Məhkəmə qərarları › İş №2(067)-95/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-95/2020

03.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-95/2020 03.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X12, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi, mülkiyyətində olan mətbəx və evin istifadəsinə maneəçilik törədən halların aradan qaldırılması və ona vurulmuş 5000 manat məbləğində maddi zərərin və 10000 manat mənəvi zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev atası X3 mülkiyyətindədir. Hazırda həmin evdə qardaşı Şakir öz ailəsi ilə yaşayırlar. Atası 1995-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin evi vərəsəlik yolu ilə onlar qəbul etmişlər və sahiblik edirlər. Cavabdeh qonşularıdır. Vərəsəlik yolu ilə onların sahibliyində keçmiş ev 2 mərtəbəli, 4 otaqlı olmaqla 0,07 ha həyətyanı torpaq sahəsində tikilmişdir. Həmin evin texpasportu işlənmişdir. Cavabdeh köhnə evini söküb təzə ev tikmiş və həmin evin bir divarını onunla sərhəd xəttində tikmişdir. Halbuki, həmin yerdə onun tərəfində tikdiyi mətbəx sərhəd xəttindən 50 sm aralı tikmişdir. Cavabdeh evi tikərkən ona izah etmişdir ki, evin ona tərəf divarı sərhəd xəttindən 50 sm və ya 1 metr aralı olmalıdır ki, qonşulara maneə olmasın. Lakin cavabdeh onların təkidlərinə baxmayaraq öz evinin onlara tərəf divarını aralarındakı sərhəd xəttində tikmişdir. Bundan əlavə onun mətbəxinin arxasında saxladığı 50 sm enində olan sahəni zəbt edib bağlamışdır ki, bu da mətbəxin arxasına keçib müəyyən işləri görməsini məhdudlaşdırmışdır. Hazırda cavabdeh tərəfindən tikilən evin damından axan yağış suları mətbəxinin və evinin divarlarının dibinə tökülür və bunun nəticəsində divarlar dağılır və yararsız hala düşür. Bu barədə cavabdehi dəfələrlə xəbərdar etsə də, bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri, yersiz mübahisələri nəticəsində psixi xəstəliyə tutulmuş vı intensiv müalicə olunmalıdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir. İddiaçı ilə onun evinin arasında tikinti normalarına uyğun məsafə vardır. O, iddiaçının ərazisindən istifadəsinə heç bir maneçilik göstərmir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2129 saylı ekspert rəyini və sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, İş materiallarında olan XİV-JQ seriyalı 326661 kodlu doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı Mamməd oğlu xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Onun atası X8, anası X2r. İş materiallarında olan İV-JQ seriyalı 417019 kodlu ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 472484 kodlu ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan texniki pasportdan müəyyən olunur ki, Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. İş materiallarında olan texniki pasportdan müəyyən olunur ki, Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi ev 89 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan JN-1051F seriyalı 30202001 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X7 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında Cavabdeh, X9, X6 və X1 mülkiyyətinə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2129 saylı ekspert rəyindən X5 mülkiyyətində olan Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi ev 91 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsindən Cavabdeh tərəfindən istifadə olunmadığı və tikili inşa edilmədiyi müəyyən olunur. Cavabdeh tərəfindən tikilən evin damının iddiaçıya tətəf olan hissəsi navalça ilə təmin olunduğundan, həmin evin damından axan yağış suları nəticəsində X5 mülkiyyətində olan Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi ev 91 ünvanında yerləşən evə zərər dəyməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. X5 mülkiyyətində olan Xudat şəhəri, Kirov küçəsi ev 91 ünvanında yerləşən evdən iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneə törədilib-törədilməməsi məhkəmə tərəfindən qiymətlədirilə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı oğlndan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və zərərin ödənilməsi tələbinə dair idda ərizəsi təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar