Məhkəmə qərarları › İş №2(068)-256/2024

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-256/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-256/2024 30.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 qızı və Maraqlı şəxs4) torpaq sahəsinə dair alqı-satqı faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi torpaq sahəsinə dair alqı-satqı faktının müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 qızı və Maraqlı şəxs4 maraqlı şəxs kimi göstərməklə) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-026A, kod 30604028 nömrəli şəhadətnamə əsasında Maraqlı şəxs1 və Maraqlı şəxs2 və onların övladları Maraqlı şəxs3, Maraqlı şəxs5 qızı və Maraqlı şəxs4 məxsus Xızı rayonu Türkoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin aralarında olan 21 avqust 2002-ci il tarixdə sadə yazılı əqd əsasında 3000 manata ona satmaları barədə alqı-satqı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (306.2.). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (307.2.6 və 307.2.11). Göründüyü kimi ərizəçinin iş üzrə tələbi “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 026A, kod 30604028 nömrəli şəhadətnamə əsasında Maraqlı şəxs1 və Maraqlı şəxs2 və onların övladları Maraqlı şəxs3, Maraqlı şəxs5 qızı və Maraqlı şəxs4 (hazırda Türkiyə Respublikasında yaşayırlar) məxsus Xızı rayonu Türkoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin aralarında olan 21 avqust 2002-ci il tarixdə sadə yazılı əqd əsasında 3000 manata ona satmaları barədə alqı-satqı faktının müəyyən edilməsi ilə bağlıdır. Belə olan halda əqdin bağlanmış hesab edilməsi barədə ərizəyə iddia icraatı qaydasında (iddiaçı və cavabdehlər qeyd olunmaqla) baxılmalı olduğu halda, Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7.1 və 7.2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 qızı və Maraqlı şəxs4) torpaq sahəsinə dair alqı-satqı faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün xx.xx.2024-cü il tarixində **********01 nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar