Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-208/2025 05.02.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi olan Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi olan Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh1 arasında 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixdə bağlanılmış əqdin etibarlı hesab edilməsi və ya 1.47 ha torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 4.500 manat pulun indiki dövrə formalaşmış orta bazar dəyəri olan 11.058 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 165 manatın və ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən, həmkəndliləri və həmçinin yaxın qonşuları Beyləqan rayonu, Əlinəzərli kənd sakinləri Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətlərinə yaşadıqları Əlinəzərli kəndi ərazisindən 1.47 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. 30 iyun 2018-ci il tarixdə cavabdehlər onlara gələrək, təcili pula ehtiyacları olduğundan mülkiyyətlərində olan 1.47 ha torpaq sahəsinin satmaq istədiklərini bildirmiş və ilk öncə yaxın qonşu kimi həmin torpaq sahəsini ona satmaq istədiklərini bildirmiş və cavabdehlərlə yaxın qonşu münasibətində olduqlarından onlara etibarı sonsuz olmuşdur. Lakin hər ehtimala qarşı Cavabdeh1 və bir nəfər şahidin iştirakı ilə akt tərtib edərək, həmin alqı-satqını yazılı formada öz imzaları ilə təsdiq etmişdirlər. Belə ki, Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus 1.47 ha torpaq sahəsini ona 4.500 manata ömürlük satdığını, o, da, həmin torpağı 4.500 manata aldığına və həmkəndliləri X6 şahid qismində iştirakı ilə həmin alqı-satqının doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Həmin tarixdən hal-hazıradək torpaq sahəsi onun istifadəsindədir. Həmin vaxtı cavabdehlərə təcili pul lazım olduğundan aralarında olan alqı-satqını notarial qaydada tam şəkildə sənədləşdirə bilməmiş, lakin cavabdehlər onlardan aldığı 1.47 ha torpaq sahəsini tez bir müddətdə sənədləşdirəcəklərinə dair söz vermişdirlər. Lakin cavabdehlərdən hər dəfə aralarındakı alqı-satqını səndələşdirməyi xahiş etsə də, cavabdehlər Dövlətdən sosial müavinət aldıqlarını və sənədləşməni edəcəkləri təqdirdə sosial müavinətlərinin kəsiləcəyini bildirmişdirlər. O, da, bir yaxın qonşu olaraq həmçinin qadın olduğundan hüquqlarını tam başa düşmədiyindən və humanistlik nümayiş etdirdiyindən buna göz yunmuşdur. Həmin torpaq sahəsini aldığı gündən etibarən külli miqdarda xərc qoyaraq abadlaşdırma və yaxşılaşdırma işləri apararaq tam yararlı vəziyyətə gətirmişdir. Cavabdehlərin ailə başçıları olan X5 təxminən iki ilə yaxın müddətdir ki, rəhmətə getdiyindən oğlu Cavabdeh1 konkret olaraq, torpağı onun adına keçirtməyəcəyinə dair sifarişlər göndərmişdir. O, bu barədə Abbasa və onun digər ailə üzvlərinə öz iradını bildirsə də, onlar ona əhəmiyyət verməyərək, aralarında olan alqısatqını sənədləşdirməkdən imtina etmişdirlər. Göründüyü kimi cavabdehlər satdığı 1.47 hektar torpaq sahəsini qanuni qaydada sənədləşdirmirsə onun xx.xx.2018-ci il tarixdə onlara verdiyi 1.47 hektar torpaq sahəsinin dəyəri olan 4.500 manatın indiki dövrə yəni 2024-cü ilə formalaşmış orta bazar dəyəri olan 11.058 manat, mütəxəssis rəyi üçün ödədəyi 165 manat və ödənilmiş 124 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb ona verilməlidir. Ona görə də, onunla Cavabdeh1 arasında 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixdə bağlanılmış əqdin etibarlı hesab edilməsi və ya 1.47 ha torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 4.500 manat pulun indiki dövrə formalaşmış orta bazar dəyəri olan 11.058 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 165 manatın və ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı vəkili və nümayəndəsi olan Vəkil1 məhkəmə hazırlıq iclasında iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11.058 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 165 manatın və ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi olan Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi olan Vəkil2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, aktda olan imza Cavabdeh1 məxsus olsada, lakin bu alqı-satqı ilə bağlı olmamışdır. Belə ki, Cavabdeh1 həmkəndlisi Sahilin barəsində Beyləqan Rayon Məhkəməsində olan inzibati xəta haqqında iş üzrə məhkəmə qərarının ləğv olunmasına görə Sahil Cavabdeh1 məhkəməyə ərizə verilməsi üçün həmkəndliləri Günay adlı xanımla görüşməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1 Beyləqan Rayon Məhkəməsinə gedərək, iddaçının qızı Günay xanımla görüşmüş, Sahilin barəsində olan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün ona müraciət etmiş, həmin vaxt Sahil orda olmadığı üçün Günay ağ vərəqə Cavabdeh1 imza etdirmiş və bu hadisə 2022-ci il tarixdə baş vermişdir. Göründüyü kimi iddiaçının qızı Günay xanım 2018-ci ildə Beyləqan Rayon Məhkəməsində işləməmiş və sənədləşdirməni aparmaq üçün Günay xanım başqa yol tapmadığından bu üsula əl atmışdır. Ekspertiza rəyində imza cavabdehə məxsus olması müəyyən edilsədə, ekspertiza qarşısında imzanın cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunun-olunmaması sualı qoyulmadığından ekspertdə imzada oxşarlıq olduğu üçün sənətdəki imzanın cavabdeh tərəfindən icra olunmasını təsdiq etmişdir. Qeyd olunan sənəd pulun verilməsi ilə bağlı qəbz deyil, nədəki alqısatqının aparılması ilə bağlı alqı-satqı müqaviləsi deyil. Belə ki, tərəflər biri-birinə etibar edib istifadələrində olan torpaq sahəsini icarəyə vermiş, lakin qarşı tərəf bundan istifadə etmişdir. Əsil həqiqətdə isə iddiaçının qaynı oğlunun bildirdiyinə görə mübahisəli torpaq sahəsini dörd il müddətinə cavabdehlərdən icarəyə götürmüş, icarə pulunu atası Rusiyadan göndərmiş, həmin pulu Abbasa vermiş və icarə müddəti bitdiyindən torpaq sahəsi cavabdehlərə təhvil verilmiş və həmin vaxtı torpağın yarsını onlar əkmiş, yarsını isə iddiaçı Rahilə xanım əkmişdir. Lakin iş materiallarında olan aktda mübahisəli torpağın ömürlük satılması qeyd olunmuşdur. Bundan başqa şahid Beyləqan Rayon Məhkəməsində işə baxılarkən torpaq sahəsinin 2022-ci ilədək iddiaçılar tərəfindən əkilməsini bildirsədə, mübahisəli torpaq sahəsinin dövlət aktı cavabdehlərdə olmuş, 2022ci il tarixə kimi torpaq sahəsinin vergisi cavabdehlər tərəfindən ödənilmiş və dövlət tərəfindən ayrılan subsidiya onlar tərəfindən alınmışdır. Bu müddət ərzində tərəflər arasında hər-hansı bir mübahisə olmamış, lakin bugün iddiaçı alqı-satqı rəşmiləşdirilmədiyindən verdiyi 4.500 manat pulun indeksasiyasiyası və həmin məbləğin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı bu müddət ərzində torpaqdan istifadə etmiş, gəlir əldə etmişdir. Ona görə də, iddia əsassız olduğundan və əsaslı sübut olmadığından, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi olan Vəkil2 izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə onun arasında heç bir torpaq alqı-satqısı olmamış və iddaçıdan pul almamışdır. O, mübahisəli torpaq sahəsini iddiaçı Rahilə xanımın qaynına 2.400 manat müqabilində dörd il müddətinə icarəyə vermişdir. Eyni zamanda dostu Sahilin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmədə olan işinin həll edilməsinə görə həmkəndliləri Günay xanımın yanına getməsini Sahil ondan xahiş etmiş, bir yaxın qonşu kimi Günay xanımın yanına getmiş, həmin vaxt Günay şahid kimi Sahilin və öz əvəzindən sənədə qol çəkdirmiş və Sahilin verdiyi 100 manat pulu Günay xanıma vermişdir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən aktdakı yazılanlardan xəbəri olmamış və aktı imzalamamışdır. Ona görə də, iddia əsassız olduğundan, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı tanımır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən aktı Cavabdeh1 imzalayanda orada olmamış, hətta mübahisəli torpaq sahəsinin satılması və ya icrayə verilməsindən məlumatı olmamışdır. Ona görə də, qeyd etdiklərini nəzərə alıb, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 30 iyun 2018-ci il tarixli aktdan görünür ki, Beyləqan rayonu, Əlinəzərli kənd sakini Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus Beyləqan rayonu, Əlinəzərli kəndində yerləşən 1.47 ha pay torpaq sahəsini həmkəndlisi İddiaçı 4.500 (dörd min beş yüz) manata ömürlük satmış, aktın doğruluğu Cavabdeh1, İddiaçı və şahid X9 imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan JN 317 KOD 60703018 saylı dövlət aktının surətindən görünür ki, Beyləqan rayonu Əlinəzərli kənd sakini X3, ailə üzvləri X2, Cavabdeh2 və Cavabdeh1 Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 08 dekabr tarixli 39 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.47 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 116 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı həmkəndlisi Cavabdeh1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpağının bu rəy verilən dövrə formalaşmış orta bazar dəyəri bir hektar üçün 9.000,00 manat olmaqla, cəmi (1.47 x 9.000,00) = 13.230,00 manat təşkil etmiş, İddiaçı həmkəndlisi Cavabdeh1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpağının almaq üçün verdiyi 2018-ci il tarixə 4.500,00 manatın 2024-cü ilə ekvivalenti dövrü əhatə edən illərdə göstərilmiş parametrlərin təsirinin orta həddi qədər mövcud olmuş real inflyasiya nəzərə alınmaqla, ( 6.558,00 + 4.500,00) = 11.058,00 manat təşkil emişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirmə rəyinin alınması üçün "xxxx" MMC-yə 165 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Beyləqan rayon Əlinəzərli kənd Bələdiyyəsinin 25 fevral 2025-ci il tarixli, 002/2025 saylı məktubundan görünür ki, Beyləqan rayonu, Əlinəzərli kənd ərazisində 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşdiyi koordinatlardan və torpağın keyfiyyətindən aslı olaraq illərə görə qiyməti 2016-cı ildə 2.300 - 2.500 manat, 2017-ci ildə 2.800 - 3.000 manat, 2018-ci ildə 3.200 - 3.500 manat, 2019-cu ildə 3.500 - 4.200 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli, 3-16-16/2-4/4569 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş 30 iyun 2018-ci il tarixli Aktda “X9” yazısının qarşısındakı imza - X9 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli, 3-16-16/2-4/569 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 127 manat VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2025-ci il tarixli, 4/1644-5/991 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş mülki işin 9-cu vərəqində olan xx.xx.2025-ci il tarixli Aktın sonundakı “Satıcı-İmza: qrafasında X4 adının qarşısındakı imza - X4 tərəfindən icra olunmuşdur. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbbə görə qərardadda göstərilən “2. Əgər icra edilmişdirsə X4 tərəfindən edilmiş imza 2018-ci il tarixinə uyğundurmu?” sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2025-ci il tarixli, 4/1644-5/991 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2026-cı il tarixli, 9/5628 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 4.500,00 manat pul məbləğinin 2018-ci il iyun ayından 2025-ci il dekabr ayınadək 153,6% inflyasiya faiz dərəcəsi, yəni qiymətlərin səviyyəsinin 53,6% faiz artması nəzərə alınmaqla, indeksasiya məbləği 6.912,00 manat məbləğində müəyyən edilmiş, o cümlədən: 4.500,00 x 153,6% = 6.912,00 manat, 2018-ci il iyun ayından 2025-ci il dekabr ayınadək hesablanmış fərq məbləği isə 2.412,00 manat (6.912,00 - 4.500,00) müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2026-cı il tarixli, 9/5628 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Beyləqan şəhərində doğulmuş və Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatdadır. İş materiallarında olan Beyləqan rayon İHB-nın Əlinəzərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 324 saylı arayışdan görünür ki, İddiaçı Beyləqan rayonu, Əlinəzərli kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldırılması üçün 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu, Əlinəzərli kənd sakini X3 və onun ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 1.47 hektar torpaq sahəsi cavabdeh X4 tərəfindən 30 iyun 2018-ci il tarixdə 4.500 manat qarşılığında İddiaçı satmış, bu barədə akt tərtib edilmiş, aktın doğruluğu satıcı Cavabdeh1, alıcı İddiaçı və şahid X9 tərəfindən imzalanmışdır. Lakin iddiaçı 1.47 ha torpaq sahəsini öz adına sənədləşdirmək istədikdə cavabdehlər tərəfindən maneəçilik yaradılmışdır. Bu səbəbdən də, İddiaçı cavabdehə verdiyi pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh1 məhkəmə iclasında mübahisəli torpaq sahəsini iddiaçının qaynına 2.400 manat müqabilində dörd il müddətinə icarəyə verməsini, həmin torpaq sahəsini İddiaçı satmamasını və alqı-satqı məqsədi ilə onun tərəfindən aktın imzalanmamasını bildirmişdir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən xətşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri ilə 30 iyun 2018-ci il tarixli aktdakı imzalar satıcı X4 və şahid X9 tərəfindən icra olunması müəyyən edilmişdir. Eyni zamanda İddiaçı 2018-ci ildə 1.47 hektar torpaq sahəsinə görə cavabdehə ödədiyi 4.500 manat pulun indiki dövrə formalaşmış orta bazar dəyərinin 11.058 manat olmasını iddia etmiş, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə istehlak qiymətləri indeksinə əsasən, 4.500 manat pul məbləğinin 2018-ci il iyun ayından 2025-ci il dekabr ayınadək, 153,6% inflyasiya faiz dərəcəsi, yəni qiymətlərin səviyyəsinin 53,6% faiz artması nəzərə alınmaqla, indeksasiya məbləği 6.912 manat olması, yəni 4.500,00 x 153,6% = 6.912,00 manat, 2018-ci il iyun ayından 2025-ci il dekabr ayınadək hesablanmış fərq məbləği isə 2.412,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh1 özünə və ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 1.47 hektar torpaq sahəsini iddiaçıya 4.500 manata müqabilində satması, bu barədə 30 iyun 2018-ci il tarixdə akt tərtib edilməsi, akt Cavabdeh1 tərəfindən imzalanması, akt tərtib edilərkən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin vaxt orada iştirak etməməsi məhkəmə iclasında sübuta yetirildiyindən, həmçinin cavabdeh istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh1 6.912 manat, mütəxəssis rəyi üçün ödənilmiş 165 manat və ödənilmiş 124 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ayrı-ayrılıqda aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 347 manat Cavabdeh1 tutulaqar VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 6.912 manat, mütəxəssis rəyi üçün ödənilmiş 165 manat və ödənilmiş 124 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 347 manat Cavabdeh1 tutulaqar VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-208/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-208/2025
05.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver