Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-289/2024 11.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən fərdi yaşayış evinə, istifadəsində olan 0,20 ha torpaq sahəsi ilə birlikdə onun mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilən Xızı rayonu ərazisində daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli arayışda qeyd olunduğu kimi Xızı qəsəbəsində 163 nömrəli qeydiyyatla fərdi yaşayış evi mövcuddur. Bu evin ilkin qeydiyyatı Xızı rayon XDS-nin 17 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı əsasında, Abşeron rayon texniki invertarlaşdırma bürosu tərəfindən Reyestr kitabında 609A nömrə, İnvertar nömrəsi 163 olan Qeydiyyat vəsiqəsi ilə X4 adına aparılmışdır. O, həmin Xızı rayon M. Müşfiq küçəsində, 2000 kv.metr torpaq sahəsi üzərində yerləşən, Reyestr kitabında 609A nömrə, 163 invertar işi olan əmlakı Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 14, mənzil 147 ünvanında yaşayan X2, 06 oktyabr 1995-ci il tarixdə, Xızı rayon Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Xızı rayon M.Müşfiq küçəsində, 2000 kv.metr torpaq sahəsi üzərində yerləşən, Xızı rayon Texniki İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Reyestr kitabında 609A nömrə, 163 invertar işi olan Qeydiyyat vəsiqəsi verilmişdir. Məlum Qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar ərizəsi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daxil olmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina verilmişdir. İmtinanın həmin maddənin məzmunu ilə heç bir əsası və əlaqəsi olmadığını əsaslandıraraq Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən fərdi yaşayış evinin istifadəsində olan 0.20 ha torpaq sahəsi ilə birlikdə adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təkrar müraciət etmişdir. Daxil olmuş ərizəsinə imtina cavabını xx.xx.2024-cü il tarixdə almış, məlum olmuşdur ki, ona lazım olan sənədin məhkəmədən kənar qaydada alması mümkünsüzdür. İmtinaya əsas kimi elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin 0,12 ha hissəsinin Xızı rayon Aqrar İslahat Komissiyasının 10 mart 1998-ci il tarixli, 14 saylı qərarı əsasında “Əvəz" adlı şəxsin adına JN-002F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən müraciətin icrasını təmin etmək mümkün olmaması göstərilmişdir. Xüsusi ilə qeyd edir ki, onun evinə, torpağına kimsənin iddia etməsinə dair məlumatı yoxdur. Hətta Əvəz adlı şəxsin soyadı, ata adı, harda yaşaması, ümumiyyətlə kimliyi maraqlı tərəfə məlum deyildir. Şəhadətnamənin verilməsi üçün Əvəz adlı şəxsin torpaq sahəsi üzərində subyektiv hüququnu təsdiq edən qanunla müəyyən olunan sənədlər belə mövcud deyil. Beləliklə, onun Azərbaycan Respublikası Konstitusiya və qanunları ilə qorunan daşınmaz əmlakı üzərində hüquq və azadlıqları pozulur, pozulmuş hüquqları ilə əlaqədar məhkəməyə müraciət etməkdən başqa ayrı yolu qalmamışdır. Daşınmaz əmlakı üzərində hüquqi faktın müəyyən olunmasında məqsədi Qeydiyyat vəsiqəsi əsasında onun qanuni istifadəsində olan torpağa və mülkiyyətində olan fərdi yaşayış evinə birlikdə vahid daşınmaz əmlak şəklində dövlətdə qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportu almaqdır. Bu faktın müəyyən olunması isə məhkəmədən başqa ayrı yolla mumkun deyil. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizənin məzmunundan da, göründüyü kimi tələb Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən fərdi yaşayış evinə, istifadəsində olan 0,20 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququnun tanınması, habelə bu aspektdə müvafiq dövlət qurumu tərəfindən müəyyən hərəkətlərin icrası ilə bağlı öhdəliyin yerinə yetirilməsindən ibarətdir. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabineti “İnzibati orqanların Təsnifat”nın təsdiq edilməsi haqqında 136 saylı qərarının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, həmin orqan imtina etdikdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati orqana qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunmalıdır ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, həmin orqan imtina etdikdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati orqana qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi ərizənin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(068)-289/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-289/2024
11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver