Məhkəmə qərarları › İş №2(067)-899/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-899/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-899/2021 31.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun və iki azyaşlı uşağının, xx.xx.2015-ci il tarixdə anadan olmuş Dinaranın və xx.xx.2016-cı il tarixdə anadan olmuş Rəsulun cavabdehlərdən Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi, həmçinin onun və uşaqlarının bu evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 sabiq həyat yoldaşı, Cavabdeh2 Adgözəl oğlu isə sabiq qaynatasıdır. O, Cavabdeh1la xx.xx.2014-cü ildə evlənmiş və ailə qurandan sonra qaynatasının razılığı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin evdə xx.xx.2015-ci ildə Dinara və xx.xx.2016-cı ildə Rəsul adlı uşaqları anadan omuşlar. O, 2014-cü ildən 2020-ci ilin fevral ayınadək gəlin köçdüyü evdə daimi yaşamışdır. Uşaqları həmin evdə böyümüşlər. 2020-ci ilin fevral ayında həyat yoldaşı ilə münasibətləri pozulduğuna görə evdən çıxıb atasının evinə qayıtmışdır. Sonradan ərinin evinə geri qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmamışlar. Onun bütün cehiz əmlakları da həmin evdədir, başqa yaşayış yeri yoxdur. Ona görə qaynatasına məxsus mübahisəli evdən uşaqları ilə birlikdə istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, mübahisəli ev qaynatasının adına rəsmi qeydə alınmamışdır, amma ona məxsusdur. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd olunanlarla əlaqədar iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı özü könüllü olaraq onun evindən çıxıb getmişdir, iddiaçı gedəndən sonra o, oğlunu da evdən çıxarmışdır. Hazırda oğlu kirayədə yaşayır. Ona görə iddiaçının da evinə köçürülməsinə və ona orada istifadə hüququ verilməsinə etiraz edir. Mübahisəli ev 1984-1985-ci ildə inşa edilib və ona məxsusdur, amma onun evə dair mülkiyyət sənədi yoxdur, evin texniki pasportu var. Evin yerləşdiyi torpaq sahəsi onun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı 2014-cü ildə mübahisəli evə köçmüş və 2020-ci ilin fevral ayınadək orada yaşamışdır. İddiaçı ilə oğlunun uşaqları həmin evdə anadan olmuş, orada böyümüşlər. İddiaçının mübahisəli evə köçürülməsinə və oradan istifadə hüququnun müəyyən edilməsinə qəti etiraz edir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 970866 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Rəsulov Cavabdeh1 Günay Adil qızı ilə xx.xx.2014cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. İş materiallarında olan AZ-İİİ seriyalı 538666 saylı və AZ-İİİ seriyalı 817331 saylı doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından xx.xx.2015-ci ildə X3 və xx.xx.2016-cı ildə X5 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Xaçmaz şəhəri, ünvan 2 ünvanda müvəqqəti olaraq yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi heç kimin adına qeydə alınmamışdır və Cavabdeh2 faktiki sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işdə olan sübutlarla müəyyən etmişdir ki, mübahisə predmeti olan ev heç kimin, o cümlədən cavabdehlərin mülkiyyəti kimi qeydə alınmamışdır.Cavabdehlər həmin evin mülkiyyətçisi deyil, yalnız qanuni sahibləridir. Bu hal isə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5.-ci maddəsində nəzərdə tutulmuş qaydada evin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma bağlamasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə xx.xx.2014-cü ildə gəlin köçməsi, 2014-cü ildən 2020-ci ilin fevral ayınadək gəlin köçdüyü evdə daimi yaşaması, həmin evdə Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından xx.xx.2015-ci ildə Dinaranın və xx.xx.2016-cı ildə Rəsulun anadan olmaları və orada böyümələri işin halları ilə müəyyən edildiyindən iddiaçı İddiaçı və onun uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin normalarına uyğun həll edilməlidir. Məhkəmə tərəflərin izahatından müəyyən etmişdir ki, iddiaçı xx.xx.2014-cü ildə Cavabdeh1 ilə ailə həyatı quraraq, mübahisəli evə gəlin köçmüş, onların birgə nikahından iki övladları anadan olmuşdur. 2020-ci ilin fevral ayında iddiaçı həyat yoldaşı Cavabdeh1 ilə münasibətləri pozulduğuna görə evdən çıxıb atasının evinə qayıtmışdır. Sonradan ərinin evinə geri qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmamışlar. Onun bütün cehiz əmlakları da həmin evdədir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. x xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən içarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçıların evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X4rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Məhkəmə hesab edir ki, cavabdehin 2020-ci ilin fevral ayında mübahisəli evdən çıxmasına baxmayaraq, onun özünə məxsus olan cehiz əmlakı evdən çıxarmaması iddiaçının həmin evdə yaşamaq niyyətinin olmasını göstərir. Eyni zamanda Cavabdeh2 məhkəmə iclasında iddiaçının mübahisəli evə qayıtmasına qəti şəkildə etiraz etməsini bildirməsi, iddiaçının mübahisəli evə könüllü surətdə qayıdıb yaşamasına onun tərəfindən maneələr yaradıldığını təsdiq edir. Bununla yanaşı iddiaçı ilə Cavabdeh1 arasında nikah pozulmamışdır və o, icarədarın ailə üzvü kimi evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Hazırda cavabdehlər tərəfindən iddiaçının mübahisəli evə qayıtmasına maneələr yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin evə qayıtmaq istəməsi onun həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini evə köçürülmə tələbinə dair hissədə əsaslı hesab edir, lakin mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində heç kəsin mülkiyyət hüququ qeydə alınmadığı üçün məhkəmə iddia tələbini istifadə hüququnun tanınmasına dair hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı cavabdeh azyaşlı övladları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birgə Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumundan 5 (beş) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar