Məhkəmə qərarları › İş №2(068)-89/2024

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-89/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-89/2024 09.02.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı1, İddiaçı2 Əbdulrəşid qızı, İddiaçı3 Əbdulrəşid qızı, İddiaçı4 Əbdulrəşid qızı və İddiaçı5 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın payçılar arasında naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı1, İddiaçı2 Əbdulrəşid qızı, İddiaçı3 Əbdulrəşid qızı, İddiaçı4 Əbdulrəşid qızı və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı rayonu Şorabad qəsəbəsində yerləşən sahəsi 0,18 ha torpaq sahəsinin və üzərində olan fərdi yaşayış evinin naturada bölünərək hər birinə düşən payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-cı maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən iddianın forma və məzmununa əməl edilməmiş, iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmiş, eləcə də paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri barədə hər hansı bir sübut iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2 Əbdulrəşid qızı, İddiaçı3 Əbdulrəşid qızı, İddiaçı4 Əbdulrəşid qızı və İddiaçı5 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın payçılar arasında naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı1 iddia ərizəsinin verilməsi üçün Kapital Bank ASC-nin Səbail filialında xx.xx.2024-cü il tarixində 1324 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar