Məhkəmə qərarları › İş №2(069)-99/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-99/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-99/2025 27.05.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “əmək mübahisələri işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaşı İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq, ödənilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsində Maliyyə Xidmətində Mühasib vəzifəsində xidmət etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olmuş, məzuniyyəti bitdikdə Şuşa şəhərinə qayıdarkən istifadə üçün siqaret almışdır. Daha sonra N saylı hərbi hissənin şəxsi heyəti ona tələ quraraq, qərəzli şəkildə guya ki, o həmin siqareti satmaq niyyəti ilə əldə etdiyini bildirərək, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad edilmişdir. Belə ki, qeyd etdiyi məsələyə görə xəbərdarlıq edilməmiş, onun barəsində hər hansı intizam pozuntusuna görə cəza təyin edilməmiş, birbaşa işdən azad edilmişdir. Göründüyü kimi ona qarşı olunan bu hərəkət hərbi hissənin qərəzidir və bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq, ödənilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək əlavə göstərmişdir ki, o, N saylı Hərbi Hissədə Mühasib vəzifəsində işləmiş, onun bundan qabaqkı fəaliyyətində heç bir qüsuru olmamış, daxili nizam intizam qaydalarını pozmamış və bütün qayda qanunlara düzgün riayət etmişdir. Belə ki, onun hərbi hissənin daxilinə hər hansı bir vasitənin keçirib əsgər və ya digər şəxslərə vermək səlahiyyəti olmamışdır. Lakin ona edilmiş xahişə görə siqaret alaraq, hərbi hissənin daxilinə keçirib əsgərə vermiş, bunun qanunsuz olduğunu bilməmiş və o, siqareti satmaq niyyəti ilə keçirib əsgərə verməmişdir. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd qərarı ona təqdim edilmiş, lakin həmin qərardan narazı olmuş, çünki aparılmış araşdırma zamanı alınan bütün izahatlar düzgün olmamışdır. Həmin qərardan şikayət verilə biləcəyi barədə xəbəri olmamış və cinayət işinin rədd qərarından şikayət verməmişdir. Bundan başqa hərbi hissə komandanlığı ona qarşı qərəzli olmuş, çünki Əmək Məcəlləsinə uyğun olaraq ona xəbərdarlıq, töhmət və ya başqa yüngül cəza verilə bilərdi. Hazırda işdən çıxarılmağı bir sıra çətiklər yaratmış, o, çətin durumda qalmış və iş tapmaqda çox çətinliklər çəkir. Ona görə də, qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, İddiaçı izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, N saylı hərbi hissə komandiri ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, Quliyev X4 Xidmətinin Mühasibi vəzifəsinə işə qəbul edilmiş və işçi əmək müqaviləsinin tam məsuliyyətini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli raportun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə qərargah bölüyünün pilotsuz uçuş aparatları tagımında kəşfiyyat pilotsuz uçuş aparatları manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər X5 dələduzluq edərək, qanunsuz olaraq hərbi hissənin ərazisində əskərlərə nisyə siqaret satmağı aşkar olunmuşdur. Bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 nömrəli Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinin 09 dekabr 2024-cü il tarixli, 16 saylı protokolundan çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin Maliyyə Xidmətinin Mühasibi mülki işçi İddiaçı hərbi hissənin daxilində qanunsuz olaraq siqaret satışı ilə məşğul olması iş prosesini kobud şəkildə pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi mülki işçi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Komandirinin 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmrinin surətindən görünür ki, mülki işçi İddiaçı N saylı Hərbi Hissənin maliyyə xidmətinin (Q8) mühasibi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək müqaviləsi kobud şəkildə pozulduğu üçün) əsasən, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan N saylı Hərbi Hissəsinin əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə almışdır. İş materiallarında olan Ağdam Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı X1 cinayət işinin başlanmasının rədd olunması barədə 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin sabiq mülki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə, təxminən saat 10 radələrində Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən Şuşa xalça muzeyinin qarşısında yol kənarında avtomobil parklanma yerində 0,5 litr ölçülü plastik su qabının içərisində olan yanacağı ətrafına asfalt örtüyünün üzərinə səpərək, özünü yandıracağını bildirməsində hər hansı hərbi qulluqçunun günahı olmadığından qeyd edilən xüsusat üzrə Azərbaycan Rspublikası CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığı üçün Azərbaycan Rspublikası CM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin sabiq mülki işçisi İddiaçı həmin hərbi hissənin əsgəri X3 tütün məmulatı olan siqareti nisyə satması əməlində Azərbaycan Rspublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olmadığından, barəsində Azərbaycan Rspublikası CM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin hərbi qulluqçusu əsgər X2 həmin hərbi hissənin hərbi qulluqçularına tütün məmulatı olan siqareti nisyə satması əməlində Azərbaycan Rspublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi əlamətləri olmadığından, barəsində Azərbaycan Rspublikası CM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin sabiq mülki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə 181 nömrə Hərbi Hissə komandanlığı tərəfindən işdən azad olunması xüsusatı ilə bağlı mülki icraat qaydasında müvafiq məhkəməyə müraciət edə bilməsi hüququ İddiaçı izah edilmiş, qəbul olunmuş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qəbul olunmuş qərar barəsində maraqlı tərəflərə məlumat verilməklə qərardan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Ağdam Hərbi prokuroru ədliyyə müşaviri Elnur Kərimovun qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırıması barədə təqdimatından görünür ki, təqdimat N nömrəli Hərbi Hissənin bütün vəzifəli şəxslərin, zabit və gizirlərin iştirakı ilə müzakirə edilib, qeyd edilən hadisənin törədilməsinə şərait yaradan halların aradan qaldırılması, N nömrəli hərbi hissənin qərargah bölüyünün pilotsuz uçuş aparatları tagımının 1-ci pilortsuz uçuş aparatları qrupunun heyət nəfəri vəzifəsində xidmət edən hərbi qulluqçusu əsgər X2 intizam qaydasında cəzalandırılması məsələsinə baxılması və gələcəkdə bu kimi halların qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsi təklif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin Maliyyə xidmətinin mühasibi vəzifəsində işləmiş sabiq mülki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olmuş, o, Şuşa şəhərinə qayıdarkən siqaret alaraq, özü ilə Şuşa şəhərində yaşadığı evə gətirmiş, həmin siqaretləri N saylı hərbi hissənin qərargah bölüyünün pilotsuz uçuş aparatları taqımının 1-ci pilotsuz uçuş aparatları qrupunun heyət nəfəri vəzifəsində xidmət edən hərbi qulluqçusu, əsgər X3 nisyə satmışdır. Bundan sonra qərargah bölüyünün pilotsuz uçuş aparatları tagımında kəşfiyyat pilotsuz uçuş aparatları manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər X2 qanunsuz olaraq hərbi hissənin ərazisində əskərlərə nisyə siqaret satmağı aşkar olunmuş və bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Bununla əlaqədar raport tərtib edilmiş və müvafiq araşdırma aparılmışdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən İddiaçı işdən azad olunması məsələsinə baxılaraq təklifin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Komandirinin 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmri ilə mülki işçi İddiaçı N saylı hərbi hissənin maliyyə xidmətinin (Q8) mühasibi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək müqaviləsi kobud şəkildə pozulduğu üçün) əsasən, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə, həmin Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən, müvafiq həmkarlar ittifaqı təşkilatının razılığı qabaqcadan alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunveriliciyin öyrənilən normalarının tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, zəruri sübutları əldə etmək imkanı olmadıqda isə həmin sübutları əldə etmək barədə vəsatətlə məhkəməyə müraciət etməlidir. Lakin, iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, cavabdehin təqdim etdiyi sübutların mötəbərliliyini mübahisələndirməmiş, cavabdeh isə öz etirazının əsası kini istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissənin Komandirinin 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmrinin qanunsuz olmasını, hərbi hissədə tərəfindən siqaret satılmasının qanunsuz olmasını bilmədiyini və onun barəsində hər hansı intizam pozuntusuna görə yüngül cəza verilməsini bildirməklə kifayətlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni və əsaslı, habelə mahiyyəti üzrə düzgün olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə Komandirinin 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmrinin yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq, ödənilməsi və işə bərpa olunmağı barədə iddiası rədd edilməlidir. İşdə olan 13 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Ağdam 2 saylı Mediasiya Təşkilatına 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “əmək mübahisələri işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Ağdam 2 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat rüsum İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar