Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-324/2023 28.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 24 avqust 1982-ci il tarixdə Xankəndi şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1956-cı il tarixdə Xankəndi şəhəri, Kosalar kəndində anadan olmuş, məcburi köçkündür. Hazırda Xocalı rayonunda rəsmi qeydiyyatda olsa da müvəqqəti olaraq Yevlax şəhəri, 32-ci məhəllə, bina 5, mənzil 45-də yaşayır. O, 14 iyul 1979-cu il tarixdə Ağdam rayonu, Abdal kənd sakini X2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur (əri 13 noyabr 2021-ci il tarixdə vəfat etmişdir). Birgə nikahdan onların iki övladı olmuşdur: 11 iyul 1980-ci il təvəllüdlü oğlu X4 və 24 avqust 1982-ci il təvəllüdlü oğlu X3. Hazırda verdiyi iddianın mahiyyəti də oğlu X1 doğum faktının təsdiq edilməsi ilə bağlıdır. Belə ki, oğlu 24 avqust 1982-ci il tarixdə Xankəndi şəhərində anadan olmuş, doğulduqdan sonra oğluna doğum haqqında şəhadətnamə də alınmışdır. Lakin, oğluna məxsus olan sənədlər, xüsusilə də həmin şəhadətnamə ermənilərin Xocalını işğal etməsi nəticəsində orada qalmışdır. Hazırda Xocalı rayonunda arxiv də mövcud olmadığı üçün onlar həmin sənədlərin dublikatını və ya kötüyünü də ala bilmir. Hazırda oğlundan onlara qalan yeganə sənəd oğlunun çəkdirdiyi bir ədəd fotoşəkildir. Belə ki, oğlunun özü hazırda yaşamır, məlum Xocalı faciəsi zamanı, yəni 26 fevral 1992-ci il tarixdə erməni gülləsi ilə vurularaq ölmüşdür (şəhid olmuşdur). Bu faktdır və bu faktı məhməkə iclasında çoxsaylı şahidlər də təsdiq edə bilərlər. Hazırda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət edərək uşağa doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, şöbənin müvafiq məktubu ilə bundan imtina edilmişdir (Xocalı rayon Qeydiyyat şöbəsi mövcud olmadığı üçün o, yaşadığı ərazi üzrə Maraqlı şəxsnə müraciət etməyə, həmçinin iş üzrə maraqlı şəxs qismində Maraqlı şəxs yazmağa məcbur olmuşdur). O, oğluna şəhidlik statusu almaq istəyir. Lakin, bunun üçün ondan oğlunun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Məlumdur ki, ölüm haqqında şəhadətnaməni almaq üçün ilk öncə doğumu təsdiq edərək doğum haqqında şəhadətnaməni almaq zəruridir. Ona görə də o, hazırkı iddianı qaldırmaq məcburiyyətindədir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçinin oğlunun doğum haqqında şəhadətnaməsi mövcud olmuş, lakin Xocalı rayonunda qalmış, hazırda Xocalı rayonunda arxiv də mövcud olmadığı üçün şəhadətnamənin dublikatını və ya kötüyünü də ala bilməmişlər. Yəni, ərizəçinin oğlunun doğum faktı müəyyən edilmiş və bu barədə doğum haqqında akt qeydi tərtib edilmişdir ki, hazırkı halda yenidən onun doğulmağı faktının müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkünsüzdür. Çünki, ərizəçi müəyyən olunmuş faktın yenidən müəyyən olunmasını xahiş edir. Doğum faktının müəyyən olunmasından o vaxt söhbət gedə bilər ki, doğum aktı mövcud olmasın. Həmin sənədin mövcudluğu təsdiq olunmadığı halda şəxsin doğum faktı müəyyən edilə bilər. Ərizəçinin bildirdiyinə görə doğum faktı qeydə alınmış, lakin həmin qeydlər müvafiq qeydiyyat orqanlarında saxlanılmamış və onların bərpası müəyyən səbəblərdən mümkün olmamışdır. Belə olan halda doğum faktı deyil, doğumun qeyd edilmə faktı müəyyən edilə bilər. Başqa sözlə, doğum faktının müəyyən edilməsi həmin faktın əvvəllər müəyyən olunmadığı, indiki halda isə ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi halda mümkündür. Bu halda, doğum faktı məhz məhkəmə qaydasında müəyyən edilə bilər. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №li Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(070)-324/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-324/2023
28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver