Məhkəmə qərarları › İş №2(067)-953/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-953/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-953/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Səlimbəy qızının Xaçmaz rayonu, uzunoba kəndində atası X13 məxsus 0,25 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə onun vərəsiliyi qəbul etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi Səlimbəy qızı ərizə ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Uzunoba kəndində atası X13 məxsus 0,25 ha torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o 1969-cu ildə vəfat etmiş və Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində 0,25 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi olmuş atası X6 qalmış daşınmaz əmlaka dair miras torpaq sahəsinə və evə vərəsəliyi qəbul etmək üçün neçə ildir müvafiq orqanlara, o cümlədən X22 kontoruna müraciətlər etmişdir. Qeyd olunan miras əmlaka görə onun müraciətinə əsasən Notariat İdarəsində miras qoyanın adına xx.xx.2015-ci il tarixində vərəsəlik işi açılmışdır. Miras əmlak barədə kəndin 04 saylı təsərrüfatbaşına kitabının 174-cü sahəsində, 849 saylı hesab nömrəsi ilə də qeyd var idi. Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təssərüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd idi. Lakin o, mülkiyyət hüququnu təsdiq edən sənəd verə bilmədiyindən notariat orqanı tərəfindən 2015-ci il tarixində ƏMDK DƏDRX-nin Ərazi İdarəsinə müraciət olundu. Lakin sorğuya müsbət cavab verilmədiyindən xx xxxxxxx 2018-ci tarixdə həmin orqana yenidən müraciət olunsa da, sənəd əldə olunmadı. O, hətta xx.xx.2019-cu il tarixində vərəsəlik haqqında DNK məktubuna əsasən vərəsəlik işi üçün 79,6 manat dövlət rüsumu da ödəmişdir. Bu səbəbdən də indiyədək notariat orqanı ona vərəsəlik haqqında şəhadətnamə verə bilmədi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivinin xx xxxxxx 2014-cü il tarixli 591 saylı arxiv arayışından görünür ki, Xaçmaz rayonu Dövltə arxivində saxlanılan Xaçmaz rayonu Uzun oba kənd X5 İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid Uzunoba kəndi üzrə 04 saylı qaytanlanmış təsərrüfatbaşına kitabında mərhum X9 şəxsi mülkiyyətində 1936-cı ildə rikilən yaşayış evi və xüsusi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Şəxsi hesab №75, v. 5-6 İş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivinin xx xxxxxx 2017-ci il tarixli 611 saylı arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xaçmaz rayonu Dövltə arxivində saxlanılan Xaçmaz rayonu Uzun oba kənd X5 İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid Uzunoba kəndi üzrə 04 saylı qaytanlanmış təsərrüfatbaşına kitabında mərhum X9 şəxsi mülkiyyətində 1936-cı ildə rikilən yaşayış evi və xüsusi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Ailə üzvlərinin siyahısı aşağıdakı kimi qeyd olunmuşdur.

1. X16- ailə başçısı 1925-ci il (anadan olan il)

2. X10- arvadı 1926-cı il

3. Kərəmov Nəbi Zaman oğlu- oğlu 1947-ci il

4. X17- oğlu 1948-ci il

5. X18- oğlu xx.xx.1954-cü il

6. X19- oğlu xx.xx.1957-ci il

7. X15- qızı xx.xx.1959-cu il

İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd İƏD nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixli 346 saylı arayışın notarial təsdiq olunmuş surətindən görünür ki, həqiqətən də X16 1925-ci ildən 1962-ci ilə kimi ünvan 1i ünvanında yaşamış və xx.xx.1962-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. Ölümündən sonra evi və təsərrüfatı 2012-ci ilədək arvadı X10, oğlu X19, oğlu Nümayəndə və qızı Ərizəçi idarə etmişlər. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd İƏD nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixli 347 saylı arayışın notarial təsdiq olunmuş surətindən görünür ki, həqiqətən də X10 1926-ci ildən ünvan 1i ünvanında yaşamış və xx.xx.2012-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. Ölümündən sonra evi və təsərrüfatı oğlu X19, oğlu Nümayəndə və qızı Ərizəçi idarə etmişlər. Maraqlı şəxs Nümayəndə tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, bacısı Ərizəçi Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində atası X13 məxsus 0,25 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə vərəsəliyi qəbul etməsinə etirazı yoxdur, bununla bağlı gələcəkdə heç bir iddia və tələbi olmayacaq. Maraqlı şəxs X19 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, bacısı Ərizəçi Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində atası X13 məxsus 0,25 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə vərəsəliyi qəbul etməsinə etirazı yoxdur, bununla bağlı gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 112/69 saylı sənəddən görünür ki, X15 xx xxxxxx 1959-cu ildə Xaçmaz rayon Uzunoba kəndində anadan olmuşdur. X3, anası X4r. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 112 saylı sənəddən görünür ki, X16 və X2 barəsində nikah haqqında xx xxxxxxx 1959-cu il tarixdə 13№li akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Kərəmov, arvada Kərəmova soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 111 saylı sənəddən görünür ki, X16 xx xxxxxx 1969-cu ildə ölmüşdür. Ölüm haqqında xx xxxx 1969-cu il tarixli 33№li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi mədə qanaxması olmuşdur. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 111 saylı sənəddən görünür ki, X11 xx xxxxxxx 2012-ci ildə ölmüşdür. Ölüm haqqında xx xxxxxx 2012-ci il tarixli 314№li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi kardiogen şok olmuşdur. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 110 saylı sənəddən görünür ki, X7 və X15 barəsində nikah haqqında xx xxxxxxx 1987-ci il tarixdə 23№li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadə verilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, 1952-ci ildə Xaçmaz rayonunda anadan olub. Ərizəçi qızını və onun qardaşlarını uzun illərdir ki, tanıyır. Onlar Xaçmaz rayonu, Uzunoba kəndində yaşayırdılar. Onların valideynləri rəhmətə gedəndən sonra, evdə heç kəs yaşamır amma evi faktiki olaraq Bahar idarə etməyə davam etmişdir, yəni Bahar Rusiya Federasiyasında yaşasa da, evə nəzarəti o həyata keçirir, lazimi təmir işləri aparır. Bahar və onun qardaşları arasında evlə bağlı heç bir mübahisə yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konsitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bunu nəzərə alaraq, hesab edir ki, miras qoyan şəxs vəfat etdiyindən, ondan miras qalmış əmlakla bağlı mülki münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə miras əmlakın kimin tərəfindən qəbul edilməsini araşdırarkən aşağıdakılara diqqət yetirmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə mərhum nənəsindən və xalasından miras qalmış miras əmlakı qəbul etməsini sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Məhkəmə hesab edir ki, miras qalmış evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaması, həmin əmlaka münasibətdə iddiaçı tərəfindən mirasın qəbul edilməməsi və mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə bütün yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, X8 miras qalmış Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

Ərizə təmin edilsin. X8 miras qalmış Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Bu qətnamə X8 miras qalmış Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Ərizəçi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməsə, qətnamə qəbul edilən gündən 1 ay sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar