Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-323/2023 28.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “qohumluq faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 dekabr 1980-ci il tarixdə Xankəndi şəhərində doğulmuş və 26 mart 2023-cü il tarixdə Göygöl rayonunda vəfat etmiş X4 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 2002-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Anası Novruzova (qızlıq soyadı Kərimova) Günel Vəzir qızı atası X7 ilə ailə quran zaman anasının 15 yaşı, o doğulan zaman isə 16 yaşı olmuşdur. Yəni, o doğulan zaman anası yetkinlik yaşına çatmadığı üçün atasıyla anası nikah bağlaya bilməmişlər. Buna görə o doğulan zaman atalıq müəyyən edilməmiş və onun doğum şəhadətnaməsində ata qrafasında atasının soyadı Kərimov kimi qeyd edilmişdir. Atası ilə anası 16 iyun 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Anasıyla atasının birgə nikahlarından onunla birlikdə 3 övladları dünyaya gəlmişdir. Digər bacısının və qardaşının atalığı müəyyən olunmuşdur. Yalnız onun doğum şəhadətnaməsində atasının soyadı Kərimov göstərilmişdir. O, hazırda Gəncə Dövlət Universitetində 4-cü kursda oxuyur. Təhsilini bitirdikdən sonra dövlət qulluğuna və MİQ imtahanlarında iştirak etmək üçün sənəd vermək istəyir. Buna görə atalığının müəyyən edilməsini vacib hesab edir. Lakin, müraciət etdiyi Maraqlı şəxs onun doğum qeydində ata adının X3 qeyd edilməsindən imtina etmişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Atası 26 mart 2023-cü il tarixdə vəfat etmişdir. X1 övladı olmağını atasının anası X2 və anasının anası X6 təsdiq edə bilərlər. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi “qohumluq faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin şəxsin onun “atası olması faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən həmin faktlar fərqli hüquqi əhəmiyyəti olan faktlardır və həmin faktların xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsinin hüquqi nəticələri də tamamilə fərqlidir. Həmçinin, qeyd olunmalıdır ki, atalığın müəyyən olunması atanın sağ olduğu dövrdə və birmənalı olaraq iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Hazırkı ərizədə qeyd edilənlərə əsasən atası olması (atalıq) faktı deyil, atalığın etiraf olunması (atalığın tanınması) faktı məhkəmə qaydasında müəyyən edilə bilər. MPM-in: 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №li Qərarının: 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir; 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:
1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır; 11.2-ci bəndində qeyd edilmişdir ki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır; 11.3-cü bəndində qeyd edilmişdir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Tural Ələkbərov