Məhkəmə qərarları › İş №2(070)-104/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-104/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-104/2023 20.12.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Aslanova Röya Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3156 manat əsas məbləğ, 1862 manat faiz borcu və ödənilmiş 70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi Baic x3 At Luxury minik markalı, **-BF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək günlük 80, ümumilikdə 480 manat olmaq şərtilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərər qarşılanmamışdır. Belə ki, cavabdeh 08 oktyabr 2022-ci il tarixdə şirkət əməkdaşları ilə əlaqə yaratmış, sözügedən nəqliyyat vasitəsi ilə qəza törətdiyini bildirmişdir. Onlar məsələ ilə bağlı polisə məlumat verməyini tələb etsələr də özünün Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna görə bu hadisənin ona işiylə bağlı problem doğuracağını və nəqliyyat vasitəsinə dəymiş zərərin tez bir zamanda qarşılanacağını bildirmişdir. Cavabdeh 09 oktyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsini vuruq şəkildə təhvil vermişdir. 10 oktyabr 2022-ci il tarixdə nəqliyyat vasitəsi "xxxx" MMC-yə aparılmış və nəqliyyat vasitəsinə dəymiş zərər 1596 manat dəyərində qiymətləndirilmişdir. Əlavə olaraq cavabdehlə aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli 1004 nömrəli icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Belə ki, nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirxanada olmuş və 560 manat müqavilənin 3.9-cu bəndinə görə borc yaranmışdır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 faizinədək olduqda 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalıdır. Həmin müqavilənin 3.12-ci maddəsinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 % qədərində faiz hesablanmalıdır. Beləliklə, cavabdehin 3156 manat əsas və 1862 manat dəbbə borcu yaranmışdır. Cavabdeh nəqliyyat vasitəsini təhvil verən zaman borcu tez bir zamanda ödəyəcəyi barədə söz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, iddiaçı “Aztur Rent A Car MMC”-nin nümayəndəsi X1 elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, 2020-ci il buraxılışlı, BAN № LNBSCUAK3MR131418, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Baic x3 4At Luxury” minik markalı nəqliyyat vasitəsi 04 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək günlük 80, ümumilikdə 480 manat olmaq şərtilə icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh icarəyə verilmişdir; Həmin müqavilənin 3.2-ci bəndindən görünür ki, icarəçinin bu müqavilədən irəli gələn öhdəliklərinin təminatı kimi 1000 AZN-ə qədər məbləğində depozit müəyyən edilir. Alınan depozitin məbləği isə təhvil-təslim 1 aktında qeyd olunmalıdır; Həmin müqavilənin 3.9-cu bəndindən görünür ki, qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 AZN depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir; Həmin müqavilənin 3.12-ci bəndindən görünür ki, gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 % qədərində faiz hesablanacaq; Həmin müqavilənin 9.2-ci bəndindən görünür ki, hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 %-dək olduqda 1000 AZN, 20 %-dən çox olduqda 2500 AZN dəyərdən düşməsinə görə icarəçidən tutulacaq; 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli yol vərəqəsindən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh etibar edilmişdir; Təhvil-təslim 1 və 2 aktlarından görünür ki, “Baic x3 4At Luxury” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, BAN № LNBSCUAK3MR131418, tünd göy rəngli nəqliyyat vasitəsi icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh 04 oktyabr 2022-ci il tarixdə təhvil verilmiş, 09 oktyabr 2022-ci il tarixdə vuruq şəkildə təhvil alınmışdır (qoyulan depozit məbləği 0); 10 oktyabr 2022-ci il tarixli, F01009986 nömrəli "xxxx" MMC tərəfindən verilmiş servis kartından görünür ki, 2020-ci il buraxılışlı, Şassi LNBSCUAK3MR131418, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Baic x3” markalı nəqliyyat vasitəsi 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirdə olmuş və nəqliyyat vasitəsinə dəymiş zərər 1596.58 manat dəyərində qiymətləndirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 9/4288 nömrəli rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Baic x3 At Luxury” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1492.0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtləri və aşağıdakı maddi hüquq normaları tətbiq olunmaqla həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil günlük 80 manat olmaqla, cəmi 480 manat müqabilində iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Cavabdeh həmin nəqliyyat vasitəsi ilə qəza törətmiş, lakin, iddiaçıya dəymiş zərəri ödəməmişdir. Cavabdehin öhdəliklərini pozması nəticəsində iddiaçı hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi, həmin müqavilə ilə əmələ gələn öhdəliklər və bu öhdəliklərin icarəçi tərəfindən pozulduğu müəyyən olunmalı, ondan sonra müqavilədən irəli gələn öhdəliklərin pozulması ilə bağlı xüsusi normalar yoxdursa ümumi normalar çərçivəsində mübahisəyə qiymət verilməlidir. Hazırkı işdə tərəflər arasında 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli icarə müqaviləsi və icarəçinin icarə müqaviləsindən irəli gələn öhdəlikləri mövcuddur. İcarəçi icarə predmetinə zərər vurmaqla aralarındakı müqaviləyə və öhdəliyə zidd hərəkət etmiş, müqavilədən irəli gələn öhdəlikləri pozmuş və o, bunun nəticəsində icarədarın məruz qalmış olduğu zərərləri ödəməlidir. Lakin, bu zərərlər səbəbli əlaqə içərisində olan zərərlər olmalıdır. Hazırkı işin halları baxımından mübahisəyə tətbiq edilməli olan xüsusi normalar mövcud deyildir. Mübahisə predmeti nəticə etibarilə icarə müqaviləsinin şərtlərinin pozulması səbəbilə vurulmuş olan zərər olmaqla ümumi qaydalar çərçivəsində həll edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, müqavilə şərtlərinin təfsiri ilə bağlı mübahisə olduğu halda mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə uyğun olaraq 04 oktyabr 2022-ci il tarixli, 1004 nömrəli icarə müqaviləsinin şərtləri təfsir edilməli, müqavilənin müvafiq olaraq 3.2, 3.9, 3.12 və 9.2-ci bəndlərinə hüquqi qiymət verilməlidir. Lakin, təfsirlə bağlı mübahisə olmadığından müqavilə şərtlərinin təfsir edilməsinə zərurət yoxdur. O da nəzərə alınmalıdır ki, qanunun ancaq imperativ normalarına zidd olan müqavilə şərtləri etibarsızdır, lakin, icarə müqaviləsində həmin şərtlər mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində cavabdehdən ümumilikdə 3156 manat əsas məbləğin, 1862 manat faiz borcunun və ödənilmiş 70 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin 3156 manat əsas məbləğ hissəsini ümumi şəkildə qeyd etsə də iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, həmin məbləğ 3 hissədən ibarətdir:

1. 1596 manat dəymiş zərər;

2. 560 manat təmir müddəti üçün icarədara ödənilməli məbləğ;

3. 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalı məbləğ. Məhkəmə iddia tələbinin 1596 manat dəymiş zərər, 560 manat təmir müddəti üçün icarədara ödənilməli məbləğ, 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalı məbləğ, 1862 manat faiz borcu və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması hissələri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd edir. Məhkəmə iddia tələbinin 1596 manat dəymiş zərər hissəsi ilə bağlı qeyd edir ki, nəqliyyat vasitəsinə dəymiş zərər 1596 manat (servis kartında 1596.98 manat) məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinin məzmunundan isə həmin məbləğin iddiaçı tərəfindən təmir xərci kimi ödənilməsi müəyyən edilmir və bu barədə sübut iş materiallarına əlavə edilməmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 9/4288 nömrəli rəyi ilə avtomobilin təmir-bərpa xərci 1492 manat müəyyən edilmişdir. Həmçinin, icarə müqaviləsinin 3.2-ci bəndində icarəçinin müqavilədən irəli gələn öhdəliklərinin təminatı kimi 1000 AZN-ə qədər məbləğdə depozit müəyyən edilməsi və alınan depozit məbləğinin isə təhvil-təslim 1 aktında qeyd olunması göstərilmişdir. Lakin, iş materialları ilə ümumi zərərdən zərərin bir hissəsinin ödənişi mahiyyətində olan depozit məbləğinin yerləşdirilməsi də müəyyən edilmir. Belə ki, təhvil-təslim 1 aktında qoyulan depozitin məbləği 0 qeyd olunmuşdur. Bu səbəbdən, zərərin tam və ya bir hissəsinin depozitlə əvəzləşdirilməsi də mümkün deyildir. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və iddianın həmin hissədə ekspert rəyinə uyğun olaraq 1492 manat məbləğində təmin edilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 560 manat təmir müddəti üçün icarədara ödənilməli məbləğ hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsini icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayının avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməli olması və nəqliyyat vasitəsinin 10 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək təmirxanada olması ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, həmin bənddə (qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 AZN depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir) ödənilməli məbləğin hesablanması günlərinin sayı qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayı şəklində qeyd olunsa da tələbin bu hissəsi icarə müqaviləsinin müddəti bitdikdən sonrakı günlər üçün hesablanmalıdır ki, iddiaçı tələbini elə bu şəkildə ifadə etmişdir. Çünki, icarə müqaviləsi müddəti üçün icarə haqqı tam şəkildə iddiaçıya ödənilmişdir (iddia ərizəsində iddiaçının icarə haqqı tələbi yoxdur). Bu səbəbdən də müqavilə müddəti üçün icarə haqqı ödənildiyi halda icarəçidən həm də əlavə olaraq tələb olunan məbləğin tutulması əsaslı hesab edilə bilməz. Göründüyü kimi tələb olunan məbləğ nəticədə icarə müqaviləsinin müddəti qurtardıqdan sonrakı dövr üçündür. Həmin günlər ərzində icarədar adi mülki dövriyyə şəraitində avtomobili icarəyə verib gəlir əldə edə bilməmişdir. Yəni, tələbin bu hissəsi əldən çıxmış fayda şəklində iddiaçının zərəridir. "xxxx" MMC tərəfindən verilmiş servis kartı ilə avtomobilin həmin müddət ərzində təmirdə olduğu təsdiq olunur (10 oktyabr 2022-ci il - 21 oktyabr 2022-ci il, 11 gün). Avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqı 80 manatın 70 faizi 56 manat olmaqla avtomobil 11 gün müddətində təmirdə olduğu halda iddiaçının 560 manat tələb etməsi belə nəticəyə gəlməyə əsas verir ki, o, tələbinin həmin hissəsini 10 günlük müddət üçün hesablamışdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsini icarə müqaviləsinin 9.2-ci bəndinə əsasən hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərərin avtomobilin ümumi dəyərinin 20 faizinədək olduqda 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalı olması ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, hər hansı bir qəza nəticəsində avtomobilin bazar qiymətinin düşməsi realdır və bu da müqavilədə qeyd edilib-edilməməsindən asılı olmayaraq icarədarın zərəridir. Həmin şərtin müqavilədə xüsusi rolu olmasa da müqavilədə qeyd edilməklə daha konkretləşdirilmişdir. Lakin, tələbin qeyd edilən məbləğdə təmin edilməsi üçün bu hadisədə müqavilə şərtinin gerçəkləşib-gerçəkləşmədiyi müəyyən edilməlidir. Belə ki, həmin bəndə əsasən hadisə zamanı avtomobilə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 %-dək olduqda 1000 manat tutulmalıdır. Hazırkı iş üzrə avtomobilə dəymiş zərər 1492 manat məbləğində müəyyən edilmişdir ki, bu da avtomobilin ümumi dəyərinin 20 %-dən artıq deyildir və müqavilə şərtində də konkret olaraq 1000 manat göstərilmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1862 manat faiz borcu hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsini icarə müqaviləsinin 3.12-ci bəndinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 % qədərində faiz hesablanmalı olması ilə əsaslandırmışdır. Lakin, hansı hesablamaya əsasən 1862 manat tutulmalı olması iddia ərizəsindən aydın deyil. Qeyd olunmalıdır ki, tələbin həmin hissəsi faiz borcu şəklində qeyd olunsa da mahiyyətcə dəbbə puludur. Tələb olunan dəbbə pulu isə həddindən artıq çoxdur. İcarə müqaviləsinin predmeti olan avtomobilin dəyəri yüksək deyildir. İddiaçı təmirin qiymətindən də daha artıq məbləği dəbbə pulu şəklində tələb edir. Odur ki, dəbbə pulu azaldılmalı, lakin, tamamilə əhəmiyyətsiz hala da gətirilməməli, işin halları baxımından 100 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 70 manat dövlət rüsumunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırkı iddia tələbi üzrə cavabdehdən tutulmalı olan məbləğ 3152 manat olduğundan cavabdehdən iddiaçının xeyrinə 51.52 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1492 manat dəymiş zərər, 560 manat təmir müddəti üçün icarədara ödənilməli məbləğ (əldən çıxmış fayda), 1000 manat dəyərdən düşməyə görə icarəçidən tutulmalı məbləğ və 100 manat faiz borcu (dəbbə pulu), cəmi 3152 manat vəsait və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 51.52 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3152 (üç min yüz əlli iki) manat vəsait və ödənilmiş 51.52 manat (əlli bir manat əlli iki qəpik) dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 3152 (üç min yüz əlli iki) manat vəsait və ödənilmiş 51.52 manat (əlli bir manat əlli iki qəpik) dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar