Məhkəmə qərarları › İş №2(068)-178/2021

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-178/2021

28.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-178/2021 28.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı "zəbt edilmiş torpaq sahəsinin əvəz edilməsi və ya təzminatın ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı "zəbt edilmiş torpaq sahəsinin əvəz edilməsi və ya təzminatın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin məzmunundan da, göründüyü kimi tələb Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş və hazırda cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən zəbt edilməsi iddia olunan 2,50 ha torpaq sahəsinin əvəz edilməsi və ya təzminatın (kompensasiyanın) ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçı mahiyyəti etibarilə inzibati orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zəbt edilmiş torpaq sahəsinin əvəz edilməsi və ya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia irəli sürmüşdür. Göstərilən Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 7.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti “İnzibati orqanların Təsnifat”nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarının 17.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X2 inzibati orqanlar hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı "zəbt edilmiş torpaq sahəsinin əvəz edilməsi və ya təzminatın ödənilməsi" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı zəbt edilmiş torpaq sahəsinin əvəz edilməsi və ya təzminatın ödənilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, həmin orqan imtina etdikdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar