Məhkəmə qərarları › İş №2(070)-397/2024

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-397/2024

29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-397/2024 29.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində göstərilməklə) “övladlığa götürmə faktının müəyyən edilməsinə dair” ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18 may 1997-ci il tarixdə doğulmuş X1 xx.xx.1999-cu il tarixdən onun və X2 tərəfindən övladlığa götürülmə faktının təsdiq edilməsi və həmin faktın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qanunun tələbindən göründüyü kimi məhkəmə tərəfindən övladlığa götürmənin qeyd edilmə faktı müəyyən edilə bilər. Lakin nəzərə alınmalıdır ki, övladlığa götürmənin qeyd edilmə faktının mahiyyətinə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarında (bundan sonra - Plenum Qərarı) aydınlıq gətirilmişdir. Belə ki, Plenum Qərarının: 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər; 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Plenum Qərarından göründüyü kimi MPM-in 307.2.3-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamalıdır; - vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən onların bərpası mümkün olmamalıdır. Məhz bu şərtlər birlikdə mövcud olduqda, həmçinin qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda övladlığa götürmənin qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Lakin, ərizəçinin ərizəsindən də göründüyü kimi xx.xx.1997-ci il təvəllüdlü X1 Ərizəçi tərəfindən övladlığa götürülməsi rəsmiləşdirilməmiş, buna dair qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət olunmamışdır. Yəni, xx.xx.1997-ci il təvəllüdlü X1 Ərizəçi tərəfindən övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanda qeyd edilməmişdir. Belə qeyd olmadığı təqdirdə məhkəmə tərəfindən övladlığa götürmə faktının qeyd edilməsi halı istisna olunur. Həmçinin, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır və MPM-in 307.2 və 307.2.11-ci maddələrinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə də məhkəmə baxır. Lakin nəzərə alınmalıdır ki, ərizəçinin hazırkı xahişi həmin maddənin də təsir dairəsinə düşmür. Belə ki, Plenum Qərarının 13-cü bəndinə əsasən MPM-in 307.2.11-ci maddəsinə uyğun olaraq faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Göründüyü kimi MPM-in 307.2.11-ci maddəsinə uyğun olaraq faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməlidir. Nəzərə alınmalıdır ki, övladlığa götürmə ilə bağlı qanunvericilikdə (Azərbaycan Respublikası Ailə Məcəlləsi və MPM-də) xüsusi normalar nəzərdə tutulmuşdur və hazırkı halda MPM-in 307.2.11-ci maddəsi çərçivəsində belə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi zamanı həmin normaların tələblərinə riayət edilməsi mümkünsüzdür. MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə Ərizəçi (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində göstərilməklə) “övladlığa götürmə faktının müəyyən edilməsinə dair” ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar