Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-114/2025 27.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə məişət tullantılarının atılmasının qadağan edilməsi" tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə mülkiyyətçisi olduğu ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə və onun ətrafına zibil və məişət tullantılarının tökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında 0,02 ha torpaq sahəsi ona məxsusdur və Cavabdeh Əliyülla oğlu qonşusudur. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaq kateqoriyasına aiddir. Cavabdeh əlinə keçən zibilləri mülkiyyətçisi olduğu torpaq sahəsinə atmışdır. O, şikayət ərizəsi ilə Xızı Rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş, müraciəti Sitalçay kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən araşdırılmış və ona xx.xx.2024-cü ildə, 46 nömrəli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda Cavabdeh məişət və zibil tullantılarını mülkiyyətçisi olduğu torpaq sahəsinə atdığı qeyd edilmişdir. Onun müraciətindən sonra cavabdeh zibil və məişət tullantılarını torpaq sahəsinin ətrafına atmağa başlamışdır. Dəfələrlə cavabdehə müraciət edərək qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmiş, lakin cavabdeh öz çirkin əməllərindən əl çəkməmişdir. Əvvəllər Cavabdeh ona məxsus 0,02 ha torpaq sahəsini ona satmağı təklif etmişdir. O, torpağı satmadığını bildirdikdən sonra cavabdeh onunla şəxsiqərəzlik etmiş və bu yolla torpağı satmağı vadar etməyə başlamışdır. Hesab edir ki, cavabdehə mülkiyyətçisi olduğu ünvan 2i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə və onun ətrafına zibil və məişət tullantılarının sökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçının torpağına hər hansı bir zibil və məişət tullantıları atmamışdır və bu səbəbdən iddia tələbi ilə razılaşmır. Eyni zamanda, iddia ərizəsindəki tələblərin heç bir hüquqi əsasları olmadığı üçün rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Xızı RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 46 nömrəli məktubun surətindən görünür ki, Xızı rayon Sitalçay kənd sakini İddiaçı Xızı rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İƏD üzrə nümayəndəliyinə Cavabdeh barədə 07.08 2024-cü il tarixli 2 saylı şikayət ərizəsi daxil olmuşdur. Belə ki, daxil olmuş ərizəyə əsasən şikayətçi İddiaçı 0,02 ha torpaq sahəsində abadlıq işləri aparılan zaman qonşusu Cavabdeh məişət və zibil tullantıları mülkiyyətinin yaxınlığına atıldığını deyə qeyd etmişdir. Bu məsələ ilə əlaqədar nümayəndəlik tərəfindən həmin əraziyə baxış keçirilmiş və ərazidə tullantıların olduğu aşkar olunmuşdur. Bununla bağlı Cavabdeh nümayəndəliyə dəvət olunmasına baxmayaraq o nümayəndəliyə gəlməkdən imtina etmişdir. Qeyd edilən məsələ əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq əməli tədbirlər görülməsi xahiş edilmişdir. İşdə olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Xızı rayon Sitalçay kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 47 nömrəli məktubun surətindən görünür ki, iddiaçının Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli 02 nömrəli şikayət ərizəsi nümayəndəlik tərəfindən icra üçün qəbul edilmişdir. Belə ki, şikayət ərizəsində qeyd olunan problemə nümayəndəlikdə aidiyyəti üzrə baxılmış, xx.xx.2024-cü il tarixində nümayəndəlik tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və həmin ərazidə zibil tullantılarının olduğu aşkar olunmuşdur. Nümayəndəlik tərəfindən məsələnin həlli istiqamətində hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilmişdir. İşdə olan Xızı RPŞ tərəfindən Xızı rayon Sitalçay kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-80/2-184/25 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciəti əsasında Xızı RPŞ-nin Təhqiqat Qrupunda material toplanaraq araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, qərarın surəti iddiaçıya göndərilməklə qərardan narazı qaldığınız halda Azərbaycan Respublikası CPM-in 212.3-cü maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual həyata keçirən Xızı rayon prokurorluğuna və rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah olunmuşdur. İşdə olan Xızı Rayon İcra Hakimiyyəti tərəfindən Xızı rayon Sitalçay kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-50/2-N-1-24-2/2025 nömrəli məktubun surətindən görünür ki, iddiaçının “Cavabdeh qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə "Azərbaycan Respublikasının Prezidentinin ünvanına daxil olmuş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin 9 yanvar 2025-ci il tarixli, 1-1-23/2-N-56-161/2025 nömrəli məktubu ilə baxılmaq üçün Xızı Rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2025-ci il tarixli şikayət ərizəsinə aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi tərəfindən baxılmışdır. Bildirilmişdir ki, şikayət ərizəsində qeyd etdiyi məsələlərə baxılması Xızı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Xızı rayon prokurorluğu tərəfindən Xızı RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2-2-424/2-062254/2025 nömrəli məktubun surətindən görünür ki, ünvan 2 sakini İddiaçı qonşusu Cavabdeh adlı şəxs tərəfindən qanunsuzluqlara məruz qalmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğundan və Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsindən rayon prokurorluğuna daxil olmuş eyni məzmunlu müraciətləri aidiyyəti üzrə münaqişəsinin, onların qeyri səmimi münasibətlərini nəzərə alaraq sahə müvəkkili tərəfindən zəruri profilaktiki tədbirlərin həyata keçirilməsi üçün Xızı RPŞ-yə göndərilmişdir. Həmçinin, iş materiallarına fotoşəkillər əlavə edilmişdir. Məhkəmə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı mülkiyyət hüququ əsasında ünvan 2 ərazisində 0,02 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) olması işin mübahisəsiz halıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı Cavabdeh tərəfindən mülkiyyətçisi olduğu ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə və onun ətrafına zibil və məişət tullantılarını tökməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı öz tələbinin əsası olaraq ərazidə çəkilmiş fotoşəkillərə istinad etmişdir. Qeyd edilməlidir ki, həmin fotoşəkillərə baxış keçirilərkən məhz cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə zibil və məişət tullantılarının tökülməsini müəyyən etmək olmur. İddiaçının mülkiyyətində olmayan hər hansı bir əraziyə zibil və məişət tullantılarının tökülməsi isə iddiaçının hüquqlarının pozulması anlamına gələ bilməz. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən müəyyən edildi ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla təkzib edildiyindən iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə məişət tullantılarının atılmasının qadağan edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-114/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-114/2025
27.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver