Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-372/2024 05.12.2024 XIZI RAYON MƏHKƏMƏSİ X2, İddiaçı cavabdeh Xızı rayonu Xızı bələdiyyəsinə qarşı torpağın satılması barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Xızı rayonu Xızı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Xızı şəhəri ərazisində Xızı bələdiyyəsindən 2004-cü ildə alqı-satqı yolu ilə aldığı, xx.xx.2004-cü il tarixli JN-363H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,12 ha mübahisəli torpaq sahəsinə dair Xızı rayonu Xızı bələdiyyəsinin Xızı qəsəbə sakini X1 fərdi mənzil tikintisi üçün verilməsi barədə 02 avqust 2004-cü il tarixli 03 saylı iclasının qərarının həmin hissədə ləğv edilməsi və qərarın hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Xızı şəhəri ərazisində Xızı bələdiyyəsinin 26 avqust 2002-ci il tarixli 06 saylı qərarına əsasən mənzil tikintisi məqsədi ilə ona 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və 2004-cü ildə alqı-satqı yolu ilə sənədləşmə işi apararaq adına torpağın mülkiyyətə verilməsi barədə xx.xx.2004-cü tarixli JN-363Н saylı şəhadətnamə verilmişdir. Sonradan Xızı rayon İcra Hakimiyyətinin 14 sentyabr 2004-cü il tarixli,150 saylı sərəncamı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Keçən müddət ərzində istifadəsində olan torpaq sahəsinə kommunal xidmətlərlə bağlı lazım olan su, elektrik xətti və s. xətlərin çəkilişini həyata keçirmişdir. Həmin vaxtdan torpaq sahəsindən istifadə edir, torpaq sahəsini öz vəsaiti ilə daş hasarla hasara almaqla digər tikinti işləri aparmışdır. Torpaq sahəsinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin çıxarışla dəyişdirilməsinə dair DƏDRX-nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə 20 sentyabr 2023-cü il tarixli cavab məktubdan ona məlum olmuşdur ki, 2004-cü ildən indiyə kimi istifadəsində olan, xx.xx.2004-cü il tarixli JN-363H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətimə verilmiş torpaq sahəsi X3 adına qeydiyata alınmış və ona **********95 reyestr nömrəli çıxarış verilməklə mülkiyyətinə verilmişdir. DƏDRX-nin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə Xızı rayonu, Xızı şəhəri ərazisində Xızı bələdiyyəsindən 2004-cü ildə alqı-satqı yolu ilə aldığı, xx.xx.2004-cü il tarixli JN-363H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,12 ha mübahisəli torpaq sahəsinə dair X3 adına verilmiş **********95 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə əlaqədar ərizə ilə 25 oktyabr 2023-cü il tarixdə müraciət etmiş, lakin rəsmi cavab almadığından Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasları zamanı ona məlum olmuşdur ki, Xızı rayon Xızı bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 03 saylı iclasının qərarı ilə həmin torpaq sahəsi Xəzə qəsəbə sakini X1 fərdi mənzil tikintisi üçün verilmişdir. Məsələ ilə bağlı sənədlərin alınması üçün Xızı rayonu, Xızı bələdiyyəsinə 17 oktyabr 2024-cü il tarixli sorğu ilə müraciət etmiş, sorğunu 25 oktyabr 2024-cü il tarixdə Xızı bələdiyyəsi tərəfindən qəbul edilməsi barədə xəbərnamə gəlmiş, lakin bu günə kimi rəsmi cavab verilməmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin məzmunundan da, göründüyü kimi tələb Xızı rayonu, Xızı şəhəri ərazisində Xızı bələdiyyəsindən 2004-cü ildə alqı-satqı yolu ilə aldığı, xx.xx.2004-cü il tarixli JN-363H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,12 ha mübahisəli torpaq sahəsinə dair Xızı rayonu Xızı bələdiyyəsinin Xızı qəsəbə sakini X1 fərdi mənzil tikintisi üçün verilməsi barədə 02 avqust 2004-cü il tarixli 03 saylı iclasının qərarının həmin hissədə ləğv edilməsi və qərarın hüquqi nəticələrinin etibarsız hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifat”nın təsdiq edilməsi haqqında 136 saylı Qərarının İV bölməsinə əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göründüyü kimi iddiaçı mahiyyəti etibarilə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunması haqqında iddia irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələbinə əsasən həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunması barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati orqana qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunmalıdır ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xızı rayonu Xızı bələdiyyəsinə qarşı torpağın satılması barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunması barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati orqana qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı ərizənin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(068)-372/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-372/2024
05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver