Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-195/2025 17.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi “nikah haqqında şəhadətnamədə düzəliş edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşının ata adının nikah haqqında şəhadətnaməsində səhv yazılmasını nəzərə alaraq həmin sənədə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ərizəçinin ərizəsindən göründüyü kimi o, vətəndaşlıq vəziyyəti aktında, yəni nikah haqqında şəhadətnamədə səhvin düzəldilməsini məhkəmədən xahiş edir ki, bu cür səhvin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılmalıdır. İş materiallarından göründüyü kimi Ərizəçi Abşeron rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qurum tərəfindən nikah haqqında akt qeydində müvafiq düzəlişin edilməsindən imtina olunmuşdur. Bu halda isə qanunvericiliyin tələbinə əsasən Ərizəçi tərəfindən həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. MPM-in: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə Ərizəçi “nikah haqqında şəhadətnamədə düzəliş edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-195/2025
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-195/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver