Məhkəmə qərarları › İş №2(067)-990/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-990/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-990/2022 16.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə atası Ağali Cumalı oğluna məxsus olan 27 BF-481 qeydiyyat nömrə nişanlı, 1977-ci il buraxılış ili, sedan rəngli AA № 329174 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və qeydiyyatda olan avtomobilə münasibətdə Ərizəçi mirası qəbul etməsi faktının və mirasın açılması yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o-Ərizəçi, Cumaliyev Ağali və Rəfiqə Cumaliyevanın birgə nikah dövründə dünyaya gələn övladıdır. Onlar 20 fevral 1959-cu ildə Daşkənd vilayətinin Cambul rayonunda nikaha daxil olublar. X7 11 fevral 2009-cu ildə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmişdir. X1 isə 05 may 1996-cı ildə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmişdir. Atası ilə anasının birgə nikah dövründə atası Ağali Cumalı oğlunun adına ** BF *** dövlət qeydiyyat nömrə nişanlı VAZ-21011 markalı, 1977- ci il buraxılış ili olan kn 27BA513 texniki pasportlu minik avtomobili almışlar və atasının mülkiyyətində olmuşdur. Bu barədə A AN 329174 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Hal-hazırda valideynlərindən qalmış əmlaka, yəni 27 BF 48 dövlət qeydiyyat nömrəli nişanlı VAZ-21011 markalı avtomobilə yeganə varis odur. İlk olaraq avtomobilə vərəsəlik şəhadətnaməsi almaq üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 2009-cu ildə atası vəfat edəndən sonra ondan “VAZ-21011” markalı avtomaşın miras qalıb. Atası sağlığında həmin avtomaşın böyük qardaşının oğlu Tahir Ağaliyevə vəsiyyət edib və ona etibarnamə verib. Bu günədək avtomaşından istifadə etmişdir, lakin gələn il etibarnamənin müddəti bitdiyinə görə, istəyir ki, həmin avtomaşını vərəsəlik yolu ilə öz adına keçirib, sonra da qardaşı oğlu Tahir Ağaliyevə versin. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Ötən müddət ərzində avtomaşın qardaşının oğlunda olub, avtomaşını o, idarə edir. Atası ilə anasının 7 övladı olub. Onun bacı və qardaşlarının hamısı Rusiya Federasiyasında və Türkiyədə yaşayırlar. Onlar ailə qurub çıxıb gediblər. Atası isə onunla qalıb. Atasından torpaq miras qalıb, onu Torpaq şöbəsi vasitəsi ilə öz adına keçirmişdir. Atasından miras qalan torpağı notariat vasitəsi ilə adına keçirməmişdir. Bacı-qardaşlarının avtomaşına dair heç bir iddiaları yoxdur. Amma onların bu barədə ərizələrini məhkəməyə təqdim edə bilməyəcək. Maraqlı şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağali Cumali oğlu ilə X4 xx.xx.1959-cu ildə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ 345415 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağali Cumali oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 617748 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1996-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Özbəkistan Daşkənddə anadan olmuşdur. Onun atası Ağali Cumali oğlu, anası X2r. İş materiallarında olan qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, ** BF *** dövlət qeydiyyat nömrə nişanlı VAZ-21011 markalı, 1977- ci il buraxılış ili olan kn 27BA513 texniki pasportlu minik avtomobili Ağali Cumali oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə müvafiq olaraq hesab edir ki, hazırkı işə Azərbaycan SSR-in 1964cü ildə qəbul edilmiş və 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab edilir. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək üçün öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul edilə bilər. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. 562-ci maddəyə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Ərizəçinin mülkiyyət hüququ ilə atası Ağali Cumalı oğluna məxsus olan 27 BF-481 qeydiyyat nömrə nişanlı, 1977-ci il buraxılış ili, sedan rəngli AA № 329174 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və qeydiyyatda olan avtomobilə münasibətdə mirası qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar