Məhkəmə qərarları › İş №2(068)-29/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-29/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-29/2021 01.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1032 manat məbləğində pulun, 74 manat icra ödənişinin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 706 manat məbləğində pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə uzun müddət bir yerdə işləmiş və iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. Bu səbəbdən də, Cavabdeh ondan bankdan kredit götürmək üçün zamin durmasını xahiş etdikdə o, buna etiraz etməmişdir. Beləliklə, xx xxxxxx 2015-ci il tarixdə cavabdeh “xxxx” QSC-dən 12 ay müddətinə, aylıq 2,75 %-ilə 1500 manat məbləğində kredit pul götürmüş, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank onunla həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. xx xxx 2018-ci il tarixə kimi həmin kredit müqaviləsi üzrə borcalan Cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyinə görə zamin olaraq o, cavabdehin əvəzinə 1032,13 manat məbləğində pulu banka, 74 manat icra ödənişini isə Xızı rayon icra və probasiya şöbəsinin hesabına ödəmişdir. Həmin vaxtdan bu günə kimi o, dəfələrlə cavabdehdən zamin olaraq onun əvəzindən ödədiyi pulun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə həmin pulun ödənilməsindən yayınmış, pulu ödəyəcəyinə vəd vermiş və ondan bir qədər səbirli olmasını istəmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra, cavabdeh tərəfindən ona olan borcundan 400,13 manat ödənilmiş, qalan borc isə hazırkı vaxta kimi qaytarılmamışdır. Hazırda, cavabdehin ona 706 manat borcu vardır. Bundan başqa hesab edir ki, iddianın qaldırılması ilə bağlı ödədiyi dövlət rüsumu xərci də cavabdehdən tutulmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan qanuni qüvvəsini almış Xızı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(068)-96/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 659,94 manat əsas, 292,19 manat faiz, 50 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1032,13 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Həmçinin, həmin qətnamənin surətindən, eləcə də, “Azəriqaz” X1 X2 İdarəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş arayışdan və "xxxx" QSC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, xx xxxxxx 2015-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən İddiaçı tərəfindən “xxxx” QSC-yə xx xxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək cəmi 1032,13 manat ödəniş edilmiş və xx xxxxxxx 2019-cu il tarixə İddiaçı "xxxx" QSC qarşısında kredit öhdəliyi yoxdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı 74 manat icra ödənişi və işə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış Xızı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olundu ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh “xxxx” QSCdən 12 ay müddətinə, aylıq 2,75 %-ilə 1500 manat məbləğində kredit pul götürmüş, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçıla Bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Bundan əlavə, Xızı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən banka xx xxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək cəmi 1032,13 manat kredit və 74 manat icra ödənişləri etdiyi müəyyən edilmişdir ki, bununla da, iddiaçının cavabdehə qarşı hazırkı iddianı qaldırmaq hüquqlarının olması təkzib olunmur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün İddiaçı bir zamin kimi onun əvəzindən "xxxx" QSC-yə 1032,13 manat kredit və 74 manat icra ödənişləri etmiş, həmin məbləğlərdən cavabdeh tərəfindən 400,13 manat qaytarılmış, 706 manat borc isə ödənilməmişdir. Bununla da, zamin İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə, kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 706 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 706 (yeddi yüz altı) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar