Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-958/2021 18.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən 0,32 ha torpaq sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1968-ci ildə X7 ilə rəsmi nikah bağlayaraq Xaçmaz rayonu Hülövlü kəndində qayınatanın evinə gəlin köçmüşdür. Gəlin köçdükdən sonrahəyat yoldaşı ilə qayınatanın yerləşdiyi torpaq sahəsinin yanında özlərinə 1970-ci ildə fərdi yaşayış evi tikdirmişlər. Həmin fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair onun adına 1988-ci ilin may ayında texniki pasport verilmişdir. Həyat yoldaşı xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. O, 1970-ci ildən hal-hazıradək qeyd olunan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,32 ha torpaq sahəsindən mübahisəsiz istifadə edərək yaşayır. Bütün bu illər ərzində həm torpağa görə, həm də fərdi yaşayış evinə görə olan bütün ödəmələri ödəmişdir. Aidiyyatı orqanlara müraciət edərək istifadəsində olan torpaq sahəsinin rəsmiləşdirilməsini tələb etsə də, heç bir nəticə olmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin sahənin 100 kv.m hissəsini xx xxxxx 2009-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək mobil telefon rabitəsi və texnoloji avadanlığının yerləşdirilməsi üçün “xxxx” MMC ilə arasında icarə müqaviləsi bağlanaraq icarəçinin istifadəsinə verilmişdir. Ona görə də, 50 il ərzində mübahisəsiz istifadəsində olan torpaq sahəsinə istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı Əlsahib qızı iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, anadan olandan Xaçmaz rayonu, Hülövlü kəndində yaşayır. İddiaçı Əlsahib qızını 1984-cü ildən tanıyır. Onunla qonşuluqda yaşayır. İddiaçı Əlsahib qızı istifadəsində olan torpaq sahəsini uzun illərdir ki, mübahisəsiz olaraq istifadə edir və hər hansı bir qonşu tərəfindən onun faktiki istifadəsində olan torpaq sahəsinə dair mübahisəsi yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatında bildirmişdir ki, anadan olandan Xaçmaz rayonu, Hülövlü kəndində yaşayır. İddiaçı Əlsahib qızını uzun illərdi ki, tanıyır. Onunla qonşuluqda yaşayır. İddiaçı Əlsahib qızı istifadəsində olan torpaq sahəsini uzun illərdir ki, mübahisəsiz olaraq istifadə edir və hər hansı bir qonşu tərəfindən onun faktiki istifadəsində olan torpaq sahəsinə dair mübahisəsi yoxdur. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan texniki pasportun surətindən görünür ki, İddiaçı Əlsahib qıznın adına 1988-ci ildə Xaçmaz rayonu Hülövlü kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsinə dair adına texniki pasport verilmişdir. İş materiallarında olan icarə müqaviləsinin surətindən görünür ki, xx xxxxx 2009-cu il tarixdə “icarəyəverən” İddiaçı Əlsahib qızı ilə “icarəçi” “xxxx” MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “icarəyəverən” “icarəçi”yə Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən ərazidə mobil telefon rabitəsi və texnoloji avadanlığının yerləşdirilməsi üçün 100 kv.m sahəni istifadəyə verməyi öz öhdəsinə götürür. İş materiallarında olan Bank Respublika tərəfindən təsdiq olunmuş İddiaçı Əlsahib qızının AZ52BRES******************** saylı hesabdan çıxarışından görünür ki, “xxxx” MMC xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilədək olan müddət ərzində hər il X2 icarə müqaviləsi əsasında 1200 manat pulu ödəmişdir. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsinin Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi ilə qadağan olunması mülkiyyətə qoyulan əsas məhdudiyyətlərdən biri kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər digər şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə halı olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. İş materiallarından göründüyü kimi, İddiaçı Əlsahib qızının adına 1988-ci ildə fərdi yaşayış evinə və 0,24 ha torpaq sahəsinə texniki pasport verilsə də, iddiaçı həmin ildən etibarən faktiki olaraq 0,32 ha torpaq sahəsindən maneəsiz olaraq istifadə edir. Bunu təsdiq edən mühüm hallardan biri odur ki, iddiaçı həmin torpaq sahəsinin müəyyən hissəsini uzun müddətli icarəyə verərək, icarə müqaviləsindən bəhrələnmiş və bunula bağlı digər şəxslərin hüquqlarını pozmamışdır və hüquqdan sui-istifadə hallarına yol verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə xx xxxx 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. İddiaçının 0,32 ha torpaq sahəsinə istifadə hüququnun tanınmasına dair iddia tələbinə qarşı cavabdehin etirazının olmaması nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı istifadəsində olan Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən 0,32 ha torpaq sahəsinə istifadə hüququ tanınsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-958/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-958/2021
18.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver