Məhkəmə qərarları › İş №2(069)-1/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-1/2025

18.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-1/2025 18.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, İddiaçı3 vəkili və nümayəndəsi olan Vəkil2, Cavabdeh2, Cavabdeh2 vəkili və nümayəndəsi olan Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmədə iddia qaldıraraq, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddiasını onunla əsaslandırmışlar ki, Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayırlar. Ailə üzvlərinə Ağcabədi rayon Aqrar islahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən, JN 0061, kod 60804048 saylı Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə 4.40 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsindən 2 payı icarəyə verilmişdir. Hazırda isə məlum olmuşdur ki, həmin torpaq sahəsi alqı-satqı edilərək, Cavabdeh2 adına keçirilmişdir. Halbuki İddiaçı1 və İddiaçı2 torpağı satmamış, yalnız icarəyə vermiş və sonradan başqa adamın adına olması onlara məlum olmuşdur. Belə ki, digər ailə üzvləridə torpağın icarəyə verilməsinə heç vaxt razı olmamış, İddiaçı1 və İddiaçı2 tərəfindən Elmana 10 il müddətinə icarəyə vermişlər. Cavabdehə isə icarəyə verilmiş yeri istəmir və onların digər yerinidə zəbt etmiş, həmin yeri də, qanunsuz olaraq ölçdürmüşdür. Beləliklə də, ümumi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini satılmasına onların razılığı olmamış, notariat kontorunda onların adından verilmiş, torpaq sahəsinin satılmasına guya razılıqlarını ifadə edən ərizələr onlar tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Qeyd olunanlar onların hüquqlarını kobud şəkildə pozmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətdə olan paylarını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə bildiriş verilməlidir. Əgər onlar torpaq sahəsinin qeyd olunan hissəsini satın almaqdan imtina edərdisə, satıcı öz payını istədiyi şəxsə sata bilərdi. Lakin həmin torpaq sahəsinin alqısatqısı ilə bağlı qeyd olunan müqaviləyə əlavə olunmuş onların adından tərtib olunmuş ərizələrdən görünür ki, torpaq sahəsini satın almaq guya onlara təklif olunmuş və onlar imtina edərək torpaq sahəsinin üçüncü şəxsə satılmasına razılıqlarını bildirmişlər. Həmin ərizələrdən onların xəbəri olmamış və ərizələrdəki imzalar başqa şəxslər tərəfindən icra olunmuşdur. Odur ki, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonunun, Ağabəyli kəndində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarış ləğv edilməlidir. Ona görə də, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanmış Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı3 vəkili və nümayəndəsi olan Vəkil2 elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlərə qarşı iddia qaldıraraq, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü ildə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Digər iddiaçılar İddiaçı5 və İddiaçı4 isə məhkəmədə iddia qaldıraraq, qeyd olunan müqavilə və çıxarışın etibarsız hesab olunmasını xahiş etmişlər. Hazırda iddia tələbini dəqiqləşdirərək, həmin müqavilə və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 vəkili və nümayəndəsi olan Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçılar İddiaçı3 və qeyriləri ona və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar tərəfindən məhkəmədə mübahisələndirilən alqı-satqı müqaviləsi 20 iyun 2014-cü ildə rəsmi qaydada bağlanmış və ailə üzvlərinin heç bir etirazı olmamışdır. Göründüyü kimi iddiaçılar tərəfindən qeyd edilən müqavilənin 10 ildən artıqdıq mübahisələndirilməməsi artıq iddiaçıların müqavilədə göstərilən torpaq sahəsinin satılması faktının daxilən qəbul edilməsidir. Hazırki mübahisədə iddiaçının birinin alqı-satqı müqaviləsini imzalayarkən biraz fərqli formada imza etməsi sübut kimi təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bundan başqa F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Ona görə də, qeyd etdiklərini nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi olan Vəkil1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Xocavənd Rayon Məhkəməsində iddiaçı qismində iştirak etdiyi mülki işlə bağlı məhkəmə prosesində iştirak edə bilməməsini nəzərə alıb, işi təxirə salmadan və onun iştirakı olmadan işə baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, mülki işə İddiaçı1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, tərəflərin, onların vəkili və nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0061 kod 60804048 saylı Dövlət Aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 №-li qərarı ilə İddiaçı1, X1, X5, İddiaçı3 və X6 4,40 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların X10 12 iyun 2014-cü il tarixli, RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndinin ərazisində 4,40 ha torpaq sahəsi həmin tarixdə İddiaçı1, İddiaçı4, X4, İddiaçı3 və Nağıyeva (Abışova) Nuranə Səyyaf qızının adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan 20 iyun 2014-cü il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 və Əliyeva X7 rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə (2/5 hissə, 4,4 kv/m) torpaq sahəsini 4.000 manata Cavabdeh2 satmışlar. İş materiallarında olan İddiaçı3 tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsindən görünür ki, atası İddiaçı1 və bacısı İddiaçı2 öz pay torpaqlarını satmasına razıdır və almaq ona təklif olunmuş istəməmişdir. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı4 tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsindən görünür ki, əri İddiaçı1 və qızı İddiaçı2 məxsus olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən pay torpaqlarının başqasına satılmasına razıdır. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı5 tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsindən görünür ki, atası İddiaçı1 və bacısı İddiaçı2 öz pay torpaqlarını başqasına satmasına razıdır və almaq ona təklif olunmuş istəməmişdir. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların X10 01 aprel 2015-ci il tarixli RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndinin ərazisində 1,76 ha torpaq sahəsi həmin tarixdə Cavabdeh2 adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 4/834 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, notariat işinin 4-cü vərəqəsində 18 iyun 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza - İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, notariat işinin 5-ci vərəqəsində 18 iyun 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza - İddiaçı4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, notariat işinin 6-cı vərəqəsində olan 18 iyun 2014-cü il tarixli ərizədə “imza” qrafasındakı imza Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 14 avqust 2024-cü il tarixli, 4/834 saylı bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat X3 Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2024-cü il tarixli, 4/1779 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4ə-183 nömrəli Notariat işinin 6-cı vərəqəsində İddiaçı5 adından olan 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasında imza - Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 05 dekabr 2024-cü il tarixli, 4/1779 saylı bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 105 manat X3 Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 №-li qərarı ilə İddiaçı1, X1, X5, İddiaçı3 və X6 4,40 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi İddiaçı1, İddiaçı4, X4, İddiaçı3 və Nağıyeva (Abışova) Nuranə Səyyaf qızının adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Mübahisəli Ağcabədi rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə ümumi birgə mülkiyyətçiləri olan mülki iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4 və Nağıyeva X8 rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəliyində ərizə yazaraq pay torpaq sahəsini almaq istəməmiş və başqasına satılmasına etiraz etməmişlər. Bundan sonra Ağcabədi rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə kənd təsərrüfatı təyinatlı 4,40 ha torpaq sahəsinin 2/5 hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 4.000 manata Cavabdeh2 satılmış, həmin torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasına Konvensiyada “qanun” və “qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli Ağcabədi rayonu, Ağabəyli kəndinində yerləşən 1,76 ha torpaq sahəsini 20 iyun 2014-cü il tarixdən qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi mübahisəli Ağcabədi rayonu, Ağabəyli kəndinin ərazisində 1,76 ha torpaq sahəsi Cavabdeh2 20 iyun 2014-cü il tarixdən qanuni əsaslarla əldə etmiş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olması, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqlardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Belə ki, mülki işin hallarından görünür ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçılarla cavabdeh arasında 20 iyun 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin vaxtdan etibarən torpaq sahəsi cavabdehin aşkar sahibliyində və istifadəsində olmuşdur. Tərəflər arasında doqquz il müddətində torpaqla bağlı hər hansı mübahisə olmamış, qonşuluq şəraitində əkilib-becərilmiş, cavabdehin aldığı torpaq sahəsinin xidmət haqları onun tərəfindən ödənilmiş və mübahisəli torpaq sahəsinin 2014-cü ildən etibarən Cavabdeh2 faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamışdır. Bundan başqa iddiaçılar iddia ərizələrində mübahisəli torpaq sahəsini 2014cü ildə cavabdehə satmadıqlarını, ona icarəyə verdiklərini qeyd etsələr də, lakin bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Göründüyü kimi torpaq sahəsinin Cavabdeh2 qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.2-ci maddəsinin tələbinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində yerləşən 1,76 ha mübahisəli kənd təsərrüfatlı torpaq sahəsi 2014-cü ildən Cavabdeh2 faktiki istifadəsindədir. Cavabdeh2 həmin torpaq sahəsini əkib becərmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və fasiləsiz istifadə etmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bu baxımdan, məhkəmə iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə görə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Qeyd edilməlidir ki, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin 2014-cü ildən etibarən Cavabdeh2 faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamış, həmin torpaq sahəsinin Cavabdeh2 qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi iddiaçıların mübahisəli torpaq sahəsinin yerləşdiyi Ağcabədi rayonu, Ağabəyli kəndində yaşamaları və mübahisəli torpaq sahəsi ilə eyni ərazidə özlərinin istifadələrində olan torpaq sahəsinin əkib becərmələri baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, Cavabdeh2 tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, orada müxtəlif növ mövsümü bitkilər əkərək becərməsi onun qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, iddiaçıların həmin torpağın Cavabdeh2 tərəfindən istifadə edildiyini 2014-cü ildən bilməsi də öz izahatları ilə təsdiq edilir. Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Belə ki, mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş, onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notarius tərəfindən təsdiq edilmişdir. Bundan başqa Ağcabədi rayonu, Ağabəyli kənd İcra Nümayəndəliyinin möhürü və İddiaçı3, İddiaçı4 və İddiaçı5 imzası ilə təsdiq edilmiş 18 iyun 2014-cü il tarixli ərizələri ilə mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı3 və İddiaçı4 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasındakı imza İddiaçı3 və İddiaçı4 tərəfindən icra olunduğu, lakin Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bunula bağlı məhkəmə qeyd edir ki, İddiaçı1 həmin dövürdə Ağcabədi rayonu, Ağabəyli kənd icra nümayəndəsinin müavini vəzifəsində işləməsi və həmin ərizələrin icra nümayəndəliyi tərəfindən möhürlə təsdiq edilməsi ərizələrin mötəbərliyini şübhə altına almır. İş materiallarında göründüyü kimi alqı-satqı müqaviləsi bağlanarkən qeyd olunan ərizələr İddiaçı1 tərəfindən notariat kontoruna təqdim edilərək, notariat işinə əlavə edilmiş və iddiaçılar həmin ərizələrin notariat kontorunda olmasını bildikləri təqdirdə alqı-satqı müqaviləsinin hazırki vaxta kimi mübahisələndirməmələri də, ərizələrin etibarlı olmasını təsdiq edir. Həmçinin diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh2 mübahisəli Ağcabədi rayonu, Ağabəyli kəndinin ərazisində yerləşən 1,76 ha torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olması, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqlar olduğundan, mübahisəli torpaq sahəsini əldə edərkən qanunvericiliyin tələblərinə əməl edildiyindən və qanun pozuntusuna yol verilmədiyndən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 14 avqust 2024-cü il tarixli, 4/834 saylı bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat X3 Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 05 dekabr 2024-cü il tarixli, 4/1779 saylı bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 105 manat X3 Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin olunmamasını nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 231 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Agentliyi Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 231 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Agentliyi Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar