Məhkəmə qərarları › İş №2(067)-972/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-972/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-972/2025 27.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququna qəsd və maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən məcburi çıxarılması, özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 tərəfindən İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən məcburi çıxarılması və Cavabdeh1 tərəfindən İddiaçı məxsus 0.04 ha torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi,cavabdehdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 manat pulun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan xx.xx.2016-cı il tarixli,qeydiyyat nömrəsi ********** olan, Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət xx.xx.2022-ci ildə edilmiş və cavab verilmişdir ki, əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, vətəndaşa məxsus olan çıxarış koordinatlarına əsasən yerləşdiyi torpaq sahəsində digər vətəndaşlar tərəfindən yaşayış evi inşa olunmuşdur. İki ilə yaxındır ki, iddiaçı ona məxsus olan torpaq sahəsinin kim tərəfindən zəbt olunması ilə bağlı Xaçmaz bələdiyyəsinə müraciət etsə də, həmin şəxsin kim olması barədə dəqiq məlumat ala bilməmişdir. Yaxın vaxtlarda həmin ərazidə yaşayan şəxslər vasitəsilə öyrənmişdir ki, ona məxsus torpaq sahəsini Cavabdeh1 zəbt etmişdir. İş materiallarında olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, 2(067)-972/2025 saylı mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş etiraz ərizəsində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi ona aid deyil, oğlu Cavabdeh2 mülkiyyətindədir və həmin torpaq sahəsinə xx.xx.2014- cü il tarixli Çıxarış verilmişdir. Bu səbəbdən də iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən məcburi çıxarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus 0,04 ha torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 manat pulun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, həmçinin həmin ərizəsində cavabdeh tərəfindən verilən vəsatətlərin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 etiraz ərizəsindən görünür ki, o özünü ümumiyyətlə iş üzrə cavabdeh görmür. Belə ki, çıxarılmağı tələb olunan torpaq sahəsi xüsusi mülkiyyətdədir və mülkiyyətçi də onun oğlu, Cavabdeh2dur. Bu isə o deməkdir ki, iddiaçının ona münasibətdə belə bir iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa nə qədər ki, tələb üzrə cavabdehdir ona qarşı iddiaya etiraz vermək onun prosessual hüququdur və o həmin, MPM-nin 47-ci maddəsinin tələbinə əsaslanan hüququndan çıxış edərək etirazı olaraq ümumiyyətlə iddia ərizəsini əsassız hesab edir və bu etirazını da aşağıdakılarla əsaslandırır. Belə ki, onun və ailəsinin yaşadığı, oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşən, oğluna məxsus fərdi evin onun hesabına sökülməsi tələbi tamamilə əsassızdır. Ona görə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən: 5 saylı Xaçmaz rayon Ərazi idarəsinin 15 noyabr 2022-ci il tarixli məktubda:.... iddiaçıya məxsus çıxarış koordinatlarında yerləşən torpaq sahəsində digər vətəndaşların ev inşa etdiyi qeyd olunur və həmin şəxslərin kimliyi, tikintiyə hüququn olub olmadığı qeyd olunmur. Daha başqa səbəb, mübahisələndirilən torpaq sahəsi oğlunun mülkiyyətində olmamışdan öncə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olub və bu barədə Xaçmaz bələdiyyəsinə DƏDRX-dən RX Seriyalı, ******* №-li, reyestr nömrəsi, **********48 olan, xx.xx.2014-cü il tarixli Çıxarış verilib və həmin çıxarış əsasında da torpaq sahəsi alqı-satqı qaydasında oğluna satılıb və bu barədə də Xaçmaz bələdiyyəsi ilə oğlu Cavabdeh2 arasında, Xaçmaz rayonu 1 saylı notariat ofisində, -Ə-1764 N-li Reyestrdə qeydiyyatı aparılmaqla xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanaraq bağlanıb və həmin alqı-satqı müqaviləsi əsasında da torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində oğlunun adına özgəninkiləşdirilərək bu barədə də DƏDRX-dən RX seriyalı, ******* №-li, reyestr nömrəsi, **********68 olan, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Hüquqların yaranma tarixinə baxsalar görərlər ki, mübahisəli torpaq sahəsinə ilkin qeydiyyat Xaçmaz bələdiyyəsinin adına xx.xx.2014-cü il tarixdə aparılıb, yəni iddiaçının iddiasına hüquqi əsas kimi istinad etdiyi xx.xx.2016-cı il tarixli çıxarışa münasibətdə iki ilə yaxın müddətdə daha öncə aparılıb, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140cı maddəsinin tələbinə görə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə bir fakt da, yəni oğlunun adına aparılmış qeydiyyatın qüvvədə olmaması faktı yoxdur. Yuxarıda sadaladıqlarına əsaslanaraq ona qarşı iddianı əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli 02 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Xaçmaz rayon bələdiyyəsi mülkiyyətində olan Xaçmaz şəhəri ünvanında yerləşən 0.04 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. İş materiallarında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Xaçmaz bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı məktubundan görünür ki, vətəndaşa məxsus olan çıxarış koordinatlarına əsasən yerləşdiyi torpaq sahəsində digər vətəndaşlar tərəfindən yaşayış evi inşa olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 manat dövlət rüsumu köçürülmüşdür. -ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə (hazırkı mülki işlə əlaqədar) iddiaçı tərəfindən Nümayəndə hesabına 1500 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh2 etiraz ərizəsindən görünür ki, iddia ərizəsinə etiraz edən Cavabdeh1 etirazında göstərmişdir ki,....onun və ailəsinin yaşadığı ev, hansı ki, iddiaçı sökülməsini tələb edir, oğlunun, yəni onun mülkiyyətində olan torpaq sahəsində yerləşən, o, Cavabdeh2 məxsus fərdir və həmin evin onun hesabına sökülməsi tələbi tamamilə əsassızdır. Tək ona görə yox ki, o iddia tələbinə cavabdeh şəxs ola bilməz, əsasən ona görə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən: 5 saylı Xaçmaz rayon Ərazi idarəsinin 15 noyabr 2022-ci il tarixli məktubda:.... iddiaçıya məxsus çıxarış koordinatlarında yerləşən torpaq sahəsində digər vətəndaşların ev inşa etdiyi qeyd olunub və həmin şəxslərin kimliyi, tikintiyə hüququn olub olmadığı qeyd olunmamışdır, eləcə də mübahisələndirilən torpaq sahəsi oğlunun mülkiyyətində olmamışdan öncə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olub və bu barədə Xaşmaz bələdiyyəsinə DƏDRX-dən RX Seriyalı, ******* №-li, reyestr nömrəsi, **********48 olan, xx.xx.2014-cü il tarixli Çıxarışı verilib və həmin Çıxarış əsasında da torpaq sahəsi alqı-satqı qaydasında oğluna satılıb və bu barədə də Xaçmaz bələdiyyə ilə oğlu - o Cavabdeh2 arasında, Xaçmaz rayonu 1 saylı notariat ofisində, 4Ə-1764 N-li Reyestrdə qeydiyyatı aparılmaqla xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanaraq bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində oğlunun, yəni onun adına özgəninkiləşdirilmiş və bu barədə də DƏDRX-dən RX Seriyalı, ******* №-li, reyestr nömrəsi, **********68 olan, 10,12.2020-ci il tarixli Çıxarış verilmişdir....... İş üzrə cavabdeh, (atası) Cavabdeh1 iddia tələbinə etirazından sonra, məhkəməyə iddia tələbinə dəqiqləşmə verən, iddia tərəfin vəkili və nümayəndəsi Nümayəndə Qubad qızı, iddia tələbi olaraq məhkəmədən xahiş etmişdir ki,...cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən məcburi çıxarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus 0,04 ha torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 manat pulun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılsın. Belə bir fakt da, yəni daşınmaz əmlakın adına aparılmış qeydiyyatının qüvvədə olmaması faktı yoxdur. Yuxarıda sadaladıqlarına əsaslanaraq ona qarşı iddianı tamamilə əsassız hesab edir və məhkəmədən rədd olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5131 saylı ekspert rəyindən müəyyən olunur ki, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016- ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016- ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən tam olaraq istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi hüquqları daxilində cavabdeh tərəfindən 1 (bir) mərtəbəli fərdi yaşayış evi tikilmişdir. (Sxem əlavə olunur) İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə Cavabdeh1 tərəfindən maneçilik törədilib-törədilməməsini müəyyən etmək məhkəmə tikinti-texniki ekspertin səlahiyyətləri daxilində deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016- ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən tam olaraq istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi hüquqları daxilində cavabdeh tərəfindən 1 (bir) mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Beləliklə, iş materiallarını araşdıraraq, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cİ il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.04 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qəsd və maneələrə son qoyulsun və iddiaçıya məxsus torpaq sahəsindən məcburi çıxarılsınlar. Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus 0,04 ha torpaq sahəsində özbaşına inşa edilmiş tikili cavabdehlərin öz vəsaiti hesabına sökülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1500 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar