Məhkəmə qərarları › İş №2(070)-10/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-10/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-10/2025 11.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 22 noyabr 2023-cü il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 514 nömrə ilə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə Bakı şəhərində yaşayır. Onların ataları dayı oğlu-bibi oğludur. Cavabdehlə birbirlərini tanımadan, xasiyyətlərini bilmədən, valideynlərinin istəyi və təkidi ilə nişanlanmışlar. Sonra da qaçqın kimi mənzil almaqdan ötrü 22 noyabr 2023-cü il tarixdə Şamaxı regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Lakin Şamaxı regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində onların ev almaq üçün əvvəlcədən nikaha girdiklərini bilməmişlər. Nişanlanandan və rəsmi nikaha girəndən sonra Cavabdeh hər xırda şey üstə onu yersiz olaraq qısqanmağa, istədiyi qadağaları qoymağa başlamışdır. Onlar nikahlarını rəsmiləşdirsələr də, heç vaxt ər-arvad olmamışlar. Sadəcə nikahları rəsmiləşmiş və toyun olacağı vaxtı gözləmişlər. Lakin Ömərin bu xasiyyətləri onda belə bir qəti inam yaratmışdır ki, onlar heç vaxt xoşbəxt ola bilməzlər. Onun hələ atası evində yaşaya-yaşaya ona belə qadağalar qoyan, evdə söz-söhbət yaradan, onu hədələyən bir şəxslə ər-arvad olması mümkün deyildir. Ona görə də fikrini valideynlərinə bildirmiş və valideynləri də onunla razılaşmışlar ki, nə qədər ki, onlar ailə qurmamışdır, elə bəri başdan ayrılsalar daha doğru olar. Odur ki, nikahın etibarsız hesab edilməsi barədə mediasiya xidmətinə müraciət etmişdir. Ömər mediasiyaya da gəlməmişdir. Buna baxmayaraq onun qərarı qətidir və nikahlarının etibarsız olması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, o, nənəsinin təklifi ilə cavabdehlə nişanlanmış, sonra cavabdehlə nikaha daxil olmuşdur. Daha sonra onlar yola getməmiş, xasiyyətləri uyğun gəlməmiş və cavabdeh onu qısqanmağa başlamışdır. Bu səbəbdən də onlar ayrılmışlar. Onların arasında el adəti ilə toy olmamışdır. Verilmiş suallara cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh onunla nənəsi tərəfdən qohumdur. Nikaha daxil olana qədər onlar bir-birilərini bu dərəcədə tanımamış, sadəcə qohum kimi münasibətləri olmuşdur. O, cavabdehlə könüllü şəkildə nikaha daxil olmuş, heç kim onu buna məcbur etməmişdir. Tələsik nikaha daxil olmalarının səbəbi isə qohumların evliliyini qadağan edəcək qanunun qəbul edilməsi ehtimalı olmuşdur. Onların evlənmək niyyəti olmuşdur. Hətta 09 iyul 2023-cü il tarixində onların nişan mərasimi də olmuşdur. Hər iki tərəfdən ailələr nişan mərasimində iştirak etmişdir. Nikaha daxil olana qədər də onun cavabdehlə münasibəti olmuşdur, lakin o, cavabdehin pis tərəflərini görməmişdir. Nikaha daxil olduqdan sonra cavabdehin yersiz qısqanclıqları başlamış, cavabdeh onu qardaşına və atasına qısqanmışdır. Hesab edir ki, aralarında el adəti ilə toy olmadığı üçün nikahları etibarsız olmalıdır. Tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında işi ilə bağlı iştirak edə bilmir. İddianı qəbul etmir. İddiaçı ilə ailə qurmaq niyyətilə könüllü olaraq öz istəyi ilə nikaha daxil olmuşlar. Ailəsini dağıtmaq niyyəti yoxdur, iddiaçı ilə yenidən barışaraq bir ailə olacağına inanır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şamaxı regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 565048 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Şahİddiaçı arasında nikah xx.xx.2023-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 514 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Məmmədova” soyadı verilmişdir; xx.xx.2024-cü il tarixli, 28921 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Şamaxı regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-597/2024 nömrəli məktubuna əlavə edilmiş: xx.xx.2023-cü il tarixli “Nikaha daxil olmaq haqqında Ərizə”dən görünür ki, tərəflər (Cavabdeh və Şahİddiaçı) nikahlarının qeydə alınması ilə bağlı müvafiq ərizə ilə Qeydiyyat şöbəsinə müraciət etmişlər; Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli, A230269004 nömrəli “Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə Arayış”dan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmişdir; Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli, A230269000 nömrəli “Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə Arayış”dan görünür ki, Şahİddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir; 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hisləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir; 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Məhkəmə qeyd edir ki, dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Azərbaycan Respublikası Konstitusiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Göründüyü kimi, həmin maddəyə əsasən nikah hüququ yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, hər kəsə məxsus olan konstitusion hüquq kimi müəyyən olunmuşdur. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Göstərilən əsaslarla yanaşı qanunla nikahın etibarsız hesab olunmasının əsasları da müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur; 10.2-ci maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər; 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir; 11.2-ci maddəsinə əsasən bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz; 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar sadalanmışdır və həmin hallarda nikahın bağlanmasına yol verilmir. Belə ki, həmin hallar aşağıdakılardır: - yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); - övladlığa götürənlər və övladlığa götürülənlər; - ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; - bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; - ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; - ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər; 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə hazırki iş üzrə nikahın etibarsız hesab olunması əsaslarının olub-olmaması məsələsinə dair qeyd edir ki, bu halların dairəsi qanunla dəqiq göstərilmişdir və əsasların genişləndirilməsi yolverilməzdir. Məhkəmə nəzərə alır ki, tərəflər nikaha daxil olan zaman qanunla müəyyən olunmuş yaş həddinə çatmış və tibbi müayinədən keçmişdir. Həmçinin, tərəflər arasında nikahın bağlanmasına yol verilməyən hallar, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində sadalanan hallar mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, nikah könüllü ittifaqdır və yalnız tərəflərin razılığı ilə bağlanıla bilər. İddiaçı məhkəmə iclasında ilkin izahat verən zaman nikaha öz razılığı ilə daxil olduğunu bildirmiş və nikah müddətində xasiyyətlərinin uyğun gəlməməsini, cavabdehin onu qısqandığını qeyd etmişdir. Nəzərə alınmalıdır ki, sadalanan hallar nikahın etibarsızlığı üçün əsas deyildir. İddiaçının izahatında göstərdiyi digər xüsusata, yəni onların arasında el adəti üzrə toy məclisinin keçirilməməsinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal nikahın etibarsız hesab olunması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, Cavabdeh və Şahİddiaçı nikahlarının qeydə alınması üçün xx.xx.2023-cü il tarixdə nikaha daxil olmaq haqqında ərizə ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş və bununla da nikaha daxil olmaq barədə könüllü razılıqlarını bildirmişlər. Həmin ərizənin isə könüllü olaraq yazılmaması, yəni iddiaçının nikaha daxil olmaq istəyinin olmaması sübut olunmur. Məhkəmə iddiaçının izahatında göstərdiyi digər xüsusata, yəni qohumlar arasında nikahın bağlanmasının qadağan edilməsi ilə bağlı qanunun qəbul edilməsi ehtimalına əsasən nikahlarını tez qeyd etdirməsi məsələsinə dair qeyd etməyi zəruri hesab edir ki, 28 iyun 2024-cü il tarixli, 1198-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu olan şəxslər arasında nikahın bağlanmasına yol verilməsə də, hazırki iş üzrə tərəflər həmin şəxslərin kateqoriyasına düşmür. Həmçinin sözügedən Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar