Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-915/2024 14.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə 14 may 2024-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə yaşadığı Xaçmaz rayonu, Hacıəbdürəhmanoba kəndində yerləşən evdən istifadə hüququnun müəyyən edilməklə onun bir azyaşlı övladı ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 2018-ci il tarixdə rəsmi olaraq ailə qurmuşdur. O, Cavabdeh ilə hal-hazırda ayrı yaşayırlar. Nikaha daxil olduğu gündən Cavabdeh ilə birgə təsərrüfatlı olan Xaçmaz rayonu Hacıəbdürəhmanoba kəndində yaşamışdır. Həmin evi birgə nikah zamanı bir yerdə təmir etmişlər. Özü valideynləri ilə birgə yaşayır. Bir uşaqla onun üçün çox çətindir. Valideyinlərinə məxsus olan ev darisqaldır. Ondan əlavədə həmin evi biz birgə nikah zamanı bir yerdə əldə edərək istifadə etmişlər. Birgə nikah dövründə bir övladı: xx.xx.2020-ci təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh ona və uşağına qayğı göstərmir. Cavabdeh evdən onu bir azyaşlı uşağı ilə çıxarmış və o, dəfələrlə qayıtmaq istəsə də həmin evə buraxmamışdır. Valideynlərinə məxsus olan ev darısqal olduğundan orada yaşaya bilmir. Ona görədə kirayədə yaşamaq məcburiyyətində qalır. İş yeri olmadığı üçün kirayədə qalmaq onun üçün bir azyaşlı uşaqla çətindir. Kirayədə azyaşlı uşaqla qalmaq həmçinin uşağı evdə tək qoyub işləmək ona çətin olur. Bundan sonra onun ev almağa və yaxud da kirayə ev tutub yaşamağa maddi imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki,o, cavabdehlə 2018-ci ildə ailə qurmuşdur. Lakin iki ildir ki, ayrı yaşayırlar. Gəlin köçdüyü evə köçürülməyini tələb edir. Başqa əlavəsi yoxdur. Evin kimin adına olduğunu bilmir. O, həmin evə gəlin köçmüşdür. Nikahları pozulub. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər xx.xx.2018-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci ildə Mina anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci ildə bağlanmış nikah qeydinin pozulması, xx.xx.2020-ci il təvəllüdlü X5 - iddiaçı (anası) İddiaçı yanında (himayəsində) qalması, xx.xx.2020-cı ıl təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh 190 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumatından müəyyən olunur ki, 5 saylı Xaçmaz Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən adı qeyd olunan Cavabdeh adına xx.xx.2023-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ümumbirgə mülkiyyət üzrə Xaçmaz rayonu, Hacı Əbdurəhimoba kəndində yerləşən 4.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-55A saylı(Kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasən, ümumbirgə mülkiyyət üzrə Xaçmaz rayonu, Hacı Əbdürəhimoba kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi aşkar edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Hacı Əbdürəhimoba kəndində X3 yerləşən 4.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-8 saylı, 30209043 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, X3 Xaçmaz rayonu, Hacı Əbdürəhimoba kəndində paylı mülkiyyətlərinə 4.47 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-055A saylı, 30208048 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, X3 Xaçmaz rayonu, Hacı Əbdürəhimoba kəndində paylı mülkiyyətlərinə 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Dədəli kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Xaçmaz rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Nurədin oğlunun hazırda yaşadığı Xaçmaz rayonu, Hacıəbdürəhimoba kəndində yerləşən fərdi yaşayış evinin qeyd olunduğu təsərrüfatın başçısı kimi cavabdeh şəxsin atası X4 qeyd olunmuşdur. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2018-ci il tarixində ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı Xaçmaz rayonu Hacıəbdürəhimoba kəndində yaşamağa başlamışdır. Hazırda İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə barədə iddia qaldıraraq, azyaşlı övladı ilə birgə Xaçmaz rayonu Hacıəbdürəhimoba kəndində yerləşən evə yaşayış sahəsindən hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə görə kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Qeyd edildiyi kimi mübahisə predmeti olan evə dair təsərrüfatın başçısı kimi cavabdeh şəxsin atası X4 qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinə dair mülkiyyət hüquqları hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, yuxarıdakı normanın tələbinə görə bu əmlak X2 mülkiyyəti kimi qeydə alına bilər, yəni o, əmlaka dair qanuni gözlənti hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər xx.xx.2018-ci ildə yarandığından (nikaha girmə tarixi) məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh ilə 2018-ci il tarixdə ailə qurmuş, ailə qurduqdan sonra Xaçmaz rayonu Hacıəbdürəhimoba kəndində olan yaşayış evinə gəlin gəlmişdir. Göründüyü kimi, iddiaçı gəlin köçən zaman artıq mübahisə olunan ev mövcud olmuş, onun inşa olunmasında iddiaçı və ərinin heç bir iqtisadi marağı formalaşmamışdır. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, təsərrüfatbaşına kitabda bu əmlak cavabdehin atasının adına qeydə alınmışdır və onun bu əmlaka dair qanuni gözlənti hüququ mövcuddur. İşdən görünür ki, tərəflər arasında olan nikah 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Belə olan halda İddiaçı mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə tələbi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə təmin edilə bilməz və bu tələbin təmin edilməsi məhkəmənin qənaətinə görə mübahisəli əmlaka münasibətdə qanuni gözlənti hüququna malik N.A.Ağakişiyevin hüquqlarının pozulması ilə nəticələnər. Bu baxımdan məhkəmə İddiaçı hazırki iddiasının əsassız olması qənaətinə gəlir. Məhkəmə eyni zamanda, iddiaçının boşanandan sonra mübahisəli evdə deyil, başqa ünvanda yaşamasını nəzərə alaraq hesab edir ki, onun mübahisəli evdən istifadə hüququnun müəyyən müddətə saxlanılmasına da zərurət yoxdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Beləliklə, işin hallarına əsasən iddiaçının mübahisəli evə köçürülməsi X1 həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin hazırda ailə üzvü (digər qohumu) olmadığından, onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasının təmin olunması üçün heç bir hüquqi əsas olmadığından iddia əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulduğundan, onunla cavabdeh arasında heç bir qohumluq qohumluq münasibətləri olmadığından, onun həmin yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. Bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçının sözügedən evdən istifadə hüququ olmadığı təqdirdə həmin yaşayış sahəsinə köçürülməsini qanunvericilik istisna edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-915/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-915/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver