Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-219/2023 31.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi, X1, X8 və X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə, eləcə də iddianın əsasını dəyişmə barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) torpağın mülkiyyətə verilməsinə dair JN-054A, kod 30601007 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası, X4 Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 nömrəli qərarına əsasən Altıağac-Xızı zonası kəndlərində keçmişdə yaşayan bir sıra vətəndaşlar kimi öz ata-baba yurdlarının bərpa etməsinə icazə verilmişdir. Bundan sonra, mərhum anası, X2 adına Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən Xızı rayonu Xızı qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqə də verilmiş, lakin torpaq sahəsi tam sənədləşdirilməmişdir. Bununla bağlı olaraq hüquqları qeydə alınmış həmin torpaq sahəsinə dair dövlət reyestrdən çıxarışın alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin 2 saylı Ərazi İdarəsinin bildiriş məktubu ilə imtina edərək, hüquqi faktın müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyimizi tövsiyyə etmişlər. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-054A, kod 30601007 nömrəli şəhadətnamədə isə ərizəçinin adı təkcə “Şahin” kimi qeyd edilmiş, soyadı, ata adı göstərilməmişdir. Bu səbəbdən də torpaq sahəsinin tam olaraq kimə məxsus olduğu müəyyənləşdirilə bilinmir. Məhkəmənin iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Ərizəçi yaxşı tanıyır. Belə ki, onlar həm yerli, kəndçi olmaqla, neçə illərdi dostluq münasibətləri vardır. Ərizəçi Xızı şəhərində torpaq sahəsinin olduğunu bilir, lakin torpaq sahəsinin dəqiq ölçüsü barədə məlumatı yoxdur. Belə ki, 1978-ci ildən Xızı şəhərində yaşayır və ərizəçiyə məxsus torpaq sahəsi qonşuluqda yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır və Xızı şəhərində yerləşən evləri mərhum anasının adına rəsmiləşdirilsə də, torpaq sahəsi qardaşı Şahinin adında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, o, Xızı rayonunda anadan olmuş və Ərizəçi yaxşı tanıyır. Adı şəkilən torpaq sahəsi Ərizəçi adınadır, lakin torpaq sahəsinin dəqiq ölçüsü barədə məlumatı yoxdur. Həmin torpaq sahəsi onların qonşuluğunda yerləşir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-054A, kod 30601007 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarına əsasən 0,17 ha torpaq sahəsi Xızı rayonu, Köhnə Xızı qəsəbə sakini “Şahin”in mülkiyyətinə verilmişdir. İşdə olan Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportun və inventar iş nömrəsi 108 olan qeydiyyat vəsiqəsinin surətlərindən görünür ki, Xızı kəndində yerləşən yaşayış sahəsi 70,8 kv. metr, köməkçi sahəsi 53,3 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X2 adına reyestr kitabında 933 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli, AZ-İ seriyalı 612374 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2000-ci ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 iyul 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı, sözugeden fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin JH-54A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşdüyü müəyyən olunmuş, bu səbəbdən də, ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçi Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 054A, kod 30601007 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilən faktın müəyyən edilməsi isə ona həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə məxsus olan şəxsiyyətini təsdiq edən sənəddə, doğum haqqında şəhadətnamədə soyadı “Əliyev”, ata adı “Valeh” kimi göstərilsə də, torpağın mülkiyyətə verilməsinə dair JN-054A, kod 30601007 nömrəli şəhadətnamədə sadəcə “Şahin” kimi qeyd edilmiş, soyadı, ata adı isə ümumiyyətlə göstərilməmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər və şahid ifadələri əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-054A, kod 30601007 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən şəhadətnamənin ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-054A, kod 30601007 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-219/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-219/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver