçının ona qarşı torpaq tələbini əsassız hesab edir. Göründüyü kimi bu zaman İddiaçı üzərinə Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonunun Manafoba kəndi ərazisində olan 0,35 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,14 ha hissəsindən qanunsuz istifadə etməsini sübutetmə yükü düşür. Əksinə olaraq, Cavabdeh üzərinə iddiaçıya məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmamasını və qanunsuz istifadə etməməsini, torpaq sahəsindən həmin torpaq sahələrinin mülkiyyət sənədində olan cizgilər daxilində istifadə eməsini sübutetmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmüşdür ki, iddiaçıya məxsus 0,35 torpaq sahəsinin 0,12 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə Cavabdeh İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin 0,12 ha hissəsini zəbt edərək qanunsuz istifadə etməsi halı öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmadığını, istifadəsində olan torpaq sahəsindən həmin torpaq sahəsinin mülkiyyət sənədində olan cizgilər daxilində istifadə ediyini göstərsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu və sənədi məhkəməyə təqdim etməmiş, həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Başqa sözlə məhkəmə tədqiqatı zamanı iddiaçıya məxsus Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin 0,12 ha hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunduğu sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan 25 oktyabr 2023-cü il qeydiyyat tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 035 ha hənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 212 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə 25 oktyabr 2023-cü il qeydiyyat tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi müliyyətinə aid Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan 0,12 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla mülkiyyətinə aid ümumilikdə 0,35 ha torpaq sahəsinin tamlığı bərpa olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 15264 nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Xaçmaz rayon Vəkil Bürosunun hesabına ona göstərilmiş hüquqi yardıma görə 320 manat və iddianın verilməsi üçün Xaçmaz rayon məhkəməsinin hesabına 100 manat rüsum ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə iddiaçı tərəfindən Xaçmaz rayon Vəkil Bürosunun hesabına ona göstərilmiş hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq məhkəmənin hesabına ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə edildiyindən Azərbaycan Respublikası MPM-nin 117-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK JTREAZ 22, hesab «AZ34JTRE ******************** nömrəli hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ :

İddia qismən təmin edilsin.

1. 25 oktyabr 2023-cü il qeydiyyat tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi müliyyətinə aid Xaçmaz rayonunun Manafoba kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan 0,12 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla mülkiyyətinə aid ümumilikdə 0,35 ha torpaq sahəsinin tamlığı bərpa edilsin.

2. İddiaçı tərəfindən Xaçmaz rayon Vəkil Bürosunun hesabına ona göstərilmiş hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin.

3. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK JTREAZ 22, hesab «AZ34JTRE ******************** nömrəli hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar