Məhkəmə qərarları › İş №2(068)-182/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-182/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-182/2021 02.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-ci il tarixdən 1988-ci il tarixə kimi Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 02 avqust 1955-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. 1972-ci il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda əvvəllər quzu otaran, sonra isə uzun müddət mal otaran işləyərək əmək fəaliyyətində olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonundan məcburi köçkün düşən zaman bütün əmlakları və şəxsi sənədləri, o cümlədən əmək kitabçası həmin Respublikada qalmışdır. Azərbaycan Respublikasına gəldikdən sonra, yəni 16 may 1989-cu ildə işlədiyi müəssisə tərəfindən onun üçün yeni əmək kitabçası açılmışdır. Lakin əmək kitabçasında 1972-ci il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda işləməsi qeyd olunmamışdır. Hal-hazırda pensiyasının həmin illərə uyğun olaraq hesablanması üçün qeyd olunan illər üzrə əmək münasibətlərində olma faktının müəyyən olunması zəruridir. Ona görə də ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, maraqlı şəxs iddia tələbinə etirazında göstərmişdir ki, Ərizəçi Allahverdi oğlunun ərizəsi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra – “Qaydalar”) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006ci il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrinin təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İ bölməsinin 1-ci bəndinə əsasən, əmək fəalliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümükün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Bu cür işlərdə bir nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir. Buna görə də, hazırki iş üzrə ən azından ərizəçi ilə eyni müəssisədə işləmiş və işləməyini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq, Ərizəçi ərizəsi əsaslı və qanuni olmadığından təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 əmək kitabçasını məhkəməyə təqdim edərək ifadəsində göstərmişdir ki, o, 10 fevral 1937-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş, 1964-cü ildən Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda baytar həkim, daha sonra ferma müdiri, 1971-ci ildən isə Urud kənd kolxoz idarə heyətinin sədri vəzifəsində işləmişdir və onun sözügedən kolxozda işləməsini əmək kitabçası təsdiq edir. Ərizəçi da 1972-ci il tarixdən 1988-ci il tarixədək onunla həmin kolxozda çoban, yəni quzu və mal otaran işləmişdir. O, kolxoz sədri işlədiyindən Ermənistan Respublikasından gələrkən əmək kitabçasını özü ilə götürə bilmiş, digər işçilər kimi Ərizəçi da əmək kitabçası Ermənistan Respublikasının Sisyan rayonunda qalmışdir. Ərizəçi həmkəndlisi kimi uşaqlıqdan tanımış və 1972-ci il tarixdən 1988-ci il tarixədək sözügedən kolxozda çoban işləməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, o, 09 may 1945-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş və Ərizəçi ilə birlikdə Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda işləmişlər. Belə ki, o, həmin vaxt kolxozda müxtəlif sahələrdə, o cümlədən əkinçilik briqadiri işləmiş, Ərizəçi isə çoban, yəni quzu və mal otaran işləmişdir. Onlar məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından gələrkən əmək kitabçalarını özləri ilə götürə bilməmişlər, onun da, qeyd olunan kolxozda işləməsi şahid ifadələrinə əsasən müəyyən olunmuş və ona pensiya təyin olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, o, 20 dekabr 1943-cü il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş və Ərizəçi ilə birlikdə Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda müxtəlif sahələrdə işləmişlər. Eyni zamanda, Ərizəçi həmkəndlisi kimi uşaqlıqdan tanımaqla, ailəvi gedişgəlişləri olmuş və ərizəçinin 1972-ci il tarixdən 1988-ci il tarixədək sözügedən kolxozda çoban işləməsini təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Ərizəçi məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 25 avqust 2021-ci il tarixli, **********7 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi təqdim etdiyi sənədlərə əsasən tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı toplanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi əsassız sayılmış və baxılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007- ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci bəndində əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə, şahidlərin Ərizəçi ilə iş yoldaşı olmasını və əvvəlcədən bir-birilərini tanımasını nəzərə alaraq, onların məhkəmə iclasındaki ifadələrini mötəbər sübut hesab edir. Məhkəmə, eyni zamanda hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının reallaşmasına maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləmişdir. Bu ərizəçi ilə birlikdə çalışan yuxarıda qeyd edilən şahidlərin ifadələri, onların əmək kitabçaları ilə tam təsdiq olunur. Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Ermənistan Respublikasında qalmışdır və həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün bu, məhkəmə qaydasında müəyyən olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə ərizə təmin olunmalı, Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləməsi faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar